Məhkəmə qərarları › İş №2(005)-4275/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4275/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4275/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5929,62 manat, bundan 1968,64 manat əsas, 1109,58 manat faiz, 2560,88 manat cərimə, kredit müqaviləsi bitəndəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 290,52 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.11.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 11.07.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5544,53 manat müəyyən edilmiş, kreditin müddəti 11.07.2018-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə 05.11.2015-ci il tarixli, ZM-390012648 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 21.06.2021-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5929,62 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 390012648 nömrəli, 05.11.2015-ci il tarixli kredit müqaviləsidən görünür ki, bank tərəfindən Cavabdeh1 12 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 390012648 nömrəli, 05.11.2015-ci il tarixli kredit müqaviləsinə Əlavə № 1-dən görünür ki, restrukturizasiya edilmiş kreditin müddəti 11.07.2018-ci il tarixədək təşkil edir. 05.11.2015-ci il tarixli, 390012648/ZM nömrəli Zaminlik müqaviləsindən görünür ki, ********* nömrəli, 05.11.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. 30.06.2021-ci il tarixli **********107 nömrəli cədvəldən görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə 21.06.2021-ci il tarixinə yaranmış tələbə əsasən müqavilə üzrə əsas borc 1968,64 manat, müqavilə müddəti üzrə hesablanmış və tələb olunan faizlər 1109,58 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 2560,88 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 290,52 və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 5929,62 manat müəyyən edilmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 13.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 13.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Qazax rayonu, Aslanbəyli kəndində ünvanında qeydiyyatdadır. 23.06.2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehdən tələb olunan borcun ödənilməsi 3 (üç) gün ərzində təmin edilməlidir. Əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış fazilərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2560,88 manat cərimə borcu məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbində cavabdehdən kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun tutulması ilə iddia tələbinə münasibətdə qeyd edir ki, həmin hesablanmış faiz kredit müqaviləsinin bitdiyi tarixdən hesablanmış məbləğ olaraq qətnamə qəbul ediləcək günədək hesablanmalı olduğundan tələb əsaslıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə 12 ay müddəti tətbiq edilməklə 10000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 ilə qeyd olunan kredit müqaviləsinin təmini kimi zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı LPO "xxxx" ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmiş hissəsinə mütanasib olaraq 17,30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada LPO "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 1968,64 manat əsas, 1109,58 manat faiz, 50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 290,52 manat faiz borcu olmaqla, cəmi 3418,74 manat və həmçinin iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 17,30 manat məbləğində dövlət rüsumu LPO "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.11.2015-ci il tarixli kredit kartın müqaviləsinə əsasən 1968,64 manat əsas, 1109,58 manat faiz, 50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 290,52 manat faiz borcu olmaqla, cəmi 3418,74 (üç min dörd yüz on səkkiz manat 74 qəpik) manat və həmçinin iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 17,30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar