Məhkəmə qərarları › İş №2(005)-4124/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4124/2023

28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4124/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə ayda 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikahdan 2 övladı: xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Sonradan münasibətlər pozulduğundan tərəfindən nikahın pozulması, uşaqların öz himayəsində saxlanılması və aliment tələbinə dair məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 3 saylı "ASAN” Xidmət mərkəzi Qeydiyyat şöbəsində 1485 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 öz himayəsində saxlanılması və birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh bütün gəlirlərinin 1/3 miqdarında alimentin öz xeyrinə tutulması qət edilmişdir. Cavabdeh övladları üçün aylıq alimenti mütəmadi ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Övladlarına özü baxır və onun rifahının təmin edilməsi üçün zəruri olan maddi imkanları kifayət etmir. Həmçinin, 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Beləliklə, övladlarının yetkinlik yaşına çatanadək nəzərdə tutulmuş alimentin miqdarının sabit pul şəklində tutularaq artırılması zərurəti yaranmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, uşaqların birinin 6, digərinin 7 yaşı var. Cavabdeh 3-4 aydır ki, aliment məbləğini ödəmir. Əldə etdiyi məlumata görə cavabdehin başqa iş yeri var. O, əvvəllər 3.000 manat əmək haqqı alırdı, lakin buna baxmayaraq 250 manat məbləğində aliment ödəyirdi. Hazırda cavabdeh aliment ödəməmək üçün özünü direktor müavini kimi qeydiyyatdan keçirmişdir. Hətta nəvəsinə qızıl boyunbağı almış, onu zəng edib cavabdehdən tələb etdikdə, o bildirmişdir ki boyunbağını satmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbi ilə qismən razı olaraq bildirmişdir ki, əvvəl Dövlət Neft Şirkətində işləmişdir və yaxşı gəliri olmuşdur. Lakin səhhətində yaranmış nasazlığa görə öz ərizəsi ilə işdən ayrılmışdır. Hal-hazırda "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir. İddiaçıya hər ay aliment məbləği ödəyir. Hazırda 380 manat məbləğində əmək haqqı alır və bu səbəbdən hər uşağa görə 200 manat ödəməyə imkanı yoxdur. İki uşağa birlikdə 200 manat aliment ödəməyə razıdır. Başqa nikahdan övladı yoxdur. Bir il bundan əvvəl iddiaçının qapısına gedib barışmaq üçün cəhd etmiş və hətta iki üzük də almışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2510/2020 saylı xx.xx.2020ci il tarixil qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1485 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun bütün gəlirlərinin 1/3 miqdarında alimentin İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir. - AZ-İ seriyalı 390000 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 225 № ilə qeyd edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir. İşə başlama tarixi xx.xx.2023-cü ildir. İşçinin aylıq əmək haqqının məbləği 380 manatdır. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2510/2020 saylı xx.xx.2020-ci il tarixil qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun bütün gəlirlərinin 1/3 miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hər ay hər uşağa görə ayda 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi iddiaçının iddia tələbi, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından - dəyişdirilməsindən ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qeyd olunan maddədə qanunverici, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı iş üzrə isə iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə alimentin tutulmağa başlandığı 2020-ci ildən ailə və ya maddi vəziyyətində dəyişiklik - yaxşılaşma olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Nərimanov Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun bütün gəlirlərinin 1/3 miqdarında aliment tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdən etibarən, cavabdeh "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir və əmək haqqı 380 manat təşkil edir. Belə olan təqdirdə hər iki uşaq üçün aylıq aliment məbləği cəmi 126 manat (bir uşaq üçün 63 manat) təşkil edir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşaqların üç yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onların saxlanması üçün kifayət deyildir və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, indiki halda cavabdehdən tutulan alimentin miqdarının hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində müəyyən edilməsi onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra və məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilər. Qanunvericiliklə alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Hazırki iş materiallarından görünür ki, iddiaçı ilə nikahları pozulduqdan sonra cavabdeh xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir və aylıq əmək haqqı 380 manatdır. Digər tərəfdən, iddiaçı cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki bu halları sübutetmə vəzifəsi onun üzərinə düşür. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi hər iki valideynin vəzifəsidir, bu məqsədlə də uşaqların valideynlərdən birinin ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməsə də, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılmasını, uşaqların böyüməsi ilə onun xərclərinin və tələbatlarının da artmasını, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin cavabdehin hazırki əmək haqqına uyğun olaraq iki uşaq üçün cəmi 163 manat təşkil etməsini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu və cavabdehin iddia tələbi ilə qismən razılığını nəzərə almaqla, aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğdə müəyyən edilməsini ədalətli və qanunauyğun hesab edir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2510/2023 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli. Ərizə qalan hissədə təmin edilməməlidir. VI. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2510/2023 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar