Məhkəmə qərarları › İş №2(005)-3979/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3979/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3979/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat məbləğində vəsaitin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 95 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 10000 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 2000 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan borc öhdəliyini qismən icra etmişdir. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixinə cavabdehin ümumilikdə 7500 manat ödənilməmiş borc öhdəliyi vardır. Müqavilənin 2.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranır. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehin qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbində qeyd olunan borcu qəbul etdiyini, onlar arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərlə əlaqədar əvvəllər 10 min manatdan çox borcu yarandığını, onun bir hissəsini ödədiyini, imkanı olmadığından ödəniş edə bilmədiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, “borclu” Cavabdeh “kreditor” İddiaçı MMC-yə 10000 manat borcu odluğunu etiraf etmiş və həmin məbləği 5 aya, yəni xx.xx.2021-ci il tarixdən hər ay 2000 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən İddiaçı MMC-yə 7500 manat borc öhdəliyi mövcuddur; İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, 7500 manat borcun qaytarılması xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borcun etirafı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixində tərəfər borcun etirafına dair müqavilə bağlamış, müqaviləyə əsasən “borclu” Cavabdeh 10000 manat məbləğində borcu etiraf etmiş və həmin məbləği 5 ay müddətinə, ayda 2000 manat ödəmək şərti ilə “kreditor” İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı qeyd edilən 10000 manat borcdan 2500 manat ödənişin aparıldığını bildirərək, 7500 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Həmçinin cavabdeh məhkəmə iclasında 7500 manat borcunun olduğunu etiraf etmişdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli borcun etirafı müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, müqavilənin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh bir neçə məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən 7500 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə 7500 manat pul və ödənilmiş dövlət rüsumuna görə 95 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə 7500 (yeddi min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 95 (doxsan beş) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar