Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4248/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olan 14 iyun 2004-cü il təvəllüdlü X3 üçün Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsinə ödədiyi təhsil haqqı 4500 manat miqdarında pulun yarısının - 2250 manatın tutulması və 12 sentyabr 2006-cı il təvəllüdlü X4 üçün təyin olunmuş 137 manat sabit pul miqdarında olan alimentin dəyişdirilərək 220 manat sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 oktyabr 2002-ci ildə 624 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 14 iyun 2004-cü ildə X3, 12 sentyabr 2006-cı ildə X4 anadan olmuşdur. 14 iyun 2004-cü il təvəllüdlü X3 Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsində əyani ödənişli 3 kursda təhsil alır, 4500 manat 1 illik təhsil haqqıdır. 12 sentyabr 2006-cı il təvəllüdlü X4 Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Memarlıq" fakültəsinə əyani təhsil almaq üçün daxil olub. Övladları ilə cavabdehdən ayrı yaşayır, tək özü bu xərcləri qarşılaya bilmir. Qərara gəlmişdir ki, alimentin artırılmasına və qızlarının təhsili üçün ödədiyi 4500 manat miqdarında pulun yarısını 2250 manatı atası tərəfindən ödənilməsinə görə məhkəməyə müraciət etsin. Nərimanov rayon məhkəməsində 18 noyabr 2015-ci il tarixində 2(005)-6351/2015 saylı qətnaməsi ilə uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində aliment tutulmuşdur. Nərimanov rayon məhkəməsində 28 aprel 2017-ci il tarixində 2(005)-3075/2017 saylı qətnaməsi ilə uşaqların saxlanılmaları üçün tutulmuş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Yasamal rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(004)-1932/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar öz yanında saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə dəftərxana vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 üçün təyin olunmuş 137 manat sabit pul məbləğində olan alimentin dəyişdirilərək 220 manat sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini və alimentin 220 manat məbləğinə artırılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, "xxxx" MMC-də müdir müavini vəzifəsində işləyir. 565 manat məbləğində əmək haqqı alır. Övladının təhsil haqqı üçün o birinci kursda olarkən avtomobilini sataraq 1.500 manat məbləğində ödəniş etmişdir. Alimentlə bağlı hər hansı bir narazıçılığı yoxdur, lakin təhsil haqqının ödənilməsinə imkanı yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 fevral 2016-cı il tarixli, AZ- İİİ seriyalı 704372 saylı təkrar doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. - Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 893208 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 sentyabr 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6351/2015 saylı 16 noyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 20 oktyabr 2015-ci il tarixdən başlayaraq, 14 iyun 2004-cü ildə anadan olmuş X1 və 12 sentyabr 2006-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər bir uşağa 108 (bir yüz səkkiz) manat, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı İslam qızına ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3075/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunmuş, 14 iyun 2004-cü il təvəllüdü X1 və 12 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh hər bir uşağa görə sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat olmaqla, iki uşağa görə cəmi 274 (iki yüz yetmiş dörd) manat alimentin ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1932/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində xx.xx.2002-ci il tarixdə 624 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması qət edilmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən gəlir məlumatları altsistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də müdir müavini vəzifəsində işləyir, əmək haqqı 630 manatdır. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3075/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə uşaqların hər biri üçün 137 manat olmaqla, cəmi 274 manat aliment tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1932/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanmışdır. Hazırda uşaqların biri yetkinlik yaşına çatmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək oğlu üçün nəzərdə tutulmuş 137 manat sabit pul məbləğində olan alimentin dəyişdirilərək 220 manat sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3075/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə 12 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşağın altı yaş böyüməsi, təhsili, tələbatlarının artması da nəzərə alınmaqla, onun saxlanması üçün kifayət deyildir və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə uşağın yaş həddini, onun təhsilini, tərəflərin maddi vəziyyətini, cavabdehin işləməsini, onun əmək haqqını, 2023-cü il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, cavabdehin aliment ödənilməsinə etiraz etməməsini, habelə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin 220 manat həcmində artırılmasını məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli. Cavabdeh 12 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3075/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli. Cavabdeh 12 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. VI. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 12 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3075/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 12 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4248/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4248/2023
07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver