Məhkəmə qərarları › İş №2(005)-3995/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3995/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3995/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X6 qızının, İddiaçının nümayəndəsi və vəkili Vəkil oglunun, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit sazişinin ləğv olunması və kredit öhdəliklərinin tam icra olunmuş hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit sazişinin ləğv olunması və kredit öhdəliklərinin tam icra olunmuş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında olan 31.05.2018-cı il tarixli RD/88904/63 saylı kredit sazişinin ləğv edilməsi və həmin saziş üzrə kredit öhdəliklərinin tam icra olunmuş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli (Müştərilərə Kreditləsmə və Xidmət şərtləri kə birlikdə müqavilə məfhumunu əmələ gətirən) Kredit Sazişinə əsasən, Bank ona illik 29.87 (iyirmi doqquz tam yüzdə səksən yeddi) və FİFD 30.36 (otuz tam yüzdə otuz altı) faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsi şərti ilə 7811.08 manat məbləğində kredit vəsaiti vermişdir. Həmçinin İB-RD/33556/53/18 nömrəli (Müştərilərə Kreditləşmə və Xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirən) Saziş bağlanmışdır. 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli Kredit Sazişinin Əlavə N1 əsasən, aylıq ödənişlər 252.09 (iki yüz əlli iki, 09 qəpik) manat təşkil etmişdir. İddiaçı 29 mart 2018-ci il tarixinə kimi kredit ödənişlərimi vaxtında etmiş, lakin sonradan ödənişlərimdə gecikmələr yaranmışdı. Kreditin aylıq ödənişlərinin gecikməsinə səbəb iş yerinin bağlanması və işsiz qalmağı olmuşdur. Kredit ödənişləri gecikmə etdiyinə görə mütəmadi olaraq ona və ailə üzvlərinə Bankın Problemli kreditlərlə iş şöbəsindən əməkdaşlarının zəngləri başladı, onu məhkəməyə verəcəklərini, ev əşyalarımı götürəcəklərini və barəsində daha ciddi tədbirlərin görürməsini bildirmişlər. O isə Azərbaycan dilini pis bildiyinə görə hər dəfə çağırış zaman Banka gedirdi, əməkdaşlarla ödənişlərin azaldılmasını və vaxtının uzadılmasını xahiş edirdi. Nəhayət uzun söhbətlərdən sonra Bank ona zaminlik saxlanmaqla borcun yeni ödəniş qrafikin açılmasını təklif etmişdir. Hətta ödənişləri vaxtında və lazımi qaydada ödəyəcəyi təqdirdə müvafiq güzəştlərin olunacağını bildirmişlər. İddiaçı da razılaşmışdır. Beləliklə, Cavabdeh ASC ilə İddiaçı arasında tərtib edilmiş və imzalanmış 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişinə əsasən, ona 8015.12 (səkkiz min on beş, 12 qəpik) manat məbləğinin illik 26.87 faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsinə dair öhdəlik yaradılmışdır. "Bank of Baku” ASC ilə İddiaçı arasında 31.05.2018-ci il tarixli Müştərilərə kreditləşmə və Xidmət şərtləri bağlanmışdır. O 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazışinə əsasən aylıq ödənişlərini başlamış və 22 aprel 2021-ci il tarixinə kimi aya 245 manat məbləği ilə ödənişləri həyata keçirmişdir. Sonradan ona məlum olmuşdur ki, Bank onu aldatmış və 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli Kredit Sazişi üzrə ödənilməyən əsas kredit borcunu və hesablanmış faiz borcunu kapitallaşdıraraq yeni illik faiz dərəcəsi ilə ona ödətdirmişdir. Qısa şəkildə desə: “faiz məbləğinə faiz məbləği hesablanmışdır.: Hələ o aldanmağına baxmayaraq özü başa düşmədən bir müddət ödəniş etmişdir. Lakin aprel 2021-ci il tarixində ödənişləri dayandırmış və bu barədə Banka məlumat vermişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil oglu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı qəbul etməyib izahatında bildirmişdir ki, iddiaçı kredit müqaviləsini onun şərtləri ona izah olunduqdan sonra imzalamış və bir neçə il ödəniş etmişdir. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazışinə əsasən, Bank iddiaçıya illik 26.87 faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsi şərti ilə 8015.12 manat məbləğində kredit vəsaiti vermişdir. Mülki işin materiallarında olan kredit sazişinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, X3 8015.12 manat məbləğində krediti illik 60 ay müddətinə hər ay 244.12 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər; - 422.4-cu maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli (Müştərilərə Kreditləsmə və Xidmət şərtləri kə birlikdə müqavilə məfhumunu əmələ gətirən) Kredit Sazişinə əsasən, Bank ona illik 29.87 və FİFD 30.36 (otuz tam yüzdə otuz altı) faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsi şərti ilə 7811.08 manat məbləğində kredit vəsaiti vermişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazışinə əsasən, Bank iddiaçıya illik 26.87 faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsi şərti ilə 8015.12 manat məbləğində kredit vəsaiti vermişdir. Mülki işin materiallarında olan kredit sazişinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, X3 8015.12 manat məbləğində krediti illik 60 ay müddətinə hər ay 244.12 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Araşdırma zamanı iddiaçı şəxsin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 31.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilmiş 31.05.2018-cı il tarixli sazişinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə İddiaçı 31.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilmiş 31.05.2018-cı il tarixli sazişinin ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin müqavilə bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmamış və həmin müqavilələrin ləğv edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Məhkəmə İddiaçı əsas tələbinin yəni, kredit sazişinin ləğv edilməsi tələbinin təmin olunmadığını nəzərə alıb hesab edir ki, iddiaçı şəxsin törəmə tələbi olan müqavilə üzrə “saziş üzrə kredit öhdəliklərinin tam icra olunmuş hesab olunması” tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin və əlavə razılaşmaların ləğv olunaraq hesablanmış faizlərin silinməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit sazişinin ləğv olunması və kredit öhdəliklərinin tam icra olunmuş hesab olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar