Məhkəmə qərarları › İş №2(005)-4013/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4013/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4013/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Qurbanova Səkinə Nadir qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 20 dekabr 2022-ci il tarixdə Cavabdeh arasında bağlanmış nisyə-alqı-satqı müqaviləsinin ləğv edilməsini 600 manat pulun, 90 günü cəriməsi (dəbbə pulu) 270 manat və ödənilmiş dövlət rüsumu olan 30 manat cəmi 900 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən satıcı olan fizki şəxs İddiaçı tərəfindən alıcı olan Cavabdeh dəyəri 600 manat olan 1 ədəd mətbəx mebeli, 3 ay müddətinə, hər ay 200 manat ödəmək şərtilə satılmışdır. Cavabdeh qeyd edilən müqavilənin şərtlərini pozaraq, heç bir ödəniş etməmişdir. Ümumi olan pul məbləğini bugünədək ödəməmişdir. Hazırda cavabdehin ödəmədiyi 600 manat, həmçinin ödənişi gecikdirdiyi hər gün üçün cəmi 270 manat borcu vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında olan müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xxxxxxx nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən “Satıcı” İddiaçı “Alıcı” Cavabdeh siyahısı müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən malları satır, alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Cavabdeh ilkin ödəniş olaraq, 350 manat ödəniş etmiş, aylıq 200 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdehin ödənilməyən əsas borcu 600 manat təşkil edir. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimələrin miqdarının azaldılaraq, 60 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. MM-nin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, müqavilənin ləğvi barədə tələb təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xxxxxxx nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilsin, həmin müqavilə üzrə əsas borca görə 600 manat, cərimə borcuna görə 60 manat, cəmi 660 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xxxxxxx nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilsin, həmin müqavilə üzrə əsas borca görə 600 (altı yüz) manat, cərimə borcuna görə 60 (altmış) manat, cəmi 660 (altı yüz altmış) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar