Məhkəmə qərarları › İş №2(005)-416/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-416/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-416/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə səhər saat 08:00 radələrində ona məxsus Lifan 370 dövlət nömrə nişanı ** VE *** avtomobili ilə Zabrat qəsəbəsi istiqamətindən Babək küçəsi ilə Sabunçu körpüsü istiqamətində hərəkətdə olarkən qəflətən onlarca dayanmış avtomobillərin arxasından qoşa xətti keçərək, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq Cavabdeh idarə etdiyi Mercedes Benz C180 markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobili onun hərəkət zolağına çıxmış və toqquşma baş vermişdir. Bu zaman ona və oğluna ciddi bədən xəsarətləri və avtomobilinə ciddi ziyan dəymişdir. Göstərilən yol nəqliyyat hadisəsi sürücü Cavabdeh idarə etdiyi avtomobilin yol hərəkəti qaydalarını kobud surətdə pozması nəticəsində baş vermişdir. Bu hadisə zamanı avtomobili ciddi zərər görmüşdür. Avtomobilin qabaq hissəsi sürücü tərəfdən alt və yuxarı hissələri təzə ehtiyyat hissələri ilə dəyişdirilmişdir. Karantin olduğundan avtomobilin ehtiyyat hissələri satan bağlıdır və bu səbəbdən məcbur qalıb bu hissələri əldən almışdır. Avtomobilin təmiri üçün 1000 manat usta pulu, 3000 manat ehtiyyat hissələrinə görə pul, 1000 manat hələ dəyişdirilməli olan hissələrin pulu, cəmi 5000 manat hesablanmışdır. Sığortadan aldığı məbləğ 2250 manat təşkil edir. Ümumi məbləğdən sığorta pulu çıxıldıqda qalan zərər 2750 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 2750 manat məbləğində vurulmuş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarına olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(008)-1473/2020 saylı qərardan görünür ki, Cavabdeh AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 08 ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2020ci il tarixdə Cavabdeh idarə etdiyi Mercedes Benz C180 markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkət qaydalarını pozaraq İddiaçı idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə İddiaçı sağlamlığına və əmlakına zərər dəymişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar