Məhkəmə qərarları › İş №2(005)-4296/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4296/2021

23.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4296/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı, nümayəndəsi və vəkili X4, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi, mənzilin bölünməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu ünvan 1 ünvanındakı mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 04.10.2011-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 20.02.2012-ci il təvəllüdlü X5 və 12.05.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh Nərimanov Rayon Məhkəməsində ona qarşı nikahın pozulması və uşaqlarla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Nikahın pozulmasına gəldikdə isə, ailənin dağılmasını istəmirdi, bir arada yaşamaları üçün əlindən nə gəlirsə etsə də, heç nə alınmadı. Hazırda müvəqqəti olaraq Şabran rayonu, Zeyvə kəndində atası gildə qalır, heç bir yerdə işləmir. Burada qalmağı demək olar ki, mümkünsüzdür, çox çətinliklər yaradır. Lakin başqa qalası yeri yoxdur, kirayədə qalmağına isə pul yoxdur. Azyaşlı övladlarının maddi xərclərini təmin edə bilmir. Ona məxsus bütün əmlakı və cehiz, qızıl-zinyət əşyalarının hamısı ünvan 1 ünvanındakı evdədir. Onun və övladının başqa yaşamağa yeri yoxdur. Ona görə də, qeydiyyatda olduğu, istifadəsində olan evdə, otaqlarda övladları ilə istifadə hüququnun məhkəmə qaydasında tanınmasını istəyir. Mübahisəli mənzildə 2016-cı ildən cavabdehin və qohumlarının razılığı ilə istifadə hüququ əldə etdiyi üçün yetkinlik yaşına çatmayan övladları ilə həmin mənzildə hazırda yaşadığı mənzildə istifadə hüququ tanınmalıdır. Daha sonra iddia tələbinin həcminin artırılması qaydasında əlavə iddia ərizəsi verərək, İddiaçı ünvan 1 ünvanındakı mənzildən iki azyaşlı uşağı ilə birlikdə istifadə hüquqlarının tanınması və istifadə qaydalarının müəyyən edilməsi, həmin mənzilin bölünməsi, mənzilin Cavabdeh mülkiyyətində olan hissəsinin ücdə iki hissəsinin İddiaçı verilməklə, həmin hissəyə onun mülkiyyət hüququ tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması qaydasında əlavə iddia ərizəsi təqdim edərək, ünvan 1 ünvanındakı mənzilin “X12” MMC adından X11 tərəfindən Cavabdeh bağışlanmasına dair Bakı şəhər 9 saylı Notariat Kontorunda 20.04.2017-ci ildə təsdiq edilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26.01.1993-cü il tarixli Azərbaycan Respublikasının Qanunu əsasında özəlləşdirilmiş hesab olunması, İddiaçı ünvan 1 ünvanındakı mənzildən iki azyaşlı uşağı ilə birlikdə istifadə hüquqlarının tanınması və istifadə qaydalarının müəyyən edilməsi, həmin mənzilin bölünməsi, mənzilin Cavabdeh oğlunun mülkiyyətində olan hissəsinin ücdə iki hissəsinin İddiaçı verilməklə, həmin hissəyə onun mülkiyyət hüququ tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, məhəllə 1969, 5 saylı evin, 3 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 04.10.2011-ci ildə ailə qurmuş və bu nikah faktı nikah şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Birgə nikahdan 20.02.2012-ci il tarixdə X5 və 12.05.2013-cü il tarixdə X6 dünyaya gəlmişdir. Artın 4 aya yaxın vaxtdır ki, ailə faktiki olaraq mövcud deyildir. Nikahın pozulması ilə bağlı 2(005)- 2920/2021 saylı mülki iş Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın icraatındadır. Məhkəmə tərəfindən nikahın pozulması üçün verilmiş 3 ay müddət artıq bitmiş, mülki iş yekunlaşmaq ərəfəsindədir. Hazırda nikah məhkəmə tərəfindən pozulmaq üzrədir. Nərimanov rayon İcra Hakimiyyətinin 24.04.2009-cu il tarixli 129 saylı Sərəncamına əsasən Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən bütün məhəllələrdə mühüm Dövlət obyektinin tikintisi ilə bağlı həmin ərazidəki evlərdə yaşayan sakinlərin köçürülməsini təmin edilməsi məqsədilə A.M.Cümə küçəsi 1969-cu məhəllədə yaşayan evlərinin tikintisinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş memarlıqplanlaşdırmasının eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23.04.2009-cu il tarixli, məktubu razılaşdırılmışdır. Xan Şuşinski küçəsində yerləşən bütün məhəllələrdə yaşayan sakinlərin köçürülməsini təmin edilməsi məqsədilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun olaraq, "xxxx" MMC tərəfindən A.M.Cümə küçəsi 1969-cu məhəllədə şəhərciyin salınmasına icazə verilməsi qərara alınmışdır. Həmin Sərəncama əsasən Nərimanov rayonu, Xan Şüşinski küçəsində ki, valideynlərinə məxsus olmuş mənzil sökülmüş və əvəzində Bakı şəhəri, A.M.Cümə küçəsi, məhəllə 1969 tikilib başa çatmış ev 5, mənzil 3-də yerləşən 3 otaqlı yaşayış evi valideynlərinə verilmişdir. Bununla bağlı olaraq atası X7 Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 24.04.2009-cu il tarixli 129 saylı Sərəncamına əsasən 30.04.2009cu il tarixli 006002 saylı Order verilmişdir. 31.01.2016-cı il tarixdə atası Adil Hacıyev vəfat etmiş, buna görə də Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 14.06.2016-ci il tarixli 190 saylı Sərəncamı ilə Bakı şəhəri, A.M.Cümə küçəsi, məhəllə 1969, ev 5, mənzil 3 ilə bağlı kirayə müqaviləsinin onun adına dəyişdirilmişdir. Daha sonra "xxxx" MMC ilə onun arasında notarial qaydada təsdiq olunmuş 22.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, A.M.Cümə küçəsi, məhəllə 1969, ev 5, mənzil 3 saylı mənzil adına keçmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş və ona Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrdən Çıxarış verilmişdir. Hazırda cavabdeh ona məxsus həmin mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmış, buna görə də cavabdehin təqsiri üzündən mənzil üzərindəki mülkiyyət hüquqları tam həyata keçirə bilmir. Cavabdehin formal olaraq həmin mənzildə qeydiyyatda olması mənzil üzərindəki mülkiyyət hüququnu pozur. Həmçinin zərərə düşərək cavabdehə görə əlavə olaraq kommunal xidmət haqlarını ödəməyə məcburdur. Cavabdeh mülkiyyətində olan həmin mənzildə yaşamır, onun göstərilən evdə qeydiyyatı formal xarakter daşıyır, buna görə də, cavabdehin ona məxsus mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili X8 ilkin iddianı müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil müddətin tətbiqi barədə ərizə verərək, X1 Cavabdeh qarşı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 56, məhəllə 1969, 5 saylı evin, 3 saylı mənzilin “X10” MMC tərəfindən Cavabdeh bağışlanmasına dair Bakı şəhər 9 saylı Notariat Kontorunda 22.04.2017-ci ildə təsdiq edilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, aşağıda göstərilənlərə əsasən belə hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X20 küçəsi 56, ev 5, 3 saylı mənzil 1 otaq 17.9 kv.m sahədə X2 və qalan hissədə Cavabdeh adına 29.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 22.04.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” “X12” MMC “hədiyyə alan” Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X20 küçəsi 56, ev 5, 3 saylı mənzili tam hissədə mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 24.04.2009-cu il tarixli, 129 saylı sərəncamına və 13.05.2013-cü il tarixli, 230 nömrəli məktubuna əsasən həmin müqavilə rəsmiləşdirilmişdir. 006002 nömrəli Orderin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X20 küçəsi 56, ev 5, 3 saylı mənzildə 7 nəfər ilə yaşamaq hüququ verilmişdir. Orderin verilməsi üçün əsas Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 24.04.2009-cu il tarixli, 129 saylı sərəncamı olmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 14.06.2016-cı il tarixli, 190 saylı Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X20 küçəsi 56, ev 5, 3 saylı mənzilinin kirayə müqaviləsi, ailə tərkibi 7 nəfər olmaqla Cavabdeh adına dəyişdirilsin və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Cavabdeh ilə həmin mənzilə kirayə müqaviləsinin bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılması “X12” MMC-yə tapşırılmışdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah 04.10.2011-ci il tarixdə bağlanmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 24.04.2009-cu il tarixli, 129 saylı Sərəncamının surətindən görünür ki, Xan Şüşinski küçəsi 1070-1072-1073-1076 saylı məhəllələrdə mühüm Dövlət obyektinin tikintisi ilə bağlı həmin ərazidəki evlərdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yaşayış evlərinin tikintisinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz layihəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23.04.2009-cu il tarixli, 18/03-8/1042 nömrəli məktubu ilə razılaşdırılmışdır. AZE 18572298 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2l tarixli qətnamədən çıxarışdan görünür ki, Hacıyeva (Bayramova) Günel Adgözəl qızı ilə Cavabdeh arasında nikahın pozulması, birgə nikahdan olan uşaqların analarının yanında qalması və onların yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında 04.10.2011-ci il tarixdə nikah bağlanmış və ailə kimi yaşamışlar. Lakin ailə münasibətləri pisləşmiş və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İlkin iddia üzrə İddiaçı 2011-ci il tarixdə ilkin iddia üzrə Cavabdeh hal-hazırda mülkiyyətində olan evə gəlin köçmüş və ailə kimi qeyd olunan ünvanda yaşamışlar. Hazırda İddiaçı iddia predmeti olan mənzildə yaşamır. Hazırda ilkin iddia üzrə iddiaçı iddia predmeti olan mənzilin Cavabdeh düşən payın üçdə ikisinin ona verilməsini və istifdə hüququnun tanınmasını xahiş etmişdir. Lakin ilkin iddia üzrə Cavabdeh qeyd olunan mənzil ona digər mənzilin əvəzi olaraq verildiyini və hazırda mənzil onun paylı mülkiyyətində olduğunu qeyd edərək, İddiaçı mənzildən qeydiyyatdan çıxarlmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsindən göründüyü kimi, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Göründüyü kimi, ünvan 1 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bağışlama müqaviləsinə əsasən onun adına qeydiyyatdan keçmişdir. Hal-hazırda isə mübahisəli mənzil 1 otaq 17.9 kv.m sahədə X2 və qalan hissədə Cavabdeh adına 29.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İlkin iddia üzrə İddiaçı mübahisəli ünvanda pasport qeydiyyatına alınsa da, hal-hazırda mülkiyyətçinin ailə üzvü hesab edilmir və tərəflər arasında bu barədə notarial razılaşma mövcud deyil. İddiaçı ilə Cavabdeh arasındakı nikahın pozulması 28.09.2021-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə iddiaçının istifadə hüququnun saxlanılması üçün də əsaslar məhkəmə araşdırılması zamanı müəyyən edilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, məhəllə 1969, 5 saylı evin, 3 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 53-cü maddəsindən göründüyü kimi, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, iş üzrə yekun qərar çıxarılana qədər iddiaçı iddianın ya əsasını, ya predmetini dəyişə bilər. Həm iddianın əsasını, həm predmetini dəyişmək yolverilməzdir və iddianın rədd edilməsi üçün əsasdır. İlk iddiaçı iddiasının həm əsasını, həm predmetini dəyişmiş və dəqiqləşdirmişdir, eyni zamanda iddiasının əsasını təşkil edən halların sübutunu da məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı iddia tələbinin həcminin artırılması qaydasında əlavə iddia ərizəsi təqdim edərək, ünvan 1 ünvanındakı mənzilin “X12” MMC adından X11 tərəfindən Cavabdeh bağışlanmasına dair Bakı şəhər 9 saylı Notariat Kontorunda 20.04.2017-ci ildə təsdiq edilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsindən göründüyü kimi, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunun mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, məhəllə 1969, 5 saylı evin, 3 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar