Məhkəmə qərarları › İş №2(005)-4255/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4255/2021

06.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4255/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Nərimanov Rayon Bələdiyyəsi və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Rəhimli " firmanın nəzdində fəaliyyət göstərən “Görüş" kafesinin Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsi Böyük Şor istiqamətində «Dəmir Darvaza» İstiqamətində giriş–çıxışına caabdeh Cavabdeh1 və digər şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 “Rəhimli " firması təşsis etmiş və firmanın nəzdində “Görüş" kafesi təşkil etmişdir. “Rəhimli" firmasının təsisçisi X3 olmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti Başçısının 821 №li 06.09.1994-cli il tarixli Sərəncamı ilə “Görüş" kafesinin “Rəhimli" firmasının nəzdində fəaliyyət göstərməsinə icazə verilmişdir. Bundan sonra Bakı şəhəri icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsilə razılaşdırılmış Eskiz layihəsi hazırlanmışdır. Eyni zaman da “Görüş" kafesinin fəaliyyət göstərdiyi sahənin “TEXNİKİ PASPORTU" tərtib edilmiş və AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakımın İnventarlışdırması İdarəsi tərəfindən təsdiq edilmişdir. Kafenin fəaliyyət göstərdiyi ərazi dövlət əmlakına aid olduğu üçün 30.04.2001-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi ilə 4816 №li İcarə Müqaviləsi bağlanmışdır. Müqavilə müddətsiz olmuşdur. Qeyd edilir ki, “Görüş" kafesi Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllədə fəaliyyət göstərmiş və “Görüş” kafesinin tikili altında sahəsi 247.9 kv.m və kafenin ümumi ərazisi isə 310. kv.m. olmuşdur. “Görüş" kafesinin yerləşdiyi əraziyə giriş yolu “Böyük Şor" küçəsi tərəfindən iki istiqamətdən olmuşdur. Bir tərəfdən kafeyə giriş piyada insanlar üçün ikinci tərəf isə avtomobillərin kafeyə girişi üçün müəyyən edilmişdir. Kafeyə avtomobillərin girişi üçün “ dəmir darvaza“ qoyulmuşdur. Qeyd edilir ki, “ Görüş" kafesinin idarəçiliyi 2 saylı ASAN Xidmət Mərkəzində Notariat Kontorunun 30.07.2018-ci il tarixdə 7E-34631 №li resyestr qeydi ilə təsdiq etdiyi ƏN-İN:741843 saylı Etibarnamə vermişdir. Hazırda kafenin idarəçiliyni o həyata keçirir. Lakin son zamanlar Kafeyə avtomobillərin girişi üçün nəzərdə tutulmuş hissəsi cavabdeh X4 tərəfindən zəbt edilmişdir. Bir neçə dəfə giriş qapısı tərəfdən avtomobillərin girişinə yaradılan maneənin aradan qaldırılması barədə xahişlərinə cavabdeh Əsgərova məhəl qoymur və bildirir ki, guya kafenin girişinin Dəmir Darvaza qoyulmuş hissəsini Bələdiyyə sənədi əsasında almışdır lakin həmin sənədi təqdim etmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Etibarnamənin sürətindən görünür ki, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsi X2 tərəfindən İddiaçı etibar edilmişdir. AR Dövlət Əmlak Komitəsinin 25 iyul 1999-cu il tarixli Texniki pasportuna əsasən, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllədəki qeyri-yaşayış sahəsi “Rəhimli” Təsərrüfat Assosiasiyasının mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Tərəflər arasında mübahisə, iddiaçı olaraq İddiaçı «Rəhimli " firmanın nəzdində fəaliyyət göstərən “Görüş" kafesinin giriş–çıxışına Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İ kinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, iddiaçının Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəlləsində yerləşən qeyri-yaşayış sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduqlarını əsaslandırmamışdır. Belə ki, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllədə olan qeyri-yaşayış sahəsi hazırda iddiaçıya və ya başqa şəxsə məxsus olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən qeyriyaşayış sahəsinin istifadəsi X2 tərəfindən İddiaçı etibar edilməsi iddiaçıya məhkəmə müdafiəsini üçün əsas vermir, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Bu baxımdan, iddia tələbi subyektiv hüquq olmaması əsası ilə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Nərimanov Rayon Bələdiyyəsi və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Nərimanov Rayon Bələdiyyəsi və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar