Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4202/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun və ya avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30.000 ABŞ (otuz min) dollar məbləğində pulun, vaxtında həmin pulu qaytarmadıqları üçün gecikdirməyə görə əlavə 2000 ABŞ (iki min) dolları faiz məbləğində pulun və ya “X4 Rover" minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 ər-arvad olmuşlar və nikah dövründə əldə etdikləri 2014-cü il buraxılışlı, “X4 ROVER” minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobilini satmaq qərarına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən 30.000 ABŞ dollarına həmin avtomobilin mülkiyyətçisi Cavabdeh2 əri Cavabdeh1 satın almış və 10 yanvar 2020-ci il tarixində həmin avtomobilə görə sürmək üçün 10 ay 26 günlük etibarnamə verilmiş, etibarnamənin müddəti 06 noyabr 2020-ci il müəyyən edilmişdir. Təxminən 2020-ci ilin dekabr ayında “X4 ROVER” minik markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə verilən etibarnamənin müddətini artırmaq üçün müraciət edəndə Cavabdeh1 ilə Cavabdeh2 aralarında olan nikahın pozulduğunu və bunun üçün etibarnamə verə bilməyəcəklərini bildirmişdir. İddiaçı sonda 2014-cü il buraxılışlı, “X4 ROVER” minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobili və ya avtomiobil üçün ödədiyi 30.000 ABŞ dollarının qaytarılmasını tələb etsə də Cavabdeh1 digər Cavabdeh2 ilə münasibətlərinin kəskinləşdiyini və buna görə də məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Bu faktı Cavabdeh1 istənilən vaxt məhkəmə iclasında iştirak etməklə təsdiq edə bilər. Qeyd edilənlərə əsasən hesab edir ki, göstərilən hüquq normalarına uyğun olaraq məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək caydada 30.000 ABŞ (otuz min) dollar pulun, vaxtında həmin pulu qaytarmadıqları üçün gecikdirməyə görə əlavə 2000 ABŞ (iki min) dollar faiz və ya "X4 ROVER” minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, ** SR *** dövlət qeydiyyat nişanlı X4 Rover minik markalı avtomobil 04.12.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. ƏN-Vİİ 041813 №-li etibarnamədən görünür ki, Cavabdeh2 ** SR *** dövlət qeydiyyat nişanlı X4 Rover minik markalı avtomobili İddiaçı 06.12.2020-ci il tarixədək 10 ay 26 gün müddətinə etibar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli 2(005)-797/2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddia ərizəsində qeyd olunan -1 ədəd dəyəri 29500 manat 2,5 karaqtlıq tək brilyant qaşlı 750 əyarlı italyan qızılı olan nişan üzüyü Cavabdeh1 alınaraq Cavabdeh2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. AR DİN BDYPİ-nin 25.09.2021-ci il tarixli, 016-112558-1221 №-li məktubundan görünür ki, 13 avqust 2021-ci il tarixli 2(005)-4202/2021 nömrəli məktubla göndərilmiş Nərimanov Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli 2(005)-4202/2021 nömrəli qərardadının icrası ilə əlaqədar bildirilir ki, “X4 Rover “ markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.05.2021-ci il tarixdə özgəninkiləşdirdiyi üçün qərardadın icrası mümkün olmamışdır. Məhkəmə iclasında şahid X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh1 atasıdır. ** SR *** dövlət qeydiyyat nişanlı X4 Rover minik markalı avtomobili Cavabdeh1 ilə Cavabdeh2 birgə nikah dövründə əldə etmiş, avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir. Daha sonra qeyd edilən avtomobil 30.000 ABŞ dollarına İddiaçı satılmış, lakin alqısatqı müqaviləsi bağlanmamış, avtomobil İddiaçı etibarnamə əsasında verilmişdir. Daha sonra oğlu ilə gəlin arasında münasibr korlanmış, nikah pozumuş, avtomobil iddiaçıdan geri alınmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 08.11.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahda olduqları dövrdə Cavabdeh2 04.12.2019-cu il tarixdə ** SR *** dövlət qeydiyyat nişanlı X4 Rover minik markalı avtomobili alqısatqı müqaviləsi əsasında əldə etmişdir. Daha sonra qeyd edilən avtomobilə dair İddiaçı alqı-satqı niyyəti ilə etibarnamə verilmiş, İddiaçı isə avtomobilə görə 30.000 ABŞ dolları məbləğində cavabdehlərə ödəniş etmişdir. Lakin tərəflər arasında nikah pozulduqdan sonra Cavabdeh2 avtomobilə dair verilmiş etibarnamənin müddətinin uzadılmasından imtina etmiş, avtomobil iddiaçıdan geri alınmışdır. Bu səbəbdən iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi İddiaçı tərəfindən avtomobilə görə cavabdehlərə 30000 ABŞ dolları verilməsi məhkəmə iclasında ifadə vermiş cavabdehin atası şahid X2 tərəfindən təsdiqlənmişdir. Həmin məbləğ tərəflərin birgə nikahda olduqları vaxtda onların ümumi birgə təsərrüfatlarına xərcləndiyindən məhkəmə hesab edir ki, avtomobilə görə ödənilmiş 30.000 ABŞ dolları məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Məhkəmə iddia tələbini 2000 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində iddiaçı tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavavdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.000 (otuz min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4202/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4202/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver