Məhkəmə qərarları › İş №2(005)-423/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-423/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-423/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar X7 və X4 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X7 və X8 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışlar ki, 2019-cu il tarixdə Cavabdeh Novxanı kəndinin ərazisində 1 sot torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinə 5000 manat məbləğində nağd pulu hissə-hissə şəklində ödəmişlər. Həmin ərazidə ev tikmək istəyirdilər. Sonradan məlum olmuşdur ki, Cavabdeh onları aldatmış, heç bir sənədi olmayan torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsində heç bir iş görə bilmir, nə ağac əkə, nə ev tikə bilir. Cavabdehdən torpaq sahəsinin sənədini verməyini və ya pulun geri qaytarılmasını tələb etsələr də, lakin müxtəlif bəhanələrlə artıq ikinci ildir ki, nə torpaq sahəsinə dair sənədi təqdim edir, nə də ki, ödənilmiş 5000 manat məbləğində pulu geri qaytarır. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər 1-ci Polis İdarəsinə müraciət edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təhqiqata məlum olmayan Sərdar adlı şəxs 2019-cu ilin oktyabr ayında təhqiqata məlum olmayan gündə Sumqayıt şəhəri Novxanı bağlar ərazisində yaşayan İran-İslam Respublikası vətəndaşı, Vosooghıfard Babək Abdulqasım oğlu ilə tanış olaraq Babək Vosooghıfardın torpaq almaq istədiyini bilib ona torpaq almasına kömək edəcəyini vəd edərək Babək Vosooghıfarddan Sumqayıt şəhəri Novxanı bağlar ərazisini onun üçün aldığını bildirmiş, lakin hər hansı bir sənəd təqdim edə bilməyərək Babək Vosooghıfardı etibarından sui istifadə etməklə aldadaraq 5000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Təhqiqat zamanı Sərdar adlı şəxsin etibarından sui-istifadə edərək 5000 manat maddi ziyan vurması öz təsdiqini tapmışdır. Lakin qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixli qərarı ilə Sərdar adlı şəxsin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin pul tələbi ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək izah olunmuş, bu səbəbdən də hazırki ərizə ilə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianın əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Digər iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İltizamdan görünür ki, X1 Sərdar Abbasəli oğlundan 1 sot torpaq sahəsini almış, 2000 manat pul vermiş və daha 3000 manat hissə-hissə ödəyəcəkdir. xx.xx.2019-cu il tarixdə 500 manat pul ödəmiş və 2500 manat borc qalmışdır. Cavabdeh 2000 manat məbləğində pul aldığını və 3000 manat pulu alacağını qeyd etmişdir. X7 1 sot torpaq sahəsini aldığını qeyd etmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh 500 manat məbləğində pul almasını və 2500 manat borcun qalmasını qeyd etmiş və imzalamışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh 500 manat məbləğində pul almasını və 2000 manat borcun qalmasını qeyd etmişdir. Daha sonra 500 manat və 700 manat məbləğində ödənişlərin edilməsi qeyd edilmiş və imzalanmışdır. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X9 “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X7 xx.xx.2023 cü il tarixdə DİN-nin 102 XZMS-nə zəng edərək məlumat vermiş və Sumqayıt ŞPİ 1-ci PB-nə ərizə yazaraq 2019-cü ilin oktyabr ayında Sumqayıt şəhər sakini kimi tanıdığı Sərdar adlı şəxslə tanış olduğunu, Sərdarın ona Sumqayıt şəhəri Novxanı bağlar ərazisində torpaq ala biləcəyini dediyini, elə həmin ayda Sərdara Novxanı bağlar ərazisində 5000 manat pul verdiyini, Sərdarında ona həmin ərazidə 100 kv.m torpaq sahəsi göstərdiyini, lakin sonra həmin torpaq sahəsinin sənədini ona verə bilmədiyini və onu aldatdığını bildirmişdir. Təhqiqat zamanı Sərdar adlı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibi olmasına baxmayaraq onun qeyd edilən cinayət əməlini törətdiyi gündən 2 il keçdiyindən onun cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Sərdar adlı şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər hissəhissə ödəniş edilməklə torpaq sahəsinə dair alqı-satqı barədə razılığa gəlmişlər. Cavabdeh torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərində bəzi çatışmamazlıqlar olduğu üçün iddiaçı tərəfdən müəyyən vaxt istəmiş, bu səbəbdən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi notarial qaydada bağlanması mümkün olmamışdır. Lakin, tərəflər öz aralarında pulun alınıb-verilməsi barədə iltizam tərtib etmişlər. Cavabdeh tərəf torpaq sahəsinə dair sənədləri qaydasına sala bilməmiş və iddiaçı tərəf bundan narazı qalaraq pulu geri tələb etmişdir. Qeyd edilən mübahisə ilə bağlı iddiaçı tərəf polis orqanlarına müraciət etmiş, lakin cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən iddiaçı tərəf hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Sadalanan mülki qanunvericiliyin normalarına əsasən müəyyən etmək olar ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İltizam subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, əqdin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, yəni torpaq sahəsini iddiaçıların mülkiyyətinə verməmiş, həmçinin torpaq sahəsi üçün aldığı ödənişi geri qaytarmamış, bununla da üzərinə düşən öhdəliyi icra etmədiyi halda ödənişi özündə saxlayaraq əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçılar X7 və X8 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, pulun cavabdehdən alınıb onlara verilməsini xahiş etsələr də, iddia iddiaçı X5 münasibətdə rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdeh pulu iddiaçı X2 almışdır. İddiaçı X7 cavabdehə ödənilmiş pulun bir hissəsi digər iddiaçıya məxsus olduğunu qeyd etmişdir. Lakin cavabdehlə torpaq sahəsinin alqı-satqısına razılıq X7 ilə olmuş və ödənişi X7 etmişdir. Göründüyü kimi X4 cavabdehdən pul tələb etmək hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 4200 manat hissədə əsaslı olduğundan, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iltizamdan göründüyü kimi iddiaçı X7 tərəfindən cavabdehə müxətilf vaxtlarda cəmi 4200 manat məbləğində pul verilmişdir. Qalan 800 manat pulun verilməsinə dair sübut təqdim edilməmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələri təşkil edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünü bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mülki işin materiallarında olan yazılı iltizam cavabdehə tələb olunan məbləğdə pul verdiyini sübut etdiyi halda, cavabdehin bunun əksini təsdiq edən hər hansı tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş iltizamın cavabdeh tərəfindən yazılmağını iddia olunan sənəddə imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsi məsələsinin araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi zəruri olsa da, cavabdeh məhkəmə iclasında vəkillə təmsil olunmuş, cavabdeh iddia etdiyi halın sübutu doğrultusunda zəruri addımları atmaq üçün cəhdlər göstərməmişdir. Məhkəmə xüsusi vurğulayır ki, cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarında iddia etdiyi halın sübuta yetirilməsi üçün imza nümunələri təqdim etməsi üçün lazımi qaydada məlumatlandırılmasına rəğmən məhkəməyə gəlmir, nümunələri təqdim etmir. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı mülki mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini –sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4200 manat məbləğində pul tutularaq iddiaçı X6 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4200 manat məbləğində pul tutularaq iddiaçı X6 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X5 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar