Məhkəmə qərarları › İş №2(005)-4115/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4115/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4115/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X12” QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“X12” QSC və "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, maddi zərər kimi 5000 (beş min) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ekoloji baxımdan təmiz olması və LPG və CNG avadanlığının quraşdırılması tövsiyələrinə uyğun olaraq maşınına qaz təchizatı avadanlığı quraşdırmış, bu qurğunu 2018-ci ilin avqust ayından – quraşdırdığı gündən 2019-cu ilin oktyabrına kimi heç bir problemlə üzləşməmişdir. Bu müddət ərzində 45 qəpikdən maşınına 48 litr LPG qazı doldurub 160 mil yol gedərək, hər 5000 km-dən bir qaz avadanlığının filtrini dəyişdirmişdir. Lakin yeni qazın (qiyməti 65 qəpik) bahalaşdırılması bir yana tam keyfiyyətsiz qazla əvəz olunmuşdur, qiymət qaldırarkən Socar qiymətin qalxması ilə bərabər onun keyfiyyətinin də yaxşılaşacağını elan etmişdir. Hal-hazırda iddiaçı 65 qəpikdən 48 litr qaz doldurub 120 mil yol qət edir, 2-3 bak qaz istifadə etdikdən sonra maşının şamdanları (sveçaları) sıradan çıxır. Bununla da 3-cü dəfədir ki, o komplekt şamdan - hər biri 32 manatdan, dəyişmək üçün isə hər biri 18 manatdan 6 ədədini dəyişmək məcburiyyətində qalmış və maşında quraşdırdığı qaz avadanlığından, bahalı və keyfiyyətsiz qaz ucbatından istifadə edə bilməmişdir. Dəfələrlə Socara, MMQ QSM şirkətinə müraciət etmiş, lakin müvafiq qurumlar ona heç bir reaksiya verməmişdirlər. MMQ QSM-in şikayət ərizəsinə cavab kimi yazdığı KS-01/159 saylı məktubunda göstərilir ki, mütəxəssislər tərəfindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, bəzi yanacaqdoldurma məntəqələrində və ya maşında nasazlıq ola bilər. İddiaçı maşınına qazı daimi şəkildə Socar Petroliumdan doldurmuş və maşınında problem olmadığına əmin olduğunu bildirmişdir. İddiaçı Subaru servisə müraciət edərək, maşınında heç bir nasazlığın olmadığı bildirilmiş, bu haqda arayış alaraq, maşında quraşdırılan qaz avadanlığını sertifikatlaşdıraraq, dövlət yol polisi tərəfindən texniki pasportda qeydiyyata almışdır. “Socar Petrolium” yazdığı şikayətə əsasən iddiaçını idarəyə dəvət etmiş və qazın keyfiyyətsiz olduğunu etiraf edərək, əlavə olaraq ona vurduğu ziyana görə 500 AZN ödəməyə hazır olduğunu bildirmişdirlər. İddiaçı razılaşmamış və ümumilikdı ona 5000 manata yaxın ziyan dəydiyini bildirmişdir. Məhkəmə öz təşəbbüsü ilə “X12” QSC və "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X7 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçıya məxsus maşınına qaz təchizatı avadanlığında olan nasazlığın səbəbi kimi maye qaz olması göstərilmişdir. İddiaçının irəli sürdüyü dəlillər əsassızdır. Belə ki, İddiaçı başqa yanacaqdoldurma məntəqələrinin maye qazlarından istifadə etmişdir. Buna görə təqsiri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti daşıya bilməz. Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X6 iddia tələbinə əsassız hesab etmiş, rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs “X12” QSC-nin nümayəndəsi X4 iddia ərizəsinə etiraza oxşar izahat verərək bildirmişdir ki, İddiaçı avtonəqliyyat vasitəsində quraşdırılan filtrlərin tez-tez tutulması, digər detalların sıradan çıxması və digər məsələlərlə bağlı olan müraciətlərinə baxılmışdır. Vətəndaşa müvafiq cavab verilmişdir. X12" QSC tərəfindən yanacaq doldurma məntəqələrinə satılan maye qazın (QOST 20448-90) keyfiyyəti tam olaraq İSO-9001 beynəlxalq standartlarına uyğundur. Buna görə də. İddianı əsassız hesab etmiş, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X12” QSC-nin İddiaçı ünvanlandığı 24.09.2020-ci il tarixli cavab məktubunun surətində ”ərizənizdə qeyd etdiyiniz hallar mütəxəssislərimiz tərəfindən araşdırılmış, kömək məqsədi ilə aşağıdakı məsləhətləri, tövsiyələri nəzərinizə çatdırırıq. Qeyd olunan avtomaşında yaranmış nasazlıqlar bəzi yanacaq doldurma məntəqələrində mövcud ola biləcək müəyyən texniki məsələlərlə və ya avtomaşınınıza quraşdırılan qaz avadanlıqlarının keyfiyyəti ilə bilavasitə əlaqəli və ya onlardan asılı ola bilər. Belə ki, yanacaq doldurma məntəqələrində quraşdırılan qaz yanacaq çənlərinin istismarı zamanı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999cu il tarixli, 103 saylı Qərarının 7.99-cıı bəndinin tələblərinə tam əməl edilməyə bilər, belə ki hidravlik sınaqlar ola bilsin ki, vaxtı-vaxtında aparılmır, eyni zamanda qaz yanacaq çənlərindən nasoslara gələn texnoloji boru xəttində və qaz kalonkalarının girişində fikirlərin quraşdırılmaması, o cümlədən Sizin avtomaşınınızda quraşdırılan filtrlərin sərfiyyata uyğun olaraq düzgün seçilməməsi avtomaşının ehtiyat hissələrində qeyd olunan problemlərin yaranmasına səbəb ola bilər. Yuxarıda qeyd olunan texnoloji proseslərin pozulması, eləcə də avtomobillərdə qaz avadanlıqlarının düzgün quraşdırılmaması müəyyən ehtiyat hissələrinin sıradan çıxmasına səbəb olur. Bundan əlavə bildiririk ki, "X12" QSC tərəfindən yanacaq doldurma məntəqələrinə satılan maye qazın (QOST 20448-90) keyfiyyəti tam olaraq İSO-9001 beynəlxalq standartlarına uyğundur və buna daima nəzarət olunur. Nəzərinizə çatdırırıq ki, avtomaşınınızda yaranmış problemlərin "X12" QSC-yə heç bir aidiyyəti yoxdur və avtonəqliyyat vasitələrində bu kimi problemlərin yaranması ilə bağlı sizdən başqa heç bir vətəndaş tərəfindən şirkətimizə hər hansı şikayət daxil olmamışdır. Siz ərizənizdə qeyd etdiyiniz kimi qazın keyfiyyətsiz olmasına görə avtomaşınınızın ehtiyat hissələri sıradan çıxırsa və bununla da Sizə maddi ziyan dəyirsə, avtomaşınınızda mövcud olan digər alternativ yanacaqdan da istifadə edə bilərsiniz, belə ki, Siz maye qazdan istifadə etmək məcburiyyətində deyilsiz. Bundan əlavə, Sizə tövsiyyə edirik ki, avtomaşınınıza yanacaq vurarkən "SOCAR" və "AZPETROL" kimi yanacaq doldurma məntəqələrini seçəsiniz. Bir daha bildiririk ki, yanacaq doldurma məntəqələri və avtonəqliyyat vasitələrinə qaz avadanlıqlarının quraşdırılması ilə məşğul olan şirkətlər tərəfindən aparılan texnoloji proseslərə görə şirkətimiz heç bir cavabdehlik və məsuliyyət daşımır.” göstərilmişdir; “X12” QSC-nin 24.09.2020-ci il tarixli Azərbaycan Respublikası Energetika Nazirinin müavininə cavab məktubunun surətində “Vətəndaş İddiaçı avtonəqliyyat vasitəsində quraşdırılan filtrlərin tez-tez tutulması, digər detalların sıradan çıxması və digər məsələlərlə bağlı 11.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Energetika Nazirliyinin Çağrı Mərkəzinə ünvanladığı və baxılması üçün tərəfinizdən 22.09.2020-ci il tarixdə "X12" QSC-yə göndərilmiş müraciətinə tərəfimizdən baxılmış və 24.09.2020-ci il tarixdə vətəndaşa müvafiq qaydada cavab məktubu göndərilmişdir. Bundan əlavə bildiririk ki, maye qazın topdan və pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərə aid olmadığından maye qazın pərakəndə satışım həyata keçirən fiziki və 'hüquqi şəxslər satış qiymətinin müəyyən olunmasında sərbəstdirlər.Şikayətçinin maye qazın keyfiyyətinin aşağı düşdüyü barədə qeyd etdiyi fikirlər həqiqətə uyğun deyil və "X12" QSC tərəfindən satılan maye qazı respublikamızda qüvvədə olan keyfiyyət üzrə standartlara tam cavab verir” göstərilmişdir; "xxxx" QSC-nin İddiaçı ünvanlandığı 09.03.2021-ci il tarixli cavab məktubunun surətində “şikayət ərizəniz “SOCAR PETROLEUM" QSC-nin 02.02.2021-ci il tarixli, FƏ-0051-2021 nömrəli əmri ilə yaradılmış və 19.02.2021-ci il tarixli, FƏ-0066-2021 nömrəli əmri ilə tərkibində dəyişiklik edilmiş, işçi qrupunun bütün üzvlərinin iştirakı ilə 19 fevral 2021-ci il tarixdə videokonfrans şəkilində keçirilən iclasda müzakirə edilmiş və müzakirə zamanı yanacağı “SOCAR PETROLEUM" QSC-nin yanacaqdoldurma məntəqələrindən aldığınız barədə qəbz təqdim etmədiyinizdən, eləcə də şikayət ərizəsində qeyd edilən tələbin “SOCAR PETROLEUM" QSC-yə aid olub olmamasının aydınlaşdırılması üçün şikayət ərizənizə əlavə etdiyiniz sənədlərin içərisində hər hansı bir dəlil sübut olmadığından sizə avtomobilinizə maye qazı müəyyən müddətə "xxxx" QSC-nin yanacaqdoldurma məntəqələrindən deyil, digər yanacaqdoldurma məntəqələrində vurduraraq keyfiyyət fərqini sınaqdan keçirməyiniz və ikinci halda avtomobilinizi öz vəsaitiniz hesabına “SOCAR PETROLEUM" QSC-nin mütəxəssislərinin də iştirakı ilə servisdə saz vəziyyətə gətirilməsindən sonra plomblanaraq bir müddət “SOCAR PETROLEUM" QSC-nin YDM-dən ardıcıl olaraq onun nümayəndəsinin nəzarəti altında götürülmüş maye qazla işlədildikdən sonra hər hansı bir texniki xidmət servisində avtomobildə həmin maye qazla bağlı problemlərin olub olmamasının müəyyən edilməsi ilə bağlı təkliflər edilsə də, Siz həmin təklifləri qəbul etməyərək avtomobilinizin bildirilən sınaqlardan keçirilməsinin vaxt aparacağını bildirmisiziniz. “SOCAR PETROLEUM" QSC tərəfindən 19 fevral 2021-ci il tarixdə videokonfrans şəkilində keçirilmiş iclasın nəticələri protokollaşdırılmışdır. Həmin protokolun surətini Sizə göndərərək bir daha diqqətinizə çatdırırıq ki, sizə vurulmuş hesab etdiyiniz zərərin «SOCAR PETROLEUM" QSC-dən aldığınız LPG yanacağının istifadə edilməsi ilə bağlı vurulub-vurulmamasının protokolda göstərilən qaydada müəyyən edilməsi üçün müraciət etdiyiniz halda əməkdaşlıq etməyə hazırıq.” göstərilmişdir; 19.03.2021-ci il tarixində Azərbaycan Standarlaşdırma İnstitutu tərəfindən verilmiş Uyğunluq Sertifikatı”-dan görünür ki, “X12” QSC tərəfindən istehsal edilmiş məişətdə istifadə edilən mayeləşdirilmiş propan-butan yanacaq qazları QOST 20448-2018 normativ sənədin tələblərinə cavab verir. Sertifikat 19.03.2022-ci il tarixədək qüvvədədir. 05.08.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iclasında iddiaçı avtonəqliyyat vasitəsində quraşdırılan filtrlərin və digər detalların sıradan çıxmasının məhz «SOCAR PETROLEUM" QSC-də doldurumuş maye qazla bağlı olmasını sübut edə bilməmiş, digər tərəfdən, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti göstərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Zərərin əvəzinin ödənilməsinə munasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin odənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin odənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə munasibətdə cavabdeh tərəfindən zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması müəyyən olunduğu təqdirdə zərərin əvəzinin ödənilməsi ücün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 5000 (beş min) manat məbləğindən maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmiş, bu tələbini təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“X12” QSC və "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“X12” QSC və "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar