Məhkəmə qərarları › İş №2(005)-406/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-406/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-406/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “AccessBank QSC” arasında bağlanmış 09.12.2020-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 09.12.2020-ci il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alıq-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında 09.12.2020-ci il tarixində AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhərinin 53 saylı xüsusi notariusu O.A.Hüseynov tərəfindən təsdiq edilib). Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 184.36 kv.m olan mənzili alıcı Cavabdeh 225000 manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 09.12.2020-ci il tarixli AN -1№ ******* saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 18750 manat məbləği satıcı "xxxx" QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəyir. Qalan 206250 manat məbləği isə 11 ay müddətinə hər ay 18750 manat ödəmək şərti ilə 09.11.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız ilkin ödəniş olmuşdur. Sözügedən borcun mövcud olmasına dair arayış hazırkı iddia ərizəsinə əlavə edilir. Tərəflər arasında Bakı şəhər 53 saylı notariat kontorunda razılıq əldə olunmuşdur. Lakin Cavabdeh nisyə alğısatqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında imzalanmış 09.12.2020-ci il tarixli AN-L№0905195 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh 16.08.2021-ci il və 22.09.2021-ci il tarixində xəbərdarlıq məktubları göndərilərək, tərəflər arasında razılaşdırılmış hər ay ödəməli olduğu 18750 manat məbləğində pulun ödənilməsi barədə xəbərdar edilmiş, öhdəliyi icra etmədiyi təqdirdə nisyə-alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında 09.12.2020-ci il tarixində bağlanmış AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 184.36 kv.m olan mənzili alıcı Cavabdeh 225000 manat qiymətinə satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 18750 manat məbləği satıcı AccessBank QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəyir. Qalan 206250 manat məbləği isə 11 ay müddətinə hər ay 18750 manat ödəmək şərti ilə 09.11.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin AZ42ACAB**********1000137878 saylı hesabına 09.12.2020-ci il tarixində, 290 nömrəli ödəniş tapşığına əsasən kreditin ödənilməsi üçün 18750.00 (on səkkiz min yeddi yüz əlli) manat daxil olmuşdur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC 09 yanvar 2021-ci il tarixdən etibarən müqavilə üzrə əmlakın qiymətinin 150000 manat məbləğində qalığını banka ödəmədiyi üçün müqaviləni birtərəfli qaydada ləğv etməyi barədə Cavabdeh xəbərdar etmiş və müqavilə üzrə alğı-satqı predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 184.36 kv.m olan mənzil 2 ünvanında yerləşən mənzil sahəsini 20 avqust 2021-cil tarixədək boşaltmaqla banka təhvil verilməsini tələb etmişdir. Əks təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə məlumat vermişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı QSC arasında 09.12.2020-ci il tarixində bağlanmış AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 184.36 kv.m olan mənzili alıcı Cavabdeh 225000 manat qiymətinə satmışdır. Tərəflər arasında imzalanmış 09.12.2020-ci il tarixli AN -1№ ******* saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən, Cavabdeh ilkin olaraq 18750 manat məbləği satıcı "xxxx" QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəməyi, qalan 206250 manat məbləği isə 11 ay müddətinə hər ay 18750 manat ödəmək şərti ilə 09.11.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən yalnız ilkin ödənişin ödənilməsi təmin edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından da görünür ki, öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Tərəflər arasında imzalanmış 09.12.2020-ci il tarixli AN-İ №0905195 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Beləliklə, Cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməyərək 09.01.2021-ci il tarixindən etibarən ödəniş etmir. İddiaçı müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasının davam etməsini müəyyən etdikdən sonra müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə təklif göndərsə də, cavabdeh tərəfindən həmin təklifə heç bir cavab verilməmiş və bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi ləğv edilməli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 184.36 kv.m olan mənzil boşaldılmalı və iddiaçı "xxxx" QSC-yə təhvil verilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh ilə arasında 09.12.2020-ci il tarixində bağlanmış AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 184.36 kv.m olan mənzil boşaldılsın və iddiaçı "xxxx" QSC-yə təhvil verilsin. Cavabdeh 100 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar