Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-434/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Əli Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə avtomobilə dəymiş zərərə görə 2531 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı, buraxılış ili 2005ci il olan, **-KY-*** dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobili ilə Nardaran qəsəbəsi ərazisində hərəkət edərkən, Cavabdeh1 idarə etdiyi “Hyundai ix 35” minik markalı, **-EK- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətmiş, nəticə etibarilə idarə etdiyi avtomobilin ön hissəsinə ciddi şəkildə maddi ziyan vurmuşdur. DİN Sabunçu rayon DYPŞ tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırılmalar aparılmış, nəticədə məlum olmuşdur ki, Cavabdeh1 idarə etdiyi avtomobil onun həyat yoldaşı Cavabdeh2 məxsusdur və avtomobili etibarnamə, avtomobilin icbari qaydada sığortası olmadan idarə edirmiş. xx.xx.2024-cü il tarixdə Sabunçu DYPŞ tərəfindən İXM-in 332.1-ci, 469.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə Cavabdeh1 barəsində İXP ******* nömrəli protokol tərtib edilmiş və 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qüsur aktından göründüyü kimi yol hərəkəti qaydalarının pozulması nəticəsində ona 1541 manat və digər texniki xidmət işləri ilə birlikdə 2531 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra iddiaçı X6 məhkəməyə ərizə təqdim edərək əsl olmayan iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, “Opel Astra” minik markalı, buraxılış ili 2005-ci il olan, **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 avtomobili tək idarə etmiş və onun təqsiri ucbatından nəqliyyat vasitəsinə ciddi şəkildə ziyan vurulmuşdur. Onun maşınını isə X6 idarə etmişdir. Ekspertiza rəyinə etirazı yoxdur, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 hadisə baş verən vaxt nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etdiyini, qarşı tərəfin isə maşında tək olduğunu, yol-hərəkəti qaydalarını pozaraq hadisəyə səbəb olduğunu, onlara hər hansı zərərin ödənilmədiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, “Hyundai İX 35” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil 2011-ci ildə formal olaraq qaynı Cavabdeh2 adına alınmışdır və həmin tarixdən etibarən yoldaşı etibarnamə əsasında onu idarə edir. Yol-nəqliyyat hadisəsi baş verən zaman qaynı da onun yanında olmuşdur. Hər il avtomobil sığorta edilmiş, lakin sonuncu dəfə texniki səbəblərdən bu baş tutmamışdır. İddiaçının tələb etdiyi məbləğ həddindən artıq yüksəkdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Sabunçu rayon DYPŞ-nin TP ******* saylı qərarından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə saat 15:30-da Nardaran qəsəbəsi ərazisində “Hyundai İX 35” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə, icbari sığorta müqaviləsinin bağlanmamasına və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək İXM-in 327.1, 332.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır; - Sabunçu rayon DYPŞ-nin İXP ******* saylı protokolundan görünür ki, Nardaran qəsəbəsi ərazisində xx.xx.2024-cü il tarixdə saat 15:30-da “Hyundai İX 35” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 İXM-in 327.1, 332.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; - AYP041297 saylı nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:30-da Nardaran qəsəbəsində baş vermiş yolnəqliyyat hadisəsində “Hyundai İX 35” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sağ hissələri, “Opel Astra” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sol hissələri zədələnmişdir; - xx.xx.2024-cü il tarixli, 008 saylı qüsur aktından görünür ki, “Opel Astra” minik markalı, buraxılış ili 2005-ci il olan, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə 230 manat ön sol fara, 150 manat ön sol qanad, 15 manat ön sol qanad tutacağı, 280 manat ön kapot, 50 ön sol qanadaltı, 16 manat ön sol faranın işıqları, 190 manat ön bufer, 50 manat ön buferin orta tutacağı, 70 manat ön sol çaşka, 70 manat ön sol sapfa, 150 manat ön sol inteqral valı iç və çöl, 15 manat dayaq qolu, 130 manat ön sol amortizator, 30 manat sükan sonluğu sağ və sol, 30 manat sükan sonluğun başlığı, 50 manat ön kapotun döngəsi, 15 manat ön kapotun amartizatoru və digər texniki xidmət (çilingər, dəmirçi, rəngsaz razval) işləri üçün 2531 manat yekun məbləğ hesablanmışdır; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il istehsal tarixli avtomobilin mülkiyyətçisi X2r; - Nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamənin surətindən görünür ki, 2005-ci il buraxılışlı, “Opel Astra” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair səlahiyyəti ötürən X7 nəqliyyat vasitəsini X4 etibar etmişdir. Etibarnamə 3 il 1 ay 26 gün müddətinə verilib; - AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, “Hyundai İX 35” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9923 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “İzmir-S” avtomotoservis və ticarəti firması tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Opel avtohissələr satışı bazarlarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Opel Astra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2420 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1500 manat, təmir-bərpa işlərinin qiyməti - 920 manat müyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mülkiyyətində olan “Opel Astra” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən etibarnamə əsasında idarə olunarkən, Cavabdeh1 tərəfindən etibarnaməsiz idarə olunan, digər Cavabdeh2 mülkiyyətində olan “Hyundai İX 35” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulmasında Cavabdeh1 təqsirli olması işin mübahisələndirilməyən halıdır. Hadisə baş verən vaxt cavabdehə məxsus nəqliyyat vasitəsi icbari qaydada sığortalanmamışdır. Hazırda iddiaçı dəymiş zərərin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh2 və onu idarə edən Cavabdeh1 tutulmasını xahiş edir. Cavabdeh1 isə zərərin məbləğinin yüksək göstərilməsinə istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət müəyyən edən 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir (bəzi hallar istisna təşkil edir). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X1 etibarnamə əsasında idarə etdiyi iddiaçıya məxsus nəqliyyat vasitəsi Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi digər Cavabdeh2 (cavabdehin qaynı) məxsus olan nəqliyyat vasitəsi tərəfindən vurulmaqla, maddi zərərə məruz qalmışdır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Həmçinin Cavabdeh1 izahatına əsasən nəqliyyat vasitəsi 2011-ci ildən qaynının adına olsa da, yoldaşına ümumi etibarnamə vermiş, daima onların istifadəsində olmuşdur. Elektron məhkəmə informasiya sistemindən də görünür ki, Cavabdeh2 qardaşı X8 xx.xx.2030-cu il tarixinədək nəqliyyat vasitəsinə dair etibarnamə vermişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Məhkəmə, iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı “Hyundai İX 35” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 sahibliyindən qanuni əsasla çıxması və yol-nəqliyyat hadisəsi baş verən zaman onun birbaşa sahibliyində olmaması, yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmaması müəyyən edilmişdir. Belə olan halda, Cavabdeh2 hadisənin törədildiyi vaxt sahibliyində və nəzarətində olmayan yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin mülkiyyətinin həmin anda X5 olması da bu hüquqi vəziyyəti dəyişdirmir. Çünki yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət mülkiyyətçiyə deyil, onun qanuni sahibinə aiddir. Təsadüfü deyil ki, bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 1108.1-ci maddəsi zərərin əvəzini ödəmək vəzifəsinin yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin deyil, mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulduğunu təsbit etmişdir. Hazırki işdə hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən sürücünün etibarnaməsi olmasa da işin hallarından göründüyü kimi, nəqliyyat vasitəsi 10 ildən çoxdur ki cavabdehin ərinin sahibliyində və istifadəsində olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı olduğundan qismən təmin edilməli, digər Cavabdeh2 aid hissədə isə təmin edilməməlidir. Tələb edilən ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9923 saylı, xx.xx.2025ci il tarixli ekspert rəyindən görünür ki, 2005-ci il buraxılışlı “Opel Astra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2420 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə vurğulayır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, vurulmuş zərərə görə ekspert rəyində göstərilən məbləğ, yəni 2420 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1 və 124.1-ci maddələrinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 “Opel Astra” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 2420 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu olaraq ödənilməli olan 44,2 manat məbləğində pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq ödənilməli olan 44,2 (qırx dörd manat, iyirmi qəpik) manat məbləğində pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X3, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-434/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-434/2025
09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver