Məhkəmə qərarları › İş №2(005)-418/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-418/2021

30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-418/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ogluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45.940 (qırx beş min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2020-ci ilin fevral ayında tanış olmuşdur. Tanış olarkən ona məlum olmuşdur ki, Cavabdeh, Bakı şəhəri, Azadlıq prospekti 105 ünvanında obyekti var və onu icarəyə verir. Qarşılıqlı razılaşmaya əsasən o yuxarıda adı çəkilən obyekti ilkin olaraq iki aylıq icarə haqqını ödəyərək işlətmək qərarına gəlmişdir. Qeyd edilməlidir ki, obyekti icarəyə götürərkən yalnız döşəməyə metlax düzülmüşdü və divarlar ağardılmışdır. O isə öz növbəsində Cavabdeh ilə ilkin razılaşmaları baş tutandan sonra təmirə bir ay yarım vaxt istəmişdir, lakin pandemiya ilə əlaqədar obyektin təmiri, həm də ki, fəaliyyət göstərməsi üzürlü səbəbdən xeyli yubanmışdır. Nəhayət, cari ilin avqust ayının 25-də malları xaricdən gələndən sonra obyekti açmaq istəsə də, cavabdeh onunla icarə müqaviləsini bağlamaqdan hərtərəfli qaydada imtina etmiş, nəticədə o vergi orqanında müvafiq qeydiyyatdan keçə bilməmişdir. Cavabdeh birmənalı şəkildə onunla müqavilə bağlamaqdan imtina edərək, onu külli miqdarda ziyana salmışdır. Nəzərə almaq lazımdır ki, onun sözügedən obyektdə apardığı əsaslı təmir işlərinin ümumi dəyəri 45.000 (qırx beş min) manat 47.000 (qırx yeddi min) manat təşkil edir. Bu fakt 23 sentyabr 2020-ci il tarixdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış ekspert rəyi ilə təsdiq olunmuşdur. Obyektdə olan inventarların, quraşdırılmış avadanlıqların, görülmüş təmir-quraşdırma və dizayn işlərinin, eləcə də mağazada saxlanılan və cavabdehin təqsiri ucbatından istehlaka yararsız hala düşən ekzotik meyvələrin ümumi dəyəri 45.940 (qırx beş min doqquz yüz qırx) manat məbləğində təşkil edir. Hesab edir ki, Cavabdeh Misa oğlu ilə onun arasında icarə müqavilə ilə bağlı şifahi razılaşmaları sonuncunun təqsiri ucbatından pozulmuş, belə ki, o ilkin razılaşma əsasında Cavabdeh ilə iki aylıq, yəni hər ay üçün 3.500 (üç min beş yüz) manat olmaqla, cəmi 7.000 (yeddi min) manat ödəsə də, cavabdeh şəxs onunla əldə etdiyi razılaşmanı pozaraq onunla icarə müqaviləsini bağlamaqdan imtina etmiş, nəticədə ona məxsus qeyri-yaşayış sahəsininin əsaslı təmirinə çəkdiyi xərclər, habelə xaricdən aldığı külli miqdarda ekzotik meyvələrin yararsız hala düşməsi səbəbindən külli miqdarda maddi ziyan çəkmişdir. Hesab edir ki, Cavabdeh təqsiri ucbatından ona dəymiş ziyan məhkəmə qaydasında tutulmalıdır. Cavabdeh İddiaçı qarşı “icarə haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı iddia təbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 8 (səkkiz) aylıq icarə haqqı olaraq, cəmi 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ondan öz xeyrinə ekzotik meyvələrə görə ümumilikdə 45.940 (qırx beş min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla, yəni İddiaçı ilə onun arasında şifahi əqd əsasında razılaşmaya əsasən 2020-ci ilin fevral ayından sonuncunun mülkiyyətində olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci mərtəbəsində 35-37 sırası, R-P oxları arasında ölçüləri Azadlıq prospekti boyu 5,6 metr, İmran Qasımov küçəsi boyu 11,10 metr olmaqla 60,65 kv.metr və 2-ci mərtəbəsində 35-37 sırası, P-Q oxları arasında ölçüləri Azadlıq prospekti boyu 5,81 kv. metr, İmran Qasımov küçəsi boyu 9,10 metr olmaqla 51,54 kv.metr olan qeyri-yaşayış sahəsini icarəyə vermişdir. Aralarında olan razılaşmaya əsasən qeyriyaşayış sahəsindən istifadəyə görə qarşılıqlı iddia üzrə cavabadeh ona hər ay 3.600 (üç min altı yüz) manat məbləğində icarə haqqı ödəyəcəyinə görə öz üzərinə öhdəlik götürmüşdür. Qarşılıqlı iddia üzrə tələbinə keçməzdən öncə ilk iddia üzrə iddiaçının tələbinə münasibət bildirərək qeyd etməlidir ki, iddia tam əsassızdır və heç bir hüquq normasına söykənmir. Belə ki, ilkin iddia tələbində İddiaçı sözü gedən qeyri-yaşayış sahəsinə təmir tikinti işləri üçün 45.000-47.000 manat pul xərcləməsi absurddur (ekspert rəyində olan məbləğ 22.599 (iyirmi iki min beş yüz doxsan doqquz) manat təşkil etmişdir). Məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinə yerli baxış keçirilsə məhkəmə üçün də aydın olar ki, qeyri-yaşayış sahəsinə aparılan dekorativ quraşdırılma işləri ilk iddia üzrə iddiaçının dəlilləri ilə üst üstə düşmür. Məhkəməyə təqdim edilmiş “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 sentyabr 2020-ci il tarixli 341 nömrəli rəyindən də göründüyü kimi ilkin iddia üzrə iddiaçı qeyri-yaşayış sahəsindən uzunmüddətli istifadə məqsədi üçün öz zövqünə uyğun təmir tikinti işləri aparmışdır. Lakin ekspert rəyinin 3-cü səhifəsində aparılmış hesablamalar süni şəkildə şişirdilmişdir. Bundan əlavə xüsusi ilə diqqət yetirilməlidir ki, qeyri-yaşayış sahəsinə əlavə edilmiş sökülə bilən konstruksiyaların onun tərəfindən ilkin iddaçıya ödənilməsi qəbul edilməzdir. O bir cavabdeh olaraq sözü gedən konstruksiyaların ilkin iddiaçı tərəfindən sökülməsini iddiaçının dəfələrlə diqqətinə çatdırmışdır. Odur ki, hesab edir ki, məhkəmə tərəfindən mülki işə obyektiv və hərtərəfli araşdırılmanın aparılması məqsədi ilə mülki iş üzrə əlavə ekspertiza (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunması ilə) təyin edilməlidir. Xüsusi ilə qeyd etmək lazımdır ki, sözü gedən ekspert rəyində ilkin iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə satış məqsədi ilə gətirilmiş ekspertin hesablamalarına əsasən 23.340,90 (iyirmi üç min üç yüz qırx manat doxsan qəpik) manat dəyərində hesablanmış ekzotik meyvələrin xarab olmasında onun heç bir təqsiri yoxdur və buna görə ondan hər hansı məbləğin tutulması tələbi tam əsassızdır. O qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə İddiaçı iddiasma qarşı iddia verərək ilkin iddia tələbinin rədd edilməsini və onun iddia tələbinim təmin edilməsini məhkəmədən xahiş etmək istərdi. İddia tələbini onunla əsaslandırmışdır ki, yuxarı da da qeyd olunduğu və ilkin iddiaçının ilkin iddia tələbində etiraf etdiyi kimi cavabdeh İddiaçı ilə mülkiyyətində olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 3 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci mərtəbəsində 35-37 sırası, R-P oxları arasında ölçüləri Azadlıq prospekti boyu 5,6 metr, İmran Qasımov küçəsi boyu 11,10 metr olmaqla 60,65 kv.metr və 2-ci mərtəbəsində 35- 37 sırası, P-Q oxları arasında ölçüləri Azadlıq prospekti boyu 5,81 kv.metr, İmran Qasımov küçəsi boyu 9,10 metr olmaqla 51,54 kv.metr olan qeyri-yaşayış sahəsini aylıq ödəniş məbləği 3.600 (üç min altı) manat məbləğində sonuncuya icarəyə vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən o iddiaçıya 1 (bir) ay müddətində dekorativ bəzədilmə işləri üçün möhlət vermişdir. Qeyriyaşayış sahəsinə dair cavabdeh ona 2020-ci ilin mart ayından başlayaraq hər ay 3.600 (üç min altı yüz) manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Aralarında olan şifahi razılaşmanı rəsmiləşdirmək məqsədi ilə onun tərəfindən qarşılıqlı iddia üzrə cavabdehə bir neçə dəfə bildirilsə də, sonuncu müqavilənin bağlanmasına ehtiyac olmadığını, buna görə əlavə vergi tutulmalarının olacağı istinadı ilə müqavilə bağlamaqdan imtina etmişdir. Bir müddət sonra qarşılıqlı iddia üzrə cavabdeh təklif etmişdir ki, müqaviləni notariat bağlayacağım təqdirdə hesablanacaq vergi məbləği, yəni 400 (dörd yüz) manat onun tərəfindən qarşılanacağı təqdirdə müqavilə imzalaya bilərlər. İddiaçı onun insani keyfiyyətlərindən və sadəlövlüyündən sui-istifadə edərək altı aydan çox onu aldadaraq icarə haqqını verməkdən boyun qaçırmışdır. 2020-ci ilin avqust ayında o icarə haqqını qarşılıqlı iddia üzrə cavabdehdən ala bilmədiyindən məcburiyyət qarşısında qalaraq onun qeyriyaşayış sahəsindən çıxmasını tələb etmişdir. O isə öz növbəsində onun bu təklifini rədd etmişdir. Belə olan halda o məcburiyyət qarşısında qalaraq İddiaçı qanunsuz əmələrinə son qoyulması məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin onun müraiətinə polis orqanında baxıldıqdan sonra məsələnin mülki mübahisə olması əsası ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətimdə olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci mərtəbəsində 35-37 sırası, R-P oxları arasında ölçüləri Azadlıq prospekti boyu 5,6 metr, İmran Qasımov küçəsi boyu 11,10 metr olmaqla 60,65 kv.metr və 2-ci mərtəbəsində 35-37 sırası, P-Q oxları arasında ölçüləri Azadlıq prospekti boyu 5,81 kv.metr, İmran Qasımov küçəsi boyu 9,10 metr olmaqla 51,54 kv.metr olan qeyri-yaşayış sahəsinə görə ona 2020-ci ilin fevral ayından bu günə qədər istifadə etdiyinə görə hər ay 3.600 (üç min altı yüz) manat olmaqla 8 ay müddətindən hesablamaqla, ümumilikdə 28.800 (iyirmi səkiz min səkkiz yüz) manat məbləğində pul ödəməlidir. Məhkəmənin nəzərinə xüsusi ilə çatdırmaq lazımdır ki, qarşılıqlı iddia üzrə cavabdeh sözü gedən borcunu ona vaxtında ödəmiş olsa idi, o da hər bir vicdanlı gəlir əldə edən vətəndaş kimi dövlətə olan borcunu ödəmiş olardı. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddia ərizəsinin əsassız olduğunu bildirərək rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Məhkəmə iclasında X3 şahid qismində ifadə verərək bildirmişdir ki, Cavabdeh və İddiaçı aralarında olan razılaşmaya əsasən qeyri-yaşayış sahəsindən istifadəyə görə İddiaçı hər ay 3.600 (üç min altı yüz) manat icarə haqqı ödəyəcəyini öz üzərinə öhdəlik götürmüşdür. Razılaşmaya görə İddiaçı üç ayı əvvəlcədən ödəməli olmasına baxmayaraq ödəməmişdir. İddiaçı cəmi 6700 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 187, 189, 189A, Azadlıq prospekti kəsişməsi (Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 187 A) ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 14.01.2021-ci il tarixdə qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021ci il tarixli 10/3223 nömrəli rəyindən görünür ki, ünvan 5 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci mərtəbəsində 35-37 sırası, R-P oxları arasında ölçüləri Azadlıq prospekti boyu 5.6 metr, İmran Qasımov küçəsi boyu 11, 10 metr olmaqla 60,65 kv.metr yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış (kosmetik) təmir işlərinin ümumi dəyəri təqribən 8297,0 manat məbləğində müəyyən edilmişdir. Azadlıq prospekti boyu 5.6 metr, İrıran Qasımov küçəsi boyu 11,10 metr olmaqla 60,65 kv.metr yerləşən qeyri-yaşayış sahəsində İddiaçı hesabına aparılmış (kosmetik) təmir işlərinin dekorativ hissəsinin konkret olaraq nədən ibarət olması barədə iş materiallarında məlumat olmadığını və baxış zamanı təqdim edilmədiyini nəzərə alaraq, həmin işlərin dəyərini itirmədən (və ya qismən itirməklə) sökülməsinin mümkün olub-olmamasını müəyyən etmək olmamışdır. X1 341 №-li 23.09.2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Azadlıq prospekti, 105 ünvanında yerləşən, "xxxx” MMC-nin istifadə etdiyi “Alo Meyvə” mağazasında olan inventarların, quraşdırılmış avadanlıqların, görülmüş təmirquraşdırma və dizayn işlərinin, eləcə də mağazada saxlanılan istehlaka yararsız olan ekzotik meyvələrin ümumi dəyəri təqribən 45940,0 manat məbləğində müəyyən edilir. “Alo Meyvə” mağazasında olan inventarların, quraşdırılmış avadanlıqların, görülmüş təmir-quraşdırma və dizayn işlərinin, eləcə də mağazada saxlanılan istehlaka yararsız olan ekzotik meyvələrin ayrıayrılıqda dəyərik-rəyin tədqiqat hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşma olmuş və buna əsasən Cavabdeh özünə məxsus Bakı şəhəri, Azadlıq prospekti 105 ünvanında yerləşən obyektini İddiaçı icarəyə verməyə öz öhdəsinə götürmüş, qarşıqlığında isə əmlaka görə aylıq icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan əlavə Cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında qeyri-yaşayış sahəsini tam təmirli vəziyyətdə icarəyə verdiyini, lakin qarşı tərəfin sonradan kosmetik təmir işləri apardığını bilmişdir. Belə ki, ekzotik meyvələrin satışını təmin etmək üçün xüsusi avadanlıqlar quraşdırmış, soyuducu və s. əşyalar almışdır. Lakin mövcud pandemiya şəraiti ilə əlaqədar İddiaçı obyekti işlədə bilməmiş və sonradan tərəflər arasında münasibətlər pozulmuş, Cavabdeh yazılı müqavilə bağlamaqdan imtina etmişdir. Göründüyü kimi İddiaçı məhkəməyə təqdim etdiyi ilk iddia ərizəsində apardığı təmir işlərinə görə 45940 manat məbləğində pulun onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə əmlakın təmirli vəziyyətdə icarəyə verildiyini nəzərə alıb, həmçinin tərəflər arasında hər hansı bir yazılı müqavilə olmadan mülkiyyətçinin razılığını alıb təmir işlərinin aparılmış olmasını inandırıcı hesab etmir. Bundan əlavə İddiaçı tərəfindən obyektdə quraşdırılmış avadanlıqların, soyuducu və digər əşyaların qarşı tərəfin də geri qaytarmağa razı olduğunu nəzərə alaraq, hesab edir ki, ilk iddia əsassızdır, təmin edilə bilməz. Qarşılıqlı iddiaya gəldikdə isə məhkəmə Cavabdeh 8 aylıq icarə haqqı kimi 28800 manat məbləğində pulun İddiaçı tutulmasına dair iddia tələbini də əsassız hesab edir. Belə ki, mülki işin araşdırılmış hallarından da göründüyü kimi tərəflər arasında şifahi razılıq olsa da pandemiya ilə əlaqədar İddiaçı obyekti işlədə bilməmişdir. Həmçinin tərəflər arasında münasibətlər pozulduğundan onlar arasındakı razılıq müqavilə bağlanaraq rəsmiləşdirilməmiş, müqavilə öhdəlikləri yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdeh ogluna qarşı “pul tələbi”nə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri təmin olunmamalı, ödənilmiş dövlər rüsumları tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ogluna qarşı “pul tələbi”nə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar