Məhkəmə qərarları › İş №2(005)-4243/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4243/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4243/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli EHKN-00107-01/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 05.08.2021-ci il tarixinə ödənilməmiş 2625.44 manat əsas borc, 488.06 manat faiz borcu, 1565.34 manat dəbbə borcu, ümumilikdə 4678.84 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye" Filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli EHKN- 00107-01/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 5000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Bank "xxxx" ASC-nin “Sənaye" Filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli EHKN-00107-01/19A saylı kredit müqaviləsindən müəyyən olunur ki, Bank cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermişdir. İş materialarında olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 265 manat, son ay üçün isə 242.42 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin 05.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 22.08.2019-cu il tarixli EHKN-00107-01/19A saylı kredit müqaviləsinə əsasən Cavabdeh 05.08.2021-ci il tarixə olan borcu 2625.44 manat əsas borc, 488.06 manat faiz borcu, 1565.34 manat dəbbə borcu, ümumilikdə 4678.84 manat borcu vardır. İş materiallarında olan 20.05.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh 5000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 22.08.2019-cu il tarixli EHKN-00107-01/19A saylı kredit müqaviləsi üzrə 2625.44 manat əsas borc, 488.06 manat faiz borcu hissəsində iddia tələbi təmin edilməlidir. Bununla yanaşı məhkəmə 2625.44 manat məbləğində əsas borca 1565.34 manat cərimə borcunun hesablanmasını tənasübsüz surətdə yüksək hesab edir və onun 260 manat müəyyən edilməsini ədalətli hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi nəticəsinə gəlir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli EHKN-00107-01/19A saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh həmin kredit müqaviləsindən irəli gələn 05.08.2021-ci il tarixinə ödənilməmiş 2625.44 manat əsas borc, 488.06 manat faiz borcu, 260 manat dəbbə borcu, ümumilikdə 3373.5 (üç min üç yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar