Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-409/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC -nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdehlər Cavabdeh1 (1/2 hissədə) və Cavabdeh2 (1/2 hissədə) delikt nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul tutularaq iddiaçı "Ailə Park” QSC-yə ödənilməsi,İddiaçı QSC tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli 'əyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12,12A, 14,14A, 16,16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinn inşası üçün icarə əsasında “Ailə Park" QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır.Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır.İddiaçı QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir.Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 23 saylı mənzilin sahibi olan cavabdehlər Cavabdeh2 (1/2 hissədə) və Cavabdeh1 (1/2 hissədə) ilə də danışıqların aparılmasına baxmayaraq cavabdehlər QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onlarla razılıq əldə olunması mümkün olmamışdır.Qeyd etmək istəyirik ki, iddiaçı “Ailə Park" QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bəraaərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. QSC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 digər mənzil sahibləri kimi, sahib olduqları 23 saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 47 kv.metr yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı təklif olunur.İddiaçı QSC cavabdehlərin mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 400-dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni mənzilin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Həmçinin QSC öz üzərinə adıçəkilən binanın (sahib olduqları mənzillərin əvəzinə) sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni bina inşa edilərək təmirli mənzillərin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqqlarının verilməsi öhdəliyini götürmüşdür.Cavabdehlər ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Sərəncamın icrası və QSC-nin daha da çox maddi zərərə məruz qalmaması məqsədi ilə tərəfimizdən cavabdehlərə qarşı mübahisəli mənzillərin boşaldılmasına, sökülməsinə, sökülmüş mənzillərin yenisi ilə əvəz edilməsinə və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edilmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-898/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsinin (2(103)-5269/2024) icraatındadır. Cavabdehlər vurulmuş maddi zərərə görə deliktdən törəyən məsuliyyəti daşımalıdır. Cavabdehin etirazı və onun dəlilləri Cavabdehlər Cavabdeh1 və X7 iddia tələbinə yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Etiraz ərizəsi onunla əsaslandırılıb ki, iddiaçının iddia ərizəsində göstərdiyi “əsas” lardan heç biri həqiqətə uyğun deyil. Belə ki, ərazidə ev tikmək üçün doğurdan da iddiaçıya sərəncam verilsə də, ünvan 1 ünvanlı mənzilin yaxud bütün binanın “kəskin qəzalı” vəziyyətdə olması barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən digər sakinlərlə bağladığı müqavilələrin surətləri, həmin şəxslərə “ödədiyi” məbləğlər barədə qəbzlər təqdim edilməmişdir. Beləliklə iddiaçı iddiasının maddi əsaslarını təsdiq edə bilməmişdir. İddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı sərəncam var və onlar da həmin sərəncama uyğun olaraq layihəni icra edirlər. Onlar demək olar bütün binaları sökmüşlər, son olaraq 12 saylı bina qalıb. Lakin, iş üzrə cavabdeh mənzili təhvil verməkdən yayınır, onlarla müqavilə bağlamaqdan imtina edib Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edib və mənzilin sökülməsi üçün təhvil verilməsi, cavabdehlərə kirayə haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilib Lakin cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət qeyri mümkün hesab edilərək geri qaytarılmışdır. Daha sonra cavabdehlər yenidən apellyasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişlər. Müddət bərpa edilsə də, iddiaçı həmin qərardaddan şikayət vermişdir. Cavabdeh öz hüquqlarından suiistifadə edərək əsassız varlanmaq niyyətindədir. Cavabdehlər bir mənzilə görə 2 mənzil istədiklərini bildirirlər. Cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladıqları əvəzləşmə müqavilələri üzrə öhdəliklərinin vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçünnəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur. Belə ki, sökülmüş hər binada 60 mənzilin olmasını və hər bir mənzil sahibinə aylıq 300-400 (ortalama 350) manat məbləğində kirayə haqqının ödənilməsini nəzərə alsaq, binanın sakinlərinə 60 x 350 = 21000 manat məbləğində aylıq kirayə haqqı ödənilir. Bununla yanaşı icarəyə götürülmüş texnikadan (qaldırıcının, ekskovatorun və digər nəqliyyat vasitələrinin) müddətdən artıq istifadəsinə görə QSC hər ay 30 000-40 000 (ortalama 35000) manat məbləğində icarə haqqı ödəmək məcburiyyətindədir. Bundan başqa Bakı şəhəri, Nərimanov raycnu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə “Ailə Park" QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" QSC arasında bağlanmış 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 7.4-cü bəndinə əsasən icarəçi hər il 87751,37 manat məbləğində icarə haqqı ödəyir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında ayrı-ayrılıqda etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdilər. Onlar qeyd etdilər ki, iddiaçı bildirir ki, texnikalar hazırda işləyə bilmir və tikinti yubanır. Lakin tikilməkdə olan və tikintisi bitəcək 2 bina var ki, həmin texnikalar o binalar üçün istifadə edilir. Sərəncamı əsas gətirsələr belə sərəncamın 1-ci bəndində yerli sakinlərlə razılıq əldə edildikdən sonra verilə bilər. Lakin onlarla heç bir razılıq əldə edilməyib, onlar nəyə görə ziyan ödəməlidirlər? Onların yaşadığı binanın bir çox sakinləri ilə razılıq əldə olunmayıb. Hələ bina boşaldılmayıb. Qonşular yaşayır. Onlar sadəcə öz mülkiyyət hüququnu müdafiə edirlər. Hər hansı bir ziyandan söhbət gedə bilməz. İddiaçı mənzil sahiblərinə qarşı eyni cür şərtlər irəli sürmürlər, ədalətsiz davranırlar. İddianın təmin edilməməsini xahiş etmişdir. Mülki işin materialları - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən (yeni qaydalarla: ünvan 3M3,m2 yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində **********21-05101-093053 nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 898/2024 saylı qətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilib.İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 23 saylı mənzilinin əvəzinə həmin ünvanda 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən,sahəsi 47 kv.m olan,təmirli mənzilin ½ hissəsi Cavabdeh2 və ½ hissəsi Cavabdeh1 təhvil verilmişdir.Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 hər ay cəmi 400 manat kirayə haqqı ödənilməsi qət edilmişdir. - xx.xx.2020-ci il tarixli 1572 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki,Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı,xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən,Bakı şəhəri,Nərimanov rayonu,Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır.İcarəverən icarə əsasında sahəsi 2.7520 kv.m olan 49 il müddətinə icarəçinin istifadəsinə verib. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı,xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarş lıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "Ailə Park' Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilib. -Texnikanın icarəyə verilməsi haqqında 1 nömrəli İcarə Müqaviləsindən görünür ki, X8 "xxxx" QSC-nin direktoru X4 arasında bağlanmış müqaviləyə əsasən, "xxxx" QSC avtomaşınları və mexanizmləri X5 müvəqqəti istifadəsinə vermişdir.Müqavilə xx.xx.2023cü ildə bağlanılmışdır. - xx.xx.2022-ci il tarixli ,01/2022 nömrəli Xidmət haqqında müqavilədən görünür ki, İddiaçı QSC-nin direktoru X9 ilə X3 arasında bağlanmışdır. İcraçı” X3 bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (irəlidə “ 1 saylı Əlavə” adlanacaq) göstərilən qaldırıcı səbətə texniki xidmətləri göstərməyi (bundan sonra “Xidmət” adlanacaq), “Sifarişçi” "xxxx" QSC isə bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Mülki işə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələriinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Bu baxımdan iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə əsaslanan tələbin rədd edilməsi üçün əsasdır. Hazırki işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərdən də göründüyü kimi, hazırda iddiaçının cavabdehə qarşı mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilsə də, cavabdehlər tərəfində apellyasiya şikayəti verilmişdir Hazırki mərhələdə iş üzrə iddiaçı tərəfindən verilmiş, cavabdehlər tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə qərardaddan şikayətə baxılır. Hər iki tərəf məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etməyə çalışır. Cavabdehlərin bildirdiyinə, o cümlədən məhkəmə tərəfindən keçirilən yerli müayinə vaxtı müəyyən edilən hallardan görünür ki, mübahisələndirilən mənzillərin yerləşdiyi bina hələ boşaldılmamış, sakinlər yaşamaqda davam edir. Bu halları iddiaçının nümayəndəsi tərəfində inkar etməmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda ilkin əsas kimi təqsirli və ya təqsirsiz olaraq hüquqa zidd əməlin törədilməsi halı sübuta yetirilmədiyindən, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, hər hansı bir hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) olmadığı halda, onun olmayan nəticəsi barədə münasibət bildirmək də faktiki olaraq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən təqdim edilmiş icarə, kirayə müqavilələri cavabdehin qeyri-hüquqi əməl törətməsini təsdiqləyən sübut sayıla bilməz. Hər bir halda qanunvericiliyin tələbinə uyğun olaraq hər bir tərəfin məhkəmə müdafiəsi hüququndan istifadə etmək və qarşı tərəfi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən hərəkətləri etməyə və ya yaxud etməkdən çəkinməyə məcbur etmək kimi hüququ vardır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC -nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-409/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-409/2025
06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver