Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4082/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2052.02 (iki min əlli iki manat 02 qəp) manat - bundan 800.59 (səkkiz yüz manat 59 qəp ) manat əsas, 621.41 (altı yüz iyirmi bir manat 41 qəp) manat faiz, 519.25 (beş yüz on doqquz manat 25 qəp) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 110.77 (yüz on manat 77 qəp) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cəmiyyətin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 14.10.2015-ci il tarixdən 14.10.2016-cı il tarixədək ‘'DəmirBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12 (on iki) ay müddətinə 5.000 (beş min) manat məbləğində kredit xətti limiti ayrılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 kredit verilərkən digər Cavabdeh2 ilə 16 oktyabr 2015-ci il tarixli ZM-1371607 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 16 oktyabr 2015-ci il tarixli Kredit müqaviləsinə 18 noyabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsinə dəyişdirilmişdir. Kreditor qarşısındakı kredit öhdəliyinin 4976.69 manat əsas borc, 292.37 manat faiz borcu, 111.29 manat cərimə məbləği olmaqla ilkin ödəniş olaraq 910 manat ödəniş etdikdən sonra cəmi 4.471 manat təşkil edən kreditə çevrilmişdir. Kreditin müddəti 18.05.2018-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********754 saylı 17.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 18.02.2021-ci il tarixə kredit üzrə cəmi borcu 2052 (iki min əlli iki manat, 02 qəpik) manat təşkil edir. Bundan 800.59 (səkkiz yüz manat 59 qəp ) manat əsas, 621.41 (altı yüz iyirmi bir manat 41 qəp) manat faiz, 519.25 (beş yüz on doqquz manat 25 qəp) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 110.77 (yüz on manat 77 qəp) manat faiz borcu təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 ogluna qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 oglunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2015-ci il tarixli 462 nömrəli “Master Gold” kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsinin surətindən və məzmunundan görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12 (on iki) ay müddətinə 5.000 (beş min) manat məbləğində kredit xətti açılmışdır; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 16 oktyabr 2015-ci il tarixli ZM-462 nömrəli Zaminlik müqaviləsinin məzmunundan görünür ki, 16.10.2015-ci il tarixli 462 saylı kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icrası üçün zamin Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüşdür. 18 noyabr 2016-cı il tarixli 0462/1 nömrəli müqaviləyə əlavə sazişdən görünür ki, 0462 saylı 16 oktyabr 2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilənin bir sıra bəndləri dəyişdirilmiş, qalıq qalan 4471 manat məbləği kreditə çevrilmiş və keditin müddəti 18 may 2018-ci il tarixədək təşkil etmişdir. 18 noyabr 2016-cı il tarixli 0462/1 saylı Zaminlik müqaviləsi üzrə Əlavə Sazişin məzmunundan görünür ki, 16 oktyabr 2015-ci il tarixli ZM-462 saylı zaminlik müqaviləsi üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4471 manat təşkil etmiş və kreditin müddəti 16 may 2018-ci il tarixədək uzadılmış, həmçinin müqaviləyə yeni məzmunda 1.3-cü bənd əlavə edilmişdir. 29 mart 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, 18 fevral 2021-ci il tarixədək Cavabdeh1 müvafiq kredit müqaviləsi üzrə 800.59 (səkkiz yüz manat 59 qəp ) manat məbləğində əsas, 621.41 (altı yüz iyirmi bir manat 41 qəp) manat faiz, 519.25 (beş yüz on doqquz manat 25 qəp) manat cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 18 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olan 110.77 (yüz on manat 77 qəp) manat məbləğində faiz olmaqla, ümumilikdə 2052 (iki min əlli iki manat, 02 qəpik) manat məbləğində borcu yaranmışdır; 17 fevral 2021-ci il tarixli bildiriş məktubunun surətindən və məzmunundan görünür ki, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh1 kredit müqaviləsi üzrə borc öhdəliklərinin 3 (üç) gün müddətində ödənilməsi, ödənilmədiyi təqdirdə isə borcun ödənilməsinin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq olunmuşdur; Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 16 oktyabr 2015-ci il tarixli 462 nömrəli “Master Gold” kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh1 ‘'DəmirBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12 (on iki) ay müddətinə 5.000 (beş min) manat məbləğində kredit xətti açılmasına dair Kredit müqaviləsinin müddəti 18 noyabr 2016-cı il tarixli 0462/1 saylı müqaviləyə əlavə sazişlə 18 may 2018-ci il tarixədək uzadılmış və həmin tarixdə bitmişdir. Cavabdehin sonuncu ödənişi 02.10.2017-ci il tarixdə olmuşdur. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq kredit müqaviləsi tərəflər arasında 14.10.2015-ci il tarixdə 12 ay müddətinə bağlanılmış, kreditin bitmə tarixi 14.10.2016-ci il müəyyən edilmişdir. Həmin müqavilənin müddəti 18 noyabr 2016-cı il tarixli əlavə sazişlə 18 may 2018-ci il tarixədək uzadılmışdır. Cavabdehin sonuncu ödənişi 02.10.2017-ci il tarixdə olmuşdur. İddiaçı məhkəməyə 02.08.2021-ci il tarixdə iddia ilə müraciət etmiş, beləliklə iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, müddətin ötməsi səbəbindən iddia tələbi zamin-hazırki iş üzrə digər Cavabdeh2 münasibətdə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 16 oktyabr 2015-ci il tarixli ZM- 462 nömrəli Zaminlik müqaviləsi üzrə 16.10.2015-ci il tarixli 462 saylı kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icrası üçün zamin olan Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüşdür. 18 noyabr 2016-cı il tarixli 0462/1 saylı Zaminlik müqaviləsi üzrə Əlavə Sazişlə kreditin müddəti 16 may 2018-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi zaminliyə onun təmin etdiyi əsas öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni əlavə sazişdə qeyd edilməklə kreditin müddəti tarixini təşkil edən 16 may 2018-ci il tarixdən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə 02 avqust 2021-ci il tarixdə müaciət etmişdir ki, bu da Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddətin ötürülməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4082/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4082/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver