Məhkəmə qərarları › İş №2(005)-4187/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4187/2021

26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4187/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, dəyəri 515 manat olan səkkiz hissədən ibarət mətbəx mebelini, dəyəri 525 manat olan bir ədəd stinol markalı soyuducusunu, dəyəri 70 manat olan bir ədəd Ezel markalı iki motorlu aspiratoru, dəyəri 35 manat olan bir ədəd Ezel markalı masaüstü qaz sobasını, dəyəri 30 manat olan bir ədəd su kranını, dəyəri 25 manat olan bir ədəd yuyucu hövzəsini Cavabdeh alınaraq iddiaçıya verilməsinə dair və 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 24.08.2003-cü ildə qeyri rəsmi, 05.10.2003-cü ildə isə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Bu nikahdan üç övladları dünyaya gəlmişdir Mehriban, Rüqəyya və Əliyusuf. Lakin 11 il sonra nikaha Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2199/2015 nömrəli 28/12/2015-ci il tarixli qətnaməsi ilə xitam verilmiş, övladları isə cavabdehin himayəsinə verilmişdir. Azyaşlı övladın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşağa görə 117,00 manat olmaqla 351,00 manat alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət etmişdir. Eyni məhkəmə prosesinin mülki bölgüsü ilə bağlı hissəsində ilk olaraq cavabdehin xeyrinə olmuş daha sonra isə apelyasiya məhkəməsi vasitəsi ilə iddiaçının xeyrinə olmuşdur. Boşandıqdan sonra, 2019cu ilin mart-aprel aylarında övladların qarşısında atalıq borcunu yerinə yetirmək məqsədi ilə iddiaçı cavabdehə həmin ildə alınmış Əliyar Əliyev 7 küçəsində yerləşən bir otaqlı mənzilini onların istifadəsinə vermişdir. Mənzil tam təmirli və mətbəx avadanlıqları ilə tam təciz olunmuşdur. Bir müddət sonra isə onlar o mənzili bəyənmədiyindən Qarabağ küçəsi 48a-da yerləşən digər bir bir otaqlı mənzilini onlara müəyyən şərtlərlə təklif etmişdim. Cavabdeh ilk olaraq rədd cavabı vermişdi lakin az müddət sonra təklifim ilə razılaşmışdır. Sözügedən ikinci mənzilimi arakəsmə ilə mənə böldürmüşdür.Təmir böldürdükdən sonra köçməkdən imtina etmişdir və hətta ilkin yaşadıqları Əliyar Əliyev 7 mənzil 29-da qəfildən ani tərk edib Lənkəran rayonuna getmişdir. Gedəndə cavabdeh yaşadığı mənzildən özü ilə bütün mətbəx mebelini və avadanlıqlarını (soyuducu,qaz,aspirator və sair) götürüb aparmışdır. Bu isə iddiaçıya vurulan 1200,0 azn-dən çox ziyan deməkdir (arakəsmənin ziyanı 800,0 azn-n çox). Əlavə olaraq cavabdeh qərəzli şəkildə 2020-ci ilin yanvar ayından sonra həmin mənzilin pasport qeydiyyatından çıxmağı rədd edir. Bu isə iddiaçının mülkiyyətçi hüquqlarına ciddi şəkildə mane olur. Həmin mənzilə dair gözlədiyi minlərcə azn maddi gəlir ziyanı olmuşdur.Beləliklə cavabdehin şəxsi qərəzliyi və qeyri-adekvat hərəkləri nəticəsində iddiaçıya toplamda ən azı 10000,0 azn-dən çox ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini təmin edən qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda 15.09.2021-ci il tarixdə teleqramla müraciət edərək, iddia tələbini əssassız olduğunu, iddiaçı tərəfindən ona mənzil təklif edilmədiyini, zinət əşyalarının iddiaçıda qaldığını və cehiz əşyaların da tam olaraq götürə bilmədiyini bildirmiş və azyaşlı övladları ilə birlikdə Lənkəran şəhərində qalması səbəbindən məhkəməyə gəlməkdə çətinlik çəkdiyini qeydedərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, o iddiaçıya məxsus evdə əlyar Əliyev küçəsi 7 mənzil 29-un bütün təmir tikinti işlərini 2019-cu ilin fevral-mart aylarında etmişdir. Həmin dövrdə Cavabdeh həmin mənzilə əşyalar yığdılar. X1 bir il sonra 2020-ci ilin fevral-mart aylarında yenidə həmin mənzildə işləyən zaman həmin mənzildəyeni əşya və avadanlıqlar görmüş, bunun səbəbini soruşduqda isə İddiaçı ona Cavabdeh bütün əşyaları həmin mənzildən çıxardığını bildirmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar