Məhkəmə qərarları › İş №2(005)-4316/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4316/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4316/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X3 Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız kredit borcunun silinməsi və əlavə kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ondan əlavə kredit müqaviləsi əsasında tələb etdiyi 1610 manat borcun əsassız olduğuna görə və bu əlavə kredit müqasiləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 avqust 2014-cü il tarixdə “Bank of Baku" ASC-dən 24 ay müddətinə cəmi 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kreditə pul götürmüşdür. 2015-ci ilin fevral və dekabr aylarında dolların manata məzənnəsində artım əmələ gəldiyindən o “Bank of Baku" ASC-nin xeyrinə qrafik üzrə lazımınca ödənişlər etmədiyindən cavabdeh bank ona qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, bankın iddiası 2(002)-704/2018 saylı, 20 mart 2018-ci il tarixli Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qətnaməsi ilə təmin olunmuşdur və qətnamədən verdiyi apellyasiya şikayəti də təmin edilməmişdir. Məhkəmə qətnaməsi qüvvəyə minmiş və aidiyyəti üzrə icraya yönəldikdən sonra o “Bank of Baku" ASC-nin hesabına ödənişlər etmiş və banka olan borcunu demək olar ki, tam ödəmişdir. Lakin buna baxmayaraq, işdə adı gedən cavabdeh "xxxx" ASC iddiaçıdan yenə də artıq pul ödəməyi tələb edir və hətta bunun üçün də onunıa əlavə 5 (beş) il müddətinə kredit müqaviləsi də bağlamışdır. İddiaçı bu əlavə kredit müqaviləsi ilə razılaşmır və "xxxx" ASC-yə daha heç bir kredit borcunun qalmadığını bildirir. Lakin cavabdeh isə ondan yenə də ümumilikdə 1610 manat borc tələb edir. Bu mübahisəli borc məsələsi məhkəmə qaydasında və müvafiq məhkəmə qərarı ilə yekunlaşmalıdır.. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməmiş məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. 25 avqust 2014-cü il tarixdə “Bank of Baku" ASC-dən 24 ay müddətinə cəmi 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kreditə pul götürmüşdür. Həmin borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Qeyd olunan müqavilədən irəli gələrək Cavabdeh ASC ilə İddiaçı arasında məlum Fərmandan irəli gələn tələblər üzrə resrtukturizasiya müqavilələri bağlanmışdır. Cavabdeh ASC ilə borcalan İddiaçı arasında bağlanmış 15.11.2019-cu il tarixli, FR/36396/72 nömrəli güzəştli Kredit müqaviləsinə əsasən Cavabdeh ASC cavabdeh İddiaçı 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə hesablamaq şərti ilə 1610,89 manat məbləğində kredit verməyi, cavabdeh İddiaçı isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür. Buna görə də, həmin müqavilənin ləğv olunması və 1610 manat borcun silinməsi tələbi əsassızdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 avqust 2014-cü il tarixdə “Bank of Baku" ASC ilə İddiaçı arasında 24 ay müddətinə cəmi 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(002)-171/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı və X2 müştərək qaydada 2000,39 ABŞ dolları əsas borc və 422,97 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2423,36 ABŞ dolları borc pul vəsaiti (Azərbaycan manatına olan məzənnə ilə) və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6401/2018 saylı, 08.06.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(002)-171/2018 nömrəli qətnaməsi cavabdeh İddiaçı (apellyasiya şikayətinə) münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC ilə borcalan İddiaçı arasında bağlanmış 15.11.2019-cu il tarixli, FR/36396/72 nömrəli güzəştli Kredit müqaviləsinə əsasən Cavabdeh ASC cavabdeh İddiaçı 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə hesablamaq şərti ilə 1610,89 manat məbləğində kredit verməyi, cavabdeh İddiaçı isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə əsasən İddiaçı 60 ay ilk 12 ay (1,39; 1,30; 1,35; 1,44; 1,26 manat) ərzində hər ay 34,25 (sonuncu ay 34,40) manat ödəniş etməli idi; 15.11.2019-cu il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh ASC tərəfindən İddiaçı 1610,89 manat məbləğində kredit verilmişdir; 24.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə borcalan İddiaçı arasında bağlanmış 15.11.2019-cu il tarixli, FR/36396/72 nömrəli güzəştli Kredit müqaviləsinə əsasən Cavabdeh ASC cavabdeh İddiaçı 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə hesablamaq şərti ilə 1610,89 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı hazırda həmin kredit müqaviləsi üzrə 1610,89 manat məbləğində pulun silinməsini tələb edir və həmin borcun əsassız olmasını iddia edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İddiaçı Cavabdeh ASC ilə irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq tərəfləri «müqavilə azadlığı» prinsipinə uyğun olmuşdur. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli Plenumunun Qərarında qeyd olunur ki, müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində bağlanmış kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi mövcud olmuş, həmin müqavilə üzrə İddiaçı İddiaçı 60 ay ilk 12 ay (1,39; 1,30; 1,35; 1,44; 1,26 manat) ərzində hər ay 34,25 (sonuncu ay 34,40) manat ödəniş etmək öhdəliyini götürmüşdür. Digər tərəfdən, Cavabdeh ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, 25 avqust 2014-cü il tarixdə “Bank of Baku" ASC ilə İddiaçı arasında olan kredit müqaviləsi üzrə olan borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüş və 19.04.2019-cu tarixində kreditin restruktizasiya edilməsi üçün 1052,81 manat hesablanmış pul məbləği banka olan borcdan silinmiş, nəticədə ididaçının banka 947, 58 ABŞ dolları, yəni 1610,89 manat məbləğində borcu qalmışdır. Həmin borc məbləği üzrə Cavabdeh ASC ilə borcalan İddiaçı arasında bağlanmış 15.11.2019-cu il tarixli, FR/36396/72 nömrəli güzəştli Kredit müqaviləsi bağlanmışdır. Belə olan halda, həmin müqavilə üzrə müəyyən olunmuş borc tələbinin silinməsi, kredit müqasiləsinə xitam verilməsi tələbi əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız kredit borcunun silinməsi və əlavə kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız kredit borcunun silinməsi və əlavə kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar