Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-402/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC -yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 il müddətində kirayə haqlarını ödəməyərək ona vurduğu maddi zərərə görə 48000 (qırx səkkiz min) manat pulun Cavabdeh MMC-dən tutulması, 01.12.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, ödənmiş dövlət rüsumunun cavadehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ("xxxx"MTK) ilə aralarında 01 noyabr 2017-ci il tarixli 28 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə mülkiyyətində olan mənzili və qeyri-yaşayış sahəsini söküntü üçün “EvroStroy-S.S." MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 137 000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı 137.000 manat məbləği vaxtından əvvəl ödəyərək öz öhdəliyini tam olaraq icra etmişdir. Razılaşmaya əsasən 20 ay ərzində iddiaçı təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacağını, buna səbəb isə həmin həmin kirayə haqqlarının müqabili ona verilmiş ümumi sahəsi 145,6 kv.m qeyri-yaşayış sahəsinin ümumi dəyərinin bir hissəsi ilə əvəzlənəcəyini bildirmişdir. 01.11.2017 ci il tarixli 128 saylı müqavlənin şərtlərinə görə "xxxx"MMC almış olduğu 145,6 kv.m qeyri-yaşayış sahəsini 1 sentyabr 2019-cu ildə ona təhvil verməli idi. Lakin bu günə kimi müqavilənin şərtləri "xxxx" MMC tərəfindən yerinə yetirilmədiyi üçün iddiaçı öz əmlakına sahiblik edə bilmir və bu onu maddi itkilərə məruz qoyur. Cavabdehə müvafiq müqavilənin tələblərini rəhbər tutaraq pretenziya məktubu ilə müraciət etmiş və ona vurduğu maddi zərərə görə kompensassiyanı ödəməsini xahiş etmişdir. Lakin məsələnin həlli ilə bağlı heç bir müsbət tədbir görülməmişdir. Odur ki, iddia ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC ilə aralarında 01 noyabr 2017-ci il tarixli 128 nömrəli müqavilə bağlanmışdır. Sözü gedən müqavilənin şərtlərinə əsasən mülkiyyətində olan sahəsi 21.6 kv.m olan mənzili və sahəsi 50.1 kv.m olan qeyriyaşayış sahəsini söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi, əlavə olaraq 137.000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində isə "xxxx" MMC yeni tikilmiş binanın E girişində qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində sahəsi 72.8 kv.m olan sahəni və qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində sahəsi 72.8 kv.m olan sahəni ümumilikdə sahəsi 145,6 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə nəzərdə tutulan öhdəliyini vaxtından əvvəl icra edərək 137000 manat pulu sözü gedən şirkətə tam ödəmişdirm. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən isə yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək mülkiyyətçilərin müvəqqəti yaşayış məqsədilə yaşadıqları evin kirayə haqqını ödəmək öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Həmçinin müqavilənin 2-ci maddəsində göstərilmişdi ki, 20 ay müddətində yeni binanın tikintisi başa çatdırılaraq mülkiyyətçilərə təhvil veriləcək və hər hansı bir səbəb üzündən tikinti işləri 20 ay müddətində başa çatdırılmadığı halda mülkiyyətçilərə kirayə haqqı üçün ödənilən ödənişin müddəti mənzil istismara qəbul edilib ev mülkiyyətçilərə təhvil verilənədək uzadılacaq. Lakin Cavabdeh MMC ilə aralarında olan razılaşmaya əsasən 20 ay ərzində o təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacağı buna səbəb isə həmin həmin kirayə haqlarının müqabili ona verilmiş ümumi sahəsi 145,6 kv.m olan qeyri-yaşayış sahəsinin bir hissəsinin ödənişi ilə əvəzlənəcəkdi. Göründüyü kimi müqavilə 5 dekabr 2017-ci il tarixində bağlandığından müqavilə ilə nəzərdə tutulmuş 20 ay müddəti 2019-cu ilin sentyabr ayında tamamlanmışdır. Lakin sözü gedən müddətin üstündən 2 il keçməsinə baxmayaq Cavabdeh MMC hələ də binanın tikintisini başa çatdırmamış və müqavilədə göstərilən qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməmişdir. Müqavilənin şərtlərindən də məlum olur ki, 2019-cu ilin sentyabr ayında yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTK tərəfindən mülkiyyətçilərə təhvil verilməli idi. Aralarında olan razılığa əsasən o bu 20 ay müddətində kirayə haqqını özü ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin göründüyü kimi müqavilə ilə nəzərdə tutulan müddətin üstündən 2 il keçib və o 2 ildir ki, kirayə haqqımı özü ödəyir. Halbuki, razılaşmaya əsasən hər hansı bir fors-major halın baş verdiyi təqdirdə binanın təhvil verilməsinin gecikməsi halı baş verərsə o yenə də, 20 aydan əlavə kirayə haqqını özü ödəcəyi ilə bağlı bir öhdəliyi üzərinə götürməmişdir. Qeyd olunan yerdə bu ölçüdə qeyri-yaşayış sahəsinin aylıq kirayə bazar qiyməti təxminən iki min manatdır. Ötən iki il ərzində bu məbləği toplasaq 48.000 manat pul edir. İddiaçı bu pulu "xxxx" MMC-dən bir neçə dəfə şifahi istəsə də, şirkətin əməkdaşlar ona real bazar dəyərindən çox aşağı pul təklif etmişlər və heç bir ödəniş etməmişlər. Həmin müqavilənin 3cü maddəsinin şərtlərinə əsasən hər hansı fors-major vəziyyətin yaranması ilə əlaqədar tərəflərdən biri müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədikdə 3 (üç) iş günü ərzində belə bir vəziyyətin olması haqqında qarşı tərəfə yazılı məlumat verməlidir. Bu haqda iddiaçıya heç bir məlumat verilməmişdir, odur ki, sözü gedən vəziyyətin hər hansı fors-major halın baş verməsilə əlaqədar olmasından söhbət gedə bilməz. Göründüyü kimi artıq 2 ildir ki, müqavilənin şərtləri Cavabdeh MMC tərəfindən kobud şəkildə pozulur və nəticədə o yetərincə maddi ziyana düşmüşdür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 21.0 kv.m olan mənzil mülkiyyət hüququ kimi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 695 nömrəli reyestr kitabının 65463 nömrəli vərəqində 09.07.2010-cu il tarixdə qeydiyyata alınmışdır; Cavabdeh MMC ilə mülkiyyətçi İddiaçı arasında bağlanmış 01.11.2017-ci il tarixli 128 saylı müqavilənin surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən, yaşayış üçün mülkiyyətçiyə məxsus olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, bu binada “Mülkiyyətçilin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 50.1 kv.m. qeyri yaşayış sahəsinin faktiki sahəsi və 21.6 kv.m mənzilin əvəzində E girişində qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində, ümumi sahəsi 72.8 kv.m olan sahəsini və qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində ümumi sahəsi 72.8 kv.m olan sahəni “Mülkiyyətçi’-nin mülkiyyətinə verməyi, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni Tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 137.000 manat məbləği 5 dekabr (2017-ci il) tarixindən 30 ay ərzində, hər ay 4566 manat ödəməyi öz öhdəsinə götürmüşdür; Eyni zamanda müqavilənin 2.2.1-ci maddəsinə əsasən “mülkiyyətçinin mövcud binadakı mənzildən müvəqqəti yaşayış yerinə köçürülməsi Cavabdeh MMC tərəfindən həyata keçirilməsini təmin etməyi, müqavilədə göstərilən şərtlər əsasında yaşayış üçün təhlükəli olan mövcud binanın söküntüsü üçün şəraitin yaradılması və söküntüsünü təmin etməyi, müqavilənin 2.1.2 bəndində nəzərdə tutulmuş kirayə haqqı rübdə 1 (bir) dəfə, hər rübün İ ayının, “Mülkiyyətçiyə ödənilməsini təmin etməyi, hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə 2.1.2 bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil istismara qəbul edilib ev “Mülkiyyətçi"yə təhvil verilənədək uzadılmasını təmin etməyi, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi"yə mənzili təhvil verməyi öhdəsinə götürmüşdür; İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 18.10.2021-ci il tarixli pretenziyanın məzmununda “Sizinlə aramızda 01 noyabr 2017-ci il tarixli 128 nömrəli müqavilə bağlanmışdır. Sözü gedən müqaviləyə əsasən mülkiyyətimdə olan mənzili və qeyri-yaşayış sahəsini söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 137 000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat ödəməyi öhdəmə götürmüşəm. Hal əvvəl ödəyərək öz öhdəliyimi tam olaraq icra etmişəm. Razılaşmamıza əsasən 20 ay ərzində mən təhvil verdiyim qeyri yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacaqdım buna səbəb isə həmin kirayə haqlarının müqabili mənə verilmiş ümumi sahəsi 145,6 kv.m qeyri-yaşayış sahəsi ilə əvəzlənəcəkdi. Aramızda bağlanmış 01.11.2017-ci il tarixli 128 saylı müqavilənin şərtlərinə görə sizdən almış olduğum 145,6 kv.m qeyri-yaşayış sahəsi 1 sentyabr 2019-cu ildə mənə təhvil verilməli idi. Lakin bu günə kimi müqavilənin şərtləri sizin tərəfinizdən yerinə yetirilmədiyi üçün mən öz əmlakıma sahiblik edə bilmirəm və bu məni maddi itkilərə məruz qoyur. Qeyd olunan yerdə bu ölçüdə qeyri yaşayış sahəsinin aylıq kirayə bazar qiyməti təxminən iki min manatdır. Ötən iki il ərzində bu məbləği toplarsaq 48000 manat pul edir. Mən bu pulu sizdən bir neçə dəfə şifahi istəsəm də, sizin əməkdaşlar mənə real bazar dəyərindən çox aşağı pul təklif etmişlər və heç bir ödəniş etməmişlər. Odur ki, sizdən xahiş edirəm ki, qeyri-yaşayış sahəmə dair ödənilməli olan icarə haqqının müqabilində 48000 manat pulu mənə ödəyəsiniz və 01.11.2021-ci il tarixdən isə hər ay bina mənə təhvil verilənə kimi aylıq 2000 manat pul ödəyəsiniz. Sözü gedən məsələ ilə bağlı 7 (yeddi) iş günü ərzində müvafiq tədbir görərək mənə məlumat verməyinizi Sizdən xahiş edirəm” göstərilmişdir; "xxxx" MMC-nin 02.12.2021-ci il tarixli, 01/21-580 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Vəkil küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m olan (1ci mərtəbə üzrə 72.80 kv.m, 2-ci mərtəbə üzrə 72,80 kv.m) qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) 02.12.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil edir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ("xxxx"MTK) ilə İddiaçı arasında 01 noyabr 2017-ci il tarixli 28 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə mülkiyyətində olan mənzili və qeyri-yaşayış sahəsini söküntü üçün “EvroStroy-S.S." MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 137 000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər Arasında razılaşmaya əsasən 20 ay ərzində iddiaçı təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacağını, buna səbəb isə həmin həmin kirayə haqqlarının müqabili ona verilmiş ümumi sahəsi 145,6 kv.m qeyri-yaşayış sahəsinin ümumi dəyərinin bir hissəsi ilə əvəzlənəcəyini bildirmişdir. Qeyd edilən müqaviləyə görə "xxxx"MMC almış olduğu 145,6 kv.m qeyri-yaşayış sahəsini 01.09.2019-cu ildə təhvil verməli idi. Cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş, həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən isə yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək mülkiyyətçilərin müvəqqəti yaşayış məqsədilə yaşadıqları evin kirayə haqqını ödəmək öhdəliyini Cavabdeh MMC üzərinə götürmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş ekspert rəyinə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Vəkil küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m olan (1-ci mərtəbə üzrə 72.80 kv.m, 2-ci mərtəbə üzrə 72,80 kv.m) qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) 02.12.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil edir. Belə olan halda, iddiaçıya kirayə haqqı məbləği 24 ay müddətində ödənilməmiş, həmin məbləğ cavabdehdən haqlı olaraq tələb olunur. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan təxmini 2 ildən çox müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi cavabdehin təşkilatın təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymiş, əmlakı bərpası mümkünsüz olan vəziyyətə gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən əmlakın dəyərinin iddiaçıya ödənilməsi ədalətli və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 48.000 manat (24 ay x 2000 manat = 48 000 manat )cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, iddia tələbinin “01.12.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Belə ki, gələcəkdə müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirilməsi müqavilə tərəflərinin hərəkət və ya hərəkətsizliyindən asılı olduğundan iddianın qeyd olunan hissəsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 24 ay müddətinə ödənilməmiş 48.000 manat kirayə pulu və ödənilmiş 234 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-cim maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 24 ay müddətinə ödənilməmiş 48000 (qırx səkkiz min) manat məbləğində kirayə pulu və 234 (iki yüz otuz dörd) ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-402/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-402/2022
04.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver