Məhkəmə qərarları › İş №2(005)-415/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-415/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-415/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı borcun ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X11 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mərhumun qanun üzrə vərəsəsidir. Mərhum atası Vyaçeslav Tairov sağlığında, yəni 2009-cu ildə mülkiyyətində olan mənzili və daşınar əmlakın bir hissəsini satmış, əlində müəyyən məbləğdə pul vəsaiti olmuşdur. İş üzrə Cavabdeh 1994-cü ildən mərhum atasının tanışı olmuş, işgüzar şəxs kimi atasının etibarını qazanmış, aralarında qarşılıqlı etibarlı münasibətlər olmuşdur. Aralarında olan etibarlı münasibətlərdən istifadə edən və atasının əlində nağd pul olduğunu bilən Cavabdeh 2011-ci ildə mərhum atasından borc pul istəmişdir. Atası da yaxın tanışı kimi Cavabdeh təklifini qəbul etmiş və ona ilkin olaraq 60.000 manat borc pul vermişdir. Bu barədə, yəni Cavabdeh xx.xx.2011 -ci il tarixli qəbz vermiş və həmin qəbzdə göstərmişdir ki: “Mən Cavabdeh yaşadığım ünvan Azadlıq pr., ev 137, mənzil 2-də X5 60.000 AZN götürdüm (altmış min AZN). İstədiyi vaxt özünə, ya də oğlu İddiaçı qaytaracam”. Həmin qəbzdən göründüyü kimi, Cavabdeh qəbzə xx.xx.2015-ci il tarixli əlavə edərək, borcun 77.000 ABŞ dolları təşkil etdiyini göstərərək imzalamışdır. Belə ki, Cavabdeh mərhum atasından mütəmadi olaraq borc pul istəməyə davam etmiş, bu səbəbdən borc məbləği artmışdır. Onu da qeyd edir ki, 2016-cı ilin mart ayında tərəflər borc vəsaiti ilə bağlı qarşılıqlı hesablaşmalar aparmış, həmin tarixə borc məbləği 86368 ABŞ dolları təşkil etmiş, həmin vaxt Cavabdeh borcun 3.000 ABŞ dollarını qaytarmış və həmin tarixdə borc məbləği 83368 ABŞ dolları təşkil etmiş, daha sonra borc hissə-hissə qaytarılmış və nəticədə 75.000 ABŞ dolları borc qalmışdir. Qeyd edir ki, xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixinədək borcun hissə-hissə ödənilməsi barədə Qeydiyyat kitabının əsli işin məhkəmə baxışı zamanı məhkəməyə təqdim ediləcəkdir. 2020-ci ilin əvvəllərində iddiaçı cavabdehə qalan 75.000 ABŞ dolları borcun dərhal birdəfəyə ödənilməsi barədə pretenziya məktubu – bildiriş göndərmiş, ona borcu ilin sonunadək qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bundan sonra iddiaçının bildirişinə Cavabdeh xx.xx.2020-ci il tarixli cavab bildirişi göndərərək, tərəflər arasındakı borc münasibətlərinin mövcudluğunu bir daha etiraf etmiş, lakin borcu hər ay hissə-hissə qaytaracağını göstərmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh hər ay hissəhissə dedikdə “500 ABŞ dolları” nəzərdə tutur ki, bu da qəbul edilməzdir. Belə ki, 75.000 ABŞ dolları borcu hər ay hissə-hissə 500 ABŞ dolları ödəmək üçün düz 150 il vaxt lazımdır. Cavabdehin hesablamaları qəbul edilsə və onun 37 yaşı olmasını nəzərə alsaq, o halda o, 187 il yaşamalıdır ki, həmin borc məbləğini tam qəbul edə bilsin. Burada nəzərə almaq lazımdır ki, Cavabdeh yaşca iddiaçıdan daha böyükdür. Göründüyü kimi, Cavabdeh borcu hər ay 500 ABŞ dolları olmaqla hissə-hissə ödəmək istəməsi məntiqsizdir. Məlumat üçün onu da bildirir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli cavab Bildirişi göndərdikdən sonra, 75.000 ABŞ dolları borc məbləğindən xx.xx.2020-ci il tarixdə 500 ABŞ dolları və xx.xx.2020-ci il tarixdə 500 ABŞ dolları olmaqla, cəmi 1000 ABŞ dolları qaytarmış, hazırda borc məbləği 74.000 ABŞ dolları təşkil edir. Beləliklə, işin hallarından müəyyən edilir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, borcu ödəməkdən yayınmış, iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Ona görə də hesab edir ki, həmin pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd edilənlər əsasında Cavabdeh yaranmış borca görə 74.000 (yetmiş dörd min) ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh oğluna baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda cavabdeh xx xxxxx 2021-ci il tarixdə iddia tələbini qismən qəbul etdiyinə dair məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçının atası X9 ilə 1994cü ildən tanış olmuş və uzun müddət işgüzar münasibətləri olmuşdur. xx.xx.2011-ci il tarixdə əlavə pul qazanmaq üçün ona 60.000 (altmış min) AZN pul təklif etmişdir. O, da həmin pulu qəbul etmiş və aralarında hər iki tərəfin imzası ilə qəbz imzalamışlar. Cavabdeh xx.xx.2011-ci ildən xx.xx.2016-cı il tarixə qədər hər ay 600 AZN olmaqla, ümümilikdə 32.400 (otuz iki min dörd yüz) AZN pul ödəmişdir. Bu müddət ərzində işləri yaxşı getdiyindən və qazancı yaxşı olduğundan qalan məbləğin bir dəfəyə qaytarmağı təklif etsə də, İddiaçı razı olmamışdır. Ölkədə baş verən devalvasiyadan sonra işlərinin qaydasında olmadığını və zərərə getdiyini görən X2 təklif etdi ki, bundan sonra verilən məbləği ana məbləğdən silinsin. Aralarında olan dostluq münasibətlərini nəzərə alaraq o, iddiaçının təklifi ilə razılaşaraq hər ay hissə-hissə borcu qaytarmağı başlamışdır. Beləliklə, bu günə kimi 25.160 (iyirmi beş min yüz altmış) AZN pul ödəmişdir. Bundan əlavə xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi pulun istəməməsinin əsas səbəbi cavabdehin qeyd edilən tarixlərində hər ay 600 manat qazancından əldə etdiyi məbləğdən ona faiz verməyidir. İddiaçı qeyd edir ki, onların arasında 2016-cı ilin mart ayında borc vəsaiti ilə bağlı qarşılıqlı hesablaşma olmuş və həmin tarixdə borc məbləği 86368 ABŞ dollar olmasını bildirmişdir. Bununla bağlı bildirmək istəyir ki, belə bir razılaşma olmamışdır və iddia ərizəsində qeyd edilən məlumatlar yalan və cəfəngiyatdır. Belə ki, hal hazırki iddiaçı onun mərhum atası X7 mərhuma verdiyi borcdan və ona qaytardığı borc məbləğindən məlumatsızdır, çünki iddiaçının mərhum atası faizə pul verirdi və eyni zamanda pul verdikdə isə qəbzə hansı məbləğdə pul verməyini yazdırırdı. Cavabdehin də ondan aldığı məbləğ 60.000 (altmış min) AZN olmuşdur və ondan da 32.400 (otuz iki min dörd yüz) AZN pul faiz və eyni zamanda razılaşmamış əsasında 2016-cı ildən isə 25.160 (iyirmi beş min yüz altmış) AZN pul ödəmişdir. Eyni zamanda iddiaçı onun ödədiyi məbləğlərin bir hissəsini guya qardaşının borcunun silinməsini məhkəmə iclasında bildirmişdir. Bununla bağlı bildirmək istəyir ki, qardaşının borcunun onun borcuna heç bir aidiyyatı olmamışdır və onun borcunu tam olaraq ödəmiş və bu barədə qəbzi məhkəməyə tədim etmişdir. Beləliklə, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hal hazırda onun borcu 32.400 (otuz iki min dörd yüz) AZN faiz ödədiyi məbləğ nəzərə alınmadan hesablasaq 34.840 (otuz dörd min səkkiz yüz qırx ) manat təşkil edir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, onun bu günə kimi ödədiyi məbləğlər əsas borcdan silinərək iddianın qismən təmin edilərək bu günə olan borcunun 34.840 (otuz dörd min səkkiz yüz qırx ) manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan AN -İ № ******* saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 32.080 manata bir otaqlı, ümumi sahəsi 34,5 kv.m., yaşayış sahəsi 18,0 kv.m. olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küç., 24 saylı evin 129 saylı mənzilini X1. İş materiallarında olan AZ İİ817407 saylı 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi İddiaçı Vyaçeslavoviç miras əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh oğlu X6 60,000 manat götürdüyünü və istədiyi vaxt borcu özünə və yaxud oğlu Tairov Rüstəmə geri qaytaracağını qeyd etmiş və imzalamışdır. İş materiallarında olan Cavabdeh ünvanlanan bildirişdən görünür ki, İddiaçı Cavabdeh bildiriş göndərərək mərhum atasının qanuni vərəsəsi olaraq qalan borcun 75.00 ABŞ dollarının birdəfəlik ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh Tairov Vyaçeslavdan 60000 manat pul götürdüyünü və xx.xx.2011-ci ildən xx.xx.2016-cı il tarixə qədər hər ay 600 manat, ümumilikdə 32.400 manat, xx.xx.2016-cı il tarixdən bu günkü günə kimi isə 21.760 manat borcunu geri ödədiyini qeyd etmiş və bildirmişdir ki,Vyaçeslav oğlu Rüstəmlə tanışılığı yoxur ona çatan borcunu mərhuma ödədiyi qaydada hər ay ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 740.1ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 425.1. maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının atası tərəfindən 60000 manat cavabdehə borc pul verimiş və həmin borc müəyyən müddət ərzində hissə-hissə, o cümlədən faizlər də daxil olmaqla, ödənilmişdir. Qeyd etmək lazımdır ki, onların arasında bu barədə hər hansı yazılı müqavilə mövcud deyil. Həmin borcun müəyyən hissəsi ödənilməmiş qalmışdır və cavabdeh də bu halı etiraf edir. İddiaçının cavabdehdən borcun 74000 ABŞ dolları məbləğində tutulması barədə iddia tələbini məhkəmə əsassız hesab edir. Nəzərə alınsa ki, borc müqaviləsini tərəflər məhkəməyə təqdim edə bilmədilər, məhkəmə iddianın cavabdeh tərəfindən etiraf edildiyi həcmdə təmin edilməsini mümkün hesab edir. Borcun ABŞ dolları ilə verildiyini təsdiq edən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim edə bilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən – cavabdehdən iddiaçının xeyrinə otuz dörd min səkkiz yüz qırx manatın tutulması hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 34.840 (otuz dörd min səkkiz yüz qırx ) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar