Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4018/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5100 manat əsas, 677,18 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5797,18 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 78,38 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizənianketi imzalamaqla “Ümumi Oferta" ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1 -ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 27,60% olmaqla 5100 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış ümumi ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16 sentyabr 2024, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 5100 manat əsas, 677,13 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5797,18 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh əvvəl işlədiyi dövrdə kredit götürdüyünü, işlədiyi zamanlarda borcu vaxtlı-vaxtında ödədiyini, lakin işdən çıxdıqdan sonra ödəyə bilmədiyini, iddia tələbinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi, xx.xx.2023-cü il tarixli SMS bildiriş, xx.xx.2024-cü il tarixli arayışa əsasən “Bank” “Müştəri”yə 35 ay müddətinə, illik 27,6 faiz ödəmək şərtilə, 5100 manat kredit limiti ayırmağı, borcalan isə onu qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış AGİD**********0 saylı kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2024-cü il tarixinə 5100 manat əsas, 677,18 manat faiz, 20 manat cərimə borcu mövcuddur; - xx.xx.2024-cü il tarixli bildirişə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh borcunun olması və onun tam şəkildə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - xx.xx.2023-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək olan dövr üçün hesabdan çıxarışa əsasən Cavabdeh ona məxsus hesab üzrə müvafiq xərcləmələr həyata keçirmişdir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 78,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixində tərəflər kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən "xxxx" ASC “borclu” Cavabdeh 5100 manat məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək müqavilə üzrə yaranmış əsas borca görə 5100 manat, faiz borcuna görə 677,18 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 5797,18 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən cavabdehə 35 ay müddətinə, illik 27,6 % olmaqla 5100 manat məbləğində kreditin verilməsi kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə, həmçinin cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Faiz borcu ilə bağlı qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia faiz borcuna görə 677,18 manat pulun tutulması hissəsində qismən təmin edilməli, bildirişin tərəfə göndərildiyi tarixə-xx.xx.2024cü il tarixinə olan məbləğdə, yəni 453,68 manat hissədə təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və kredit müqaviləsi üzrə cərimənin məbləği əsas borca mütənasib olduğundan, 20 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 5100 manat, faiz borcuna görə 453,68 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 5573,68 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 78,38 manat pulun 75 manatı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 5100 manat, faiz borcuna görə 453,68 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 5573,68 (beş min beş yüz yetmiş üç manat, altmış səkkiz qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 78,38 manat pulun 75 (yetmiş beş) manatı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4018/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4018/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver