Məhkəmə qərarları › İş №2(005)-4343/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4343/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4343/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağın saxlanılması üçün xeyrinə tutulan alimentin miqdarını artıraraq Cavabdeh birgə nikahdan anadan olmuş 05 may 2019-cu il təvəllüdlü X4 adlı uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə və 60 manat ödənilmiş mediasiya xərcinin alınaraq xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə rəsmi nikahı qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan 05 may 2019-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(005)-264/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə olan nikahın pozulması və həmin nikahdan anadan olmuş 05 may 2019-cu il təvəllüdlü X4 adlı azyaşlı uşağın saxlanılması üçün xeyrinə hər ay 193 manat miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh ona uşağın saxlanılması üçün hər ay 193 manat aliment ödəyir. Bildirmək istəyir ki, Cavabdeh ödəməli olduğu 193 manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Uşağın gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə Cavabdeh uşağın saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. Tərəfimdən qeyd edilən mübahisə barədə mediasiyaya müraciət etmişdim lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci də özü tərəfindən ödənilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, maddi imkanları yaxşı deyildir. Bu səbəbdən iddia tələbinə etiraz edir. İddiaçı uşağı onlara göstərmir, təyin olunmuş 193 manat aliment hər ay cavabdeh tərəfindən ödənilir. Cavabdeh hazırda işləmir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «APPLE SERVİS MƏRKƏZİ» bölməsində usta köməkçisi vəzifəsində işləyir və ayda 300, 350 manat məbləğində əmək haqqı alırdı. Eyni zamanda iddiaçıya hər ay 193 manat sabit pul məbləğində aliment ödəyirdi. Əmək haqqı az olduğuna görə qeyd etdiyi işdən çıxmağa məcbur olmuşdur. Buna görə «APPLE SERVİS MƏRKƏZİ»nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən həmin bölmə arasında bağlanmış 5FNQ2Z00005000 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 «a» bəndinə əsasən xitam verilmişdir. Hal-hazırda yeni iş yeri tapa bilmir və iddiaçıya hər ay 193 manat sabit pul məbləğində alimenti atası X1 pensiyası hesabına ödəyir, o, da ayda 303,13 manat məbləğində pensiya alır. Bütün bunlara görə hal-hazırda iddiaçıya ayda 235 manat sabit pul məbləğində aliment verməyə maddi cəhətdən imkanı yoxdur. Qeyd etdiyi maddi normaların tələbinə əsasən azyaşlı uşağı Milana təkcə onun vəsaiti hesabına deyil, eyni zamanda iddiaçının vəsaiti hesabına da saxlanmalıdır. Eyni zamanda onda olan məlumata əsasən iddiaçının aylıq qazanc və gəliri uşağın maksimal səviyyədə saxlanması üçün kifayət edir. Digər tərəfdən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra maddi vəziyyətində elə müsbət dəyişiklik olmamışdır. Qeyd etdiyi kimi hal-hazırda heç bir yerdə işləmir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - 10 oktyabr 2024-cü il tarixdə Qusar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. - AZ-İV seriyalı 283485 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 05 may 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası X5r. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-264/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə qeyd alınmış nikahın pozulması, 05 may 2019-cu il təvəllüdlü X4 anası X3 yanında saxlanılması, iddiaçıdan xx.xx.2021-ci il tarixdən başlayaraq 05 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment hesablanaraq X3 xeyrinə tutulması qət edilmişdir. - AZ-İ seriyalı 427007 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə Nərimanov rayon qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 192 № ilə qeyd edilmişdir. - 02 nömrəli xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 05 may 2019-cu il təvəllüdlü X4 adlı bir uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-264/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşağın ananın yanında saxlanılması, yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılmasını, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-264/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşağın iki yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onun saxlanması üçün kifayət deyildir və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə uşağın yaş həddini, onun təhsilini, tərəflərin maddi vəziyyətini, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun kifayət qədər məbləğdə artırılmasını (2022-ci il 193 manat; 2024-cü il 235 manat), uşağın iki yaş böyüməsi ilə onun xərclərinin və tələbatlarının artmasını, hazırki şəraitdə ölkə üzrə həyat standartları və istehlak qiymətlərinin artmasını, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, habelə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, iddia tələbinin təmin edilməsini və alimentin məbləğinin 2024cü il üzrə yaşayış minimumu həddində - hər ay 235 manat məbləğinə artırılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, cavabdehin dəlilərinə münasibətdə isə hesab edir ki, bu hallar cavabdehi bir ata kimi əvvəlki nikahdan olan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin işləməməsi onu uşağını saxlamaq, maddi təminatı ödəmək vəzifəsindən azad edə bilməz. Digər tərəfdən “Elektron Məhkəmə” informasiya sistemindən Cavabdeh vergi məlumatlarına dair edilmiş sorğu nəticəsində əldə edilmiş çıxarışla müəyyən olunur ki, Cavabdeh taksi faəliyyəti istiqamətində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (aktiv statusda VÖEN: **********). Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddiaçı həmçinin əlavə olaraq mediasiyaya ödədiyi 60 (altmış) manat məbləğin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmiş, İddiaçı İMS xərci olaraq cəmi 60 manat məbləğini Qusar 1 saylı Mediasiya təşkilatının hesabına ödəmişdir (xx.xx.2024-cü il tarixli qəbz). Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdeh İMS-də (mediasiya prosesində) iştirak etmədiyindən, bunun üzürlü səbəbləri məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 05 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-264/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh 05 may 2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 05 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-264/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 05 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar