Məhkəmə qərarları › İş №2(005)-407/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-407/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-407/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 04.10.2019-cu il tarixli 027A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 6168.23 manat məbləğində kredit borcu, 87.66 manat məbləğində faiz borcu və 3287.29 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9543 (doqquz min beş yüz qırx üç) manat 18 (on səkkiz) qəpik məbləğində borcun və ödənilmiş 115.43 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə 04.10.2019-cu il tarixdə bağladığı 027A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6168.23 (altı min yüz altmış səkkiz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 04.05.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 6168.23 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 15.10.2021-ci il tarixə 529 gün üçün hesablanmış faiz borcu 87.66 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 15.10.2021-ci il tarixə 529 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 3287.29 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ötən məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh4 və Cavabdeh3 verdikləri izahatda bildimişdirlər ki, iddia tələbini qismən edir, öhdəliyini tam icra etmək üçün onlara vaxt lazımdır. Buna görə də, banka olan borcunu ödəmək üçün möhlət verilməsini xahiş etmişlər. Digər cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 04.10.2019-cu il tarixli, 027A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC Cavabdeh4 60 ay müddətinə 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6168.23 (altı min yüz altmış səkkiz) manat məbləğində kredit götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 04.10.2019-cu il tarixli, 027A********** saylı müqaviləyə uyğun tərtib edilmiş ödəniş cədvəlinə əsasən tərəf 04.11.2019-cu il tarixdən 04.09.2024-cü il tarixədək 60 ay ərzində hər ay ödəniş cədvəlinə uyğun ödəniş etməklə ümumi 6359,79 manat məbləği qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 04.10.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 İddiaçı QSC ilə Cavabdeh4 arasında 04.10.2019-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsindən Cavabdeh4 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı QSC qarşısında tam məsuliyyəti və Cavabdeh4 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 İddiaçı QSC ilə Cavabdeh4 arasında 04.10.2019-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsindən Cavabdeh4 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı QSC qarşısında tam məsuliyyəti və Cavabdeh4 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 04.10.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 İddiaçı QSC ilə Cavabdeh4 arasında 04.10.2019-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsindən Cavabdeh4 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı QSC qarşısında tam məsuliyyəti və Cavabdeh4 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; İddiaçı QSC-nin 28.10.2021-ci il tarixli maliyyə arayışına əsasən X3 23.05.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 15.10.2021-ci il tarixinə İddiaçı QSC-yə 6168,23 manat əsas, 87,66 manat faiz, 3287,29 manat cərimə, cəmi 9543,18 manat məbləğində borcu var; İş materiallarında olan məxaric qəbzindən görünür ki, 6168,23 manat məbləğində pul BədəloCavabdeh4 bank tərəfindən verilmişdir. İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış 08.10.2021-ci il tarixli xəbərdarlıq məktublarının surətinə əsasən cavabdehlərdən ayrı-ayrılıqda borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdilər; 03.11.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün iddiaçı tərəfindən 115.43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 04.10.2019-cu il tarixli, 027A********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6168.23 (altı min yüz altmış səkkiz) manat məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 6168.23 manat məbləğində kredit borcu, 87.66 manat məbləğində faiz borcu və 3287.29 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9543 (doqquz min beş yüz qırx üç) manat 18 (on səkkiz) manat məbləğində kredit borcu qalmışdır. İddiaçı QSC Cavabdeh4 04.10.2019-cu il tarixli, 027A********** saylı kredit razılaşması üzrə 15.10.2021-ci il tarixinə İddiaçı QSC-yə 5036168.23 manat məbləğində kredit borcu, 87.66 manat məbləğində faiz borcu və 3287.29 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9543 (doqquz min beş yüz qırx üç) manat 18 (on səkkiz) manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğləri cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 115,43 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış əsas borc, hesablanmış faizləri və cərimə məbləğini tam olaraq ödəmənilməsini tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv olunacağını və məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Bununla belə, məhkəmə cavabdehə ünvanlanmış bu bildirişi iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edilməsi kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iddiaçı hüquqi nəticə etibarı ilə müqavilənin ləğv edilməsi təklifi ilə cavabdehə müraciət etmişdir və bu səbəbdən iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh4 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh4 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində tam təmin edilməli, cavabdehlərdən 6168,23 manat məbləğində kredit borcu, 87.66 manat məbləğində faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən kredit razılaşmaları üzrə 3287,29 manat məbləğində cərimə borcunun yarandığını iddia edir və bu məbləği tələb edir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 500 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında 04.10.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 zamin kimi borcalan Cavabdeh4 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqavilələrində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 115.43 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehlərə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 04.10.2019-cu il tarixli, 027A********** saylı kredit razılaşması üzrə cəmi 6168,23 manat məbləğində kredit borcu, 87,66 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6755,89 manat məbləğində kredit borcu və habelə 115.43 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 04.10.2019-cu il tarixli, 027A********** saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 04.10.2019-cu il tarixli, 027A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 6168,23 (altı min yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat məbləğində kredit borcu, 87,66 (səksən yeddi manat altmış altı qəpik) manat məbləğində faiz borcu və 500 (beş yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6755,89 (altı min yeddi yüz əlli beş manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu, habelə 115.43 (bir yüz on beş manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar