Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4308/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 manat məbləğində pul vəsaiti və ödənilmiş 21 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 1 ünvanında şəxsi fəaliyyət göstərən vəkil kimi tanımışdır. Cavabdeh özünü vəkil kimi təqdim edərək, ondan 300 manat məbləğində pul almış və qızını məhkəmədə təmsil edəcəyini, aliment və cehiz əşyaların alınmasına köməklik göstərəcəyini vəd etmişdir. 300 manat aldıqdan sonra cavabdehin vəkil olmadığını, vəkil olmayan şəxslərin məhkəmədə nümayəndə qismində tərəfi təmsil edə bilməyəcəyini öyrəndikdə, cavabdeh tərəfindən aldadılaraq, 300 manat pulunu ələ keçirdiyi məlum olmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək pulu geri qaytarmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh aldadaraq 300 manat məbləğində pulunu ələ keçirilməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş və cavabdeh polis bölməsində izahat verərkən, ondan 300 manat almasını etiraf etmiş və 150 manat hissəsini geri qaytarmaq istəmişdir. Pulunun hamısını birlikdə tələb etdiyindən, həmin 150 manatı da ödəməmiş, məbləğin hamısını birlikdə ödəyəcəyini vəd etmişdir. Lakin araşdırma bitdikdən sonra da 300 manat pulu qaytarmaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, müvafiq qanunvericiliyə uyğun olaraq hüquq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı ilə heç bir müqavilə bağlamamış, onun heç bir işini görməmiş, pulunu almamışdır. İddiaçının qızının X1 etibarnaməsi əsasında həyat yoldaşı ilə boşanaraq aliment ala bilməməsi və yaşayış yerinin olmadığı üçün ər evinə köçmək üçün hüquqi yardım göstərməyini istəmişdir. X2 hüquqi yardım göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 16.08.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh Nərimanov RPİ 17-ci Polis Şöbəsində verdiyi izahatın surətindən görünür ki, iddiaçının qızına hüquqi yardım göstərdiyi üçün onlardan zəhmət haqqı almışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5113/2020 saylı, 23.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh X3 qarşı atalığın müəyyən edilməsi və aliment tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı onun qızına hüquqi yardım göstərmək adı ilə 300 manat pul almışdır. Lakin aralarında müqavilə bağlanmamış, ödənilmiş pulun qəbzi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, cavabdeh iddiaçıya onun qızına hüquqi yardım göstərəcəyinə dair yalan vəd vermişdir. Cavabdeh etiraz ərizəsində həmin hüquqi yardımı etibarnamə əsasında göstərdiyini və hüquq sahəsində fərdi sahibkarlıqla məşğul olduğunu bildirmişdir. Lakin qanunvericiliyin tələblərindən aydın olur ki, cavabdehin iddiaçının qızına hüquqi yardım göstərməyə səlahiyyəti olmamış, olmuşsa da, buna dair sübut təqdim edə bilməmişdir. Cavabdeh fərdi sahibkarlıqla məşgul olduğunu, polis şöbəsində hüquqi yardım üçün zəhmət haqqı aldığını qeyd etmiş, lakin aldığı məbləğə dair qəbz verməmişdir. İddiaçı tərəfindən tələb etdiyi məbləğ yəni, 300 manat məbləğində pul məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4308/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4308/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver