Məhkəmə qərarları › İş №2(005)-402/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-402/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-402/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2022-ci il tarixli, 169/SM-22 saylı kredit kredit müqaviləsi üzrə yaranmış 23961.57 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 162 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əsas borca görə 23132,69 manat, faiz borcuna görə 828,88 manat olmaqla, cəmi 23961,57 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5 Olmayan Kredit Təşkilatı" MMC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2022-ci il tarixli, 169/SM-22 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 38250 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 23961.57 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair pretenziya (bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, “X5 Olmayan Kredit Təşkilatı” MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən borc alan tərəfindən kredit üzrə borc verənə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən borc öhdəliyinin icra edilməməsinin “Borc verən” tərəfindən vaxtından əvvəl tələb edilməsi aşağıdakı hallarda mümkündür: a) əlverişsiz şəraitin yaranması nəticəsində “Borc alanın” lazımi qaydada borc ödəmək qabiliyyəti olmadıqda; b) kreditin qaytarılması ilə bağlı “Borc verənə” maddi zərərin vurula biləcəyini güman etməyə əsas verən hallar baş verdikdə, c) bu Müqavilənin müddəaları Borc alan tərəfindən yerinə yetirilmədikdə. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və Tərəflər bu Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün illik 84 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulan hallarda kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. Həmin müqavilənin 15.2-ci bəndinə əsasən bu müqavilə “Borclu”nun “Kreditor” qarşısında öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Həmin müqavilənin 17-ci bəndinə əsasən tərəflər mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. “X5 Olmayan Kredit Təşkilatı" MMC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2022-ci il tarixli İ69/SM-22 saylı kredit müqaviləsi üzrə yaranmış 23961,57 manat məbləğində kredit borcu, həmçinin ödənilmiş 162 manat məbləğində dövlət rüsumu Cavabdeh tərəfindən “X5 Olmayan Kredit Təşkilatı’* MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iddia ərizəsini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “X5 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, N 169/SM-22 saylı kredit müqaviləsinə əsasən borc verən “X5 Olmayan Kredit Təşkilatı” MMC borc alan Cavabdeh 36 ay müddətinə, illik 1 % hesablanmaqla 38250 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; “X5 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış saxlanc girovu haqqında xx.xx.2022-ci il tarixli, N 89318 saylı müqavilənin surətindən görünür ki, 13985 manat dəyərində girov qoyulan qızıl-zinət əşyaları “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin “Borc Alan” a verdiyi 38250 manat məbləğində kreditin xx.xx.2025-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqavləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi lə bağlı zərəri əvəzinin ödəniləcəyinin təminatıdır; Maliyyə arayışının surətindən görünür ki, “X5 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, N 169/SM-22 saylı kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2023-cü il tarixinə 23132,69 manat əsas, 828,88 manat faiz borcu mövcuddur; xx.xx.2023-cü il tarixli bildirişə əsasən “X5 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh borcunun olması və onun tam şəkildə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək olan dövr üçün hesabdan çıxarışa əsasən Cavabdeh məxsus olan hesaba 38250 manat məbləğində “kreditin verilməsi təyinatlı” ödəniş daxil edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9346 saylı rəyinə əsasən, Cavabdeh iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə xx.xx.2023-cü il tarixə olan borcu əsas borc üzrə - 23132,69 manat, faiz borcu üzrə - 481,92 manat, xx.xx.2023-cü il tarixə olan borcu əsas borc üzrə - 23132,69 manat, faiz borcu üzrə - 828,88 manat müəyyən edilir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 162 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixində tərəflər kredit və girov müqaviləsi bağlamış, müqaviləyə əsasən “X5 Olmayan Kredit Təşkilatı” MMC “borclu” Cavabdeh 38250 manat məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək müqavilə üzrə yaranmış əsas borca görə 23132,69 manat, faiz borcuna görə 828,88 manat olmaqla, cəmi 23961,57 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və “X5 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 1 % olmaqla 38250 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Cavabdeh iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə bildirişin göndərildiyi xx.xx.2023-cü il tarixə olan əsas borcun 23132,69 manat, faiz borcunun 481,92 manat olduğu müəyyən edilmişdir. Bu baxımdan əsas borc hissəsində, yəni 23132,69 manat pulun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Faiz borcu ilə bağlı isə qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia faiz borcuna görə 828,88 manat pulun tutulması hissəsində qismən təmin edilməli, bildirişin tərəfə göndərildiyi tarixə-xx.xx.2023cü il tarixinə olan məbləğdə, yəni 481,92 manat hissədə təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 23132,69 manat, faiz borcuna görə 481,92 manat olmaqla, cəmi 23614,61 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 162 manat pulun 160 manatı tutularaq iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 23132,69 manat, faiz borcuna görə 481,92 manat olmaqla, cəmi 23614,61 (iyirmi üç min altı yüz on dörd manat, altmış bir qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 162 manat pulun 160 (yüz altmış) manatı tutularaq iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar