Məhkəmə qərarları › İş №2(005)-435/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-435/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-435/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi, ) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Baktel Electronics” MMC-dən dəyəri 2368 manat olan İphone 13 Pro 128GB Graphite markalı telefonu ödəniş etməklə almışdır. İphone 13 Pro 128GB Graphite haqqında xx.xx.2022-ci il tarixli Zəmanət talonu ilə telefonun zəmanət müddəti 12 ay müəyyən edilmişdir. Daha sonra həmin cihazda qüsur yaranmış və iddiaçı bununla bağlı Cavabdeh MMCyə qüsurun aradan qaldırılması ilə bağlı müraciət etmişdir. 08 fevral 2023-cü il və 10 iyun 2023-cü il tarixlərdə Baktel Electronics” MMC tərəfindən cihaza diaqnostik baxış keçirilmiş və cihazdakı probləmlərlə bağlı aktlar tərtib edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 2368 manat məbləğində pulun və 43,68 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2022-ci ildə Cavabdeh MMC-yə məxsus telefon dükanından iphone 13 pro markalı (imei **********88224 ) telefonu 2368 manat ödəniş edib almışdır. Aldığı müddətdən 5 gün keçdikdən sonra telefonda problemlər yaranmağa başladı. O yenidən telefonu aldığı dükana müraciət etdi və ona bildirdilər ki, telefonunu başqa yeni telefonla əvəz edə bilərlər. Ona yeni adı ilə başqa telefon təqdim etdilər və həmin günü ona məlum oldu ki, bunlar tərəfindən ona təqdim edilən yeni telefon işlənmiş telefondur. Yenidən bu məsələ ilə bağlı telefonu aldığı mağazaya müraciət etdi və ona verdikləri telefonu geri götürərək ona bildirdilər ki sizin ilk telefonunuzda heç bir problem yoxdur sadəcə proqram yeniləmək lazım olduğu üçün tərəflərindən yeni proqram yüklənildi və telefon yüksək səviyyədə işləyir. Telefonu götürdükdən sonra yenidən problemlər yaranmağa başladı. Tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdi. Müraciətindən sonra həmin qurum tərəfindən telefonun yoxlanılması üçün iphone məhsullarının Azərbaycanda fəaliyyət göstərən servisinə göndərildi və servis tərəfindən telefonu yoxlanıldıqdan sonra təlefonun açılması və içərisində işlərin aparılması və düzgün aparılmaması qeyd edilən məktub ona təqdim edildi. Yenidən bu sənədləri götürüb həmin dükana müraciət etdi və ona məxsus telefunu aktla texniki servisə qəbul etdilər. İndi cavabdeh tərəfindən ona nə yeni telefon nə də telefon üçün ödədiyi 2368 manat geri qaytarılmır. Bu səbəbdən məhkəməyə müraciət edir. a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, mobil telefonu aldığı vaxtdan etibarən mütəmadi olaraq telefonda problem yarandığını qeyd etdi. İlk dəfə mobil telefonun kamerasında problem yaranmış, bununla bağlı mağazaya müraciət etmiş, mağazada təklif edilib ki, telefon eyni modeldə başqa telefonla əvəzləşdirilsin. İddiaçı razılaşmış və eyni modeldən başqa telefonu təhvil almışdır. Lakin internetdə yoxladıqda məlum olmuşdur ki telefon işlənmiş telefondur. Buna görə yenidən mağazaya qayıdıb. Mağazada bildirilər ki, ilk alınan telefona proqram yenidən yüklənib, telefonda heç bir problrm yoxdur. İddiaçı güvənərək əvvəl aldığı telefonu geri götürmüşdür. İyun ayında mobil telefon ümumiyyətlə sönmüşdür. Yenidən mağazaya müraciət etmiş, telefon servisə göndərilmişdir. Onra ona bildirmişlər ki, telefonda qıaqapanma nəticəsində problem yaranıbmış. Hazırda təmir edilib, istifadəyə yararlıdır. Qıs müddət sonra – avqust ayında yenidən problem yarandıqda, iddiaçı yenidən Cavabdeh ə müraciət etmiş, mobil telfonda qısaqapanma yarandığı bildirilmişdir. Bundan sonra iddiaçı “İspace servis” mərkəzinə müraciət etmiş, oradan rəy almışdır. Həmin təydə bildirirlir ki, telefon qısaqapanma nətcəsində xarab olub. Eyni zamanda telefonda aparılan əməliyyatlar nəticəsində batareya götürülüb yenidən batareya qoyulduqda istehsalçı kleyi vasitəsilə bərkidilməyib. O da məlum olmuşdur ki, telefon bizim region üçün istehsal edilmədiyindən, həmin telefo ümumiyyətlə “İspace servis mərkəzində” təmir etdirilə bilməz. Belə olan təqdirdə telefonu əldə etdiyi mağazaya qayıdaraq telefonun qaytarılaraq pulun geri ödənilməsini tələb edib, lakin cavabdehin nümayəndəsi belə bir əməliyyatın mümkün olmadığını bildirib. Onda iddiaçı telefonu servisə verməyə razı olub, amma bir şərtlə ki, telefon təmir olunmayacaq, sadəcə problemin nədən qaynaqlandığı ona rəsmi bildiriləcək. Lakin məhkəmə hazırlıq iclasında ona məlum olub ki, cavabdeh telefonu ondan xəbərsiz şəkildə təmir ediblər. Mobil telefonu birkart vasitəsilə birdəfəlik ödəniş edərək əldə edib, daha sonra bir kart kreditini bağlamaq üçün başqa bankdan kredit götürmək, üstəlik yeni telefon almaq məcburiyyətində qalıb. Belə ki işinin mahiyyəti etibarilə mütləq yaxşı kamerası, interneti sürətli işləyən mobil telefon işlətmək məcburiyyətindədir. Hesab edir ki, cavabdeh onu xeyli maddi və mənəvi ziyana məruz qoyub İlkin olaraq həmin mağazada kampaniya – endirim olduğu üçün mobil telefonu oradan almaq qərarına gəlib, lakin hazırda çox peşmandır. Hesab edir ki , cavabdeh tərəfindən aldadılıb, belə ki mobil telefonun bizim region üçün istehsal edilmədiyi, telefonun rəsmi servisdə təmir imkanının olmadığı ona bildirilməyib. Maddi vəziyyəti yaxşı deyil, valideynlərinin sağlamlığı ilə bağlı ciddi problemləri var. Deyilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, qüsurun istehlakçı səhvindən deyil, qısqapanmadan yarandığını, iddiaçının telefonun dəyərini tam şəkildə ödədiyini, cihaz təmir edildikdən sonra iddiaçının telefonu təhvil almadığını, bu səbəbdən də onlar tərəfindən məhkəməyə təqdim edildiyini bildirmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş mütəxəssis X3 ifadəsində bildirmişdir ki, diaqnostika rəyi onun işlədiyi “İspace” servis mərkəzi tərəfindən təqdim edilmişdir. Telefon ana platada olan problemə görə işləmir. Onlarda ana plataya rəsmi müdaxiləyə icazə yoxdur. Onlar diaqnostika edib, yaranmış problemi müəyyən edirlər. Belə ki, cihaz region üçün istehsal edilməyibsə, onlar həmin cihaz üçün nə zəmanət daxili, nə də ödənişli xidmət göstərə bilmirlər. Apple şirkəti buna icazə vermir. Mühəndis qısaqapanmanın istehlakçı qüsuru səbəbindən baş verdiyini sübut edə bilmirsə, cihaz zəmanətin təsiri altına düşə bilər. Mülki işin materialları - “Whattsap” proqramında olan yazışmalardan görünür ki, İddiaçı 12 yanvar 2023-cü il tarixindən başlayaraq, Cavabdeh MMC-yə müraciət edərək, telefonun kamerasının qüsurlu olduğunu bildirmişdir. - İphone 13 Pro 128GB Graphite haqqında xx.xx.2022-ci il tarixli Zəmanət talonundan görünür ki, həmin telefonun zəmanət müddəti 12 aydır. 1-ci bəndində qeyd edilir ki, zəmanət və ödənişsiz xidmət müddətində məhsulun nasaz hissələrinin (detallarının) dəyişdirilməsi, məhsulun özünə və ya onun dəyişdirilmiş hissələrinə yenidən zəmanət və ya ödənişsiz xidmət müddətinin təyin edilməsini nəzərdə tutulmur. 2-ci bəndində qeyd edilir ki, Zəmanət öhdəlikləri aşağıda qeyd edilən ləvazimatlara şamil edilmir: kabellər, keçiricilər, qulaqcıqlar, adapter, akkumlyator, müxtəlif tipli informasiya daşıyıcıları (proqram təminatı ilə disklər, yaddaş kartları) və onlara yazılan proqram təminatı (PT). 3-cü bəndində qeyd edilir ki, istehsalçı aşağıdakı hallarda zəmanət öhdəlikləri daşımır: texnika birbaşa təyinatı üzrə istifadə edilmədikdə, texnikaya əlavə edilən sənədlərdə göstərilən istismar və saxlanılma şərtləri pozulduqda, texnikada təmir izləri aşkar edildikdə, Qüsur texnikanın konstruksiya və ya sxeminin istehsalçı tərəfindən nəzərində tutulmayan dəyişdirilməsi nəticəsində yarandıqda, qüsur kənar qüvvələrin təsiri, bədbəxt hadisə, istehlakçının və ya üçüncü şəxsin hərəkəti nəticəsində yarandıqda, qüsur texnikanın rütubəti, yüksək və ya aşağı temperatur, korroziya, oksidləşməyə məruz qalması, daxilində kənar əşya, maddə, mayə və həşəratın düşməsi nəticəsində yarandıqda. 4-cü bəndində qeyd edilir ki, zəmanət öhdəlikləri texnikanın aşağıda qeyd edilən qüsurlaşmaya şamil edilmir: texnika istehlakçıya təhvil veriləndən sonra yaranan mexaniki zədələr. - Cavabdeh MMC-nin 08 fevral 2023-cü il tarixli aktından görünür ki, xx.xx.2023-cü il tarixində servisə təqdim edilmiş İphone 13 Pro 128GB Graphite modelli avadanlıq mütəxəssislər tərəfindən diaqnostika olunmuşdur. İphone 13 Pro 128GB Graphite müştəri cihazın kamerasında qüsur olduğunu demişdir. Təmirə qəbul olunanda cihazda heç bir problem yox idi. Cihaz diagnostika olunduqdan sonra proqram təminatı yenidən yazılmışdır. Daha sonra dəfələrlə test edilmiş və cihazda qüsur aşkar edilməmişdir. - Cavabdeh MMC-nin 10 iyun 2023-cü il tarixli aktından görünür ki, xx.xx.2023-cü il tarixində servisə təqdim eidlmiş İphone 13 Pro 128GB Graphite modelli avadanlıq mütəxəssislər tərəfindən diaqnostika olunmuşdur. İphone 13 Pro 128GB Graphite müştəri cihazı təhvil verərkən telefon sönülü idi və yanmırdı. Cihaz diaqnostika olundu və problemin istehsalçı qüsuru deyil cərəyanla bağlı olaraq qısaqapanma nəticəsində platasında problem yaranmışdır. Müştərinin razılığı ilə cihaz təmir olunaraq və dəfələrlə test olunaraq müştəriyə təhvil verilmişdir. - Cavabdeh MMC-nin 04 avqust 2023-cü il tarixli aktından görünür ki, xx.xx.2023-cü il tarixində servisə təqdim edilmiş İphone 13 Pro 128GB Graphite modelli avadanlıq mütəxəssislər tərəfindən diaqnostika olunmuşdur. İphone 13 Pro 128GB Graphite müştəri cihazı təhvil verərkən telefon sönülü idi və yanmırdı. Cihaz diagnostika olundu və problemin istehsalçı qüsuru deyil cərəyanla bağlı olaraq qısaqapanma nəticəsində platasında problem yaranmışdır. Cihaz cari ilin iyun ayında eyni problemlə servisə təqdim olunmuşdur və müştərinin razılığı ilə təmir olunaraq təhvil verilmişdir. Cihazda yaranan cari problem eyni ilə cərəyanla bağlı qısaqapanma nəticəsində yaranmışdır. Cihaz servisdə diaqnostika olunduqdan sonra müştəriyə məlumat veriləcək və müştərinin razılığı olarsa təmir olunacaq. - X2 qəbul aktından görünür ki, cihaz müştərinin razılığı ilə servisə SİM kartsız, sökülmədən və nasazlığı (daxili zədələnməsi) yoxlanılmadan qəbul olunmuşdur. Müştəri cihazda texniki baxış zamanı aşkar oluna biləcək bütün nasazlıqların, zədələrin, cihazın bu qəbz ilə servisə qəbul olunandan əvvəl yarandıqları ilə razıdır. - “İspace” Service Center-in xx.xx.2023-cü il tarixli İphone 13 Pro 128GB Graphite haqqında aktından görünür ki, cihaz qoşulmur. Cihaz başqa yerdə açılıb. Plata üzərində işlər görülmüşdür. Platada qısa qapanma əmələ gəlib. Batareya cihazdan çıxarılıb, yenidən yerinə qoyulduqda öz zavod kleyi ilə yapışdırılmayıb. - AR İN yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin 31 avqust 2023-cü il tarixli məktubundna görünür ki, İddiaçı müraciətilə bağlı aparılan araşdırma zamanı “Bakfon" mağazasının məxsus olduğu Cavabdeh MMC-nin Dövlət Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2022-ci il tarixində aldığınız “İphone 13 pro" modelli mobil telefonun kamerasında qüsur yarandığından xx.xx.2023-cü il tarixdə mağazaya müraciət etdiyiniz, cihazın servis mütəxəssisi tərəfindən diaqnostika edildiyi və qüsurun olmadığının aşkarlandığı, xx.xx.2023- cü il tarixdə telefonda yenidən qüsur yaranması səbəbindən servis mərkəzinə təkrar müraciət etdiyiniz zaman razılığınızla malın təmir olunaraq təhvil verildiyi, xx.xx.2023-cü il tarixdə eyni qüsurun yenidən üzə çıxması səbəbindən mağazaya yaxınlaşaraq telefonun sadəcə diaqnostika olunmasını xahiş etdiyiniz, cihazın servis mərkəzində diaqnostika olunduğu və problemin cərəyanda yaranan qısaqapanma nəticəsində əmələ gəldiyi, müştəri məmnuniyyətini əsas tutaraq cihazın endirimli qiymətə başqa modelli cihazla əvəz edilməsinin, hətta cari telefonun geri qaytarılmasının təklif olunduğu, lakin bu təkliflərlə razılaşmadığınız bildirilmiş, həmçinin servis rəylərinin surətləri Dövlət Xidmətinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarfmn 5.58-ci bəndinə uyğun olaraq malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Əlavə olaraq bildirilmişdir ki, “Baktel Electronics" MMC-nin mövqeyi ilə razılaşmadığınız təqdirdə aranızda yaranmış mübahisənin həlli ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. Eyni zamanda bildirilmişdir ki, “Vələndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasıda şikayət vermək hüququ vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 4032/2023 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması, yəni mobil smartfonda olan nasazlıq, qüsurlar və onların yaranma səbəblərinin müəyyən edilməsi müvafiq istehsalçı şirkətinin məhsullarına texniki xidməti həyata keçirən qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər əsası ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 581.1.Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.2.Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 587.1.Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: -587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; -587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2.Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: -587.2.1.alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; -587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Maddə 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin maddənin 2-ci bəndinə əsasən isə, satıcı (icraçı) istehlakçıdan lazımı keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin 10 iyun 2023-cü il tarixli aktından və “İspace” Service Center-in xx.xx.2023-cü il tarixli aktından görünür ki, cihazda yaranan qüsur qısaqapanma nəticəsində yaranmışdır. Lakin həmin problemin istehsalçı tərəfindən qüsurlu malın təqdim edilməsi səbəbindən, yoxsa istehsalçının qüsuru ucbatından yarandığı qeyd edilməmişdir. Eyni zamanda sonuncu aktda iddiaçı aktda qeyd edilmişdir ki, cihaz qoşulmur. Cihaz başqa yerdə açılıb. Plata üzərində işlər görülmüşdür. Platada qısa qapanma əmələ gəlib. Batareya cihazdan çıxarılıb, yenidən yerinə qoyulduqda öz zavod kleyi ilə yapışdırılmayıb. Görünür ki, iş materiallarından olan aktlarda qüsurun istehsal xarakterli qüsur səbəbindən yarandığı qeyd edilməmişdir. İddiaçının özünü də təqdim etdiyi “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə aparılan yazışmalarının ekran görüntülərindən görünür ki, telefon onu mülkiyyətinə keçdikdən sonra aşkar olunan ilk qüsur mobil telefonun kamerası ilə əlaqədar olmuş, həmin qüsur cavabdeh tərəfindən aradan qaldırılmışdır. Daha sonra kifayət qədər uzun müddət ərzində - fevral ayından iyun ayınadək telefonla bağlı iddiaçı tərəfdən hər hansı müraciət olmamış, iyun ayında yaranmış nasazlıq isə qısaqapanma nəticəsində yarandığı təsbit edilmişdir. İddiaçı məhkəməyə 2023-cü ilin oktyabr ayında müraciət etmişdir. Məhkəmə ekspertizası tədqiqatının aparılmasından imtina edildiyinə görə mülki işin materiallarında ekspert rəyinin olmamasına baxmayaraq, həm cavabdeh cəmiyyət, həm də “İspace Servis” Mərkəzinin təqdim etdiyi aktla mobil telefonda nasazlığın səbəbiin qısaqapanma olduğu təsbit edilmişdir. Məhkəmə hesab edir ki aktlar mülki işin digər materialları ilə uyğunsuzluq təşkil etmədiyindən,mötəbər sübut kimi qiymətləndirilə bilər. Həmçinin məhkəmə iclasına dəvət edilmiş mütəxəssis X3 öz ifadəsində həmin qüsurun hansı səbəbə görə yarandığını, qüsurun aradan qaldırılmasının zəmanətin təsiri altına düşüb-düşməməsini qeyd etmir. O öz ifadəsində mühəndis qüsurun istehsalçının səhvi ucbatından yarandığı təsdiq edilmədikdə, qüsurun aradan qaldırılması xərclərinin zəmanətə aid edilə biləcəyini qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçının öz seçimi ilə Mülki Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilənləri tələb etmək hüququ o halda yaranır ki, satıcı əvvəldən məlumat vermədən lazımi keyfiyyəti olmayan əşyanı versin. Hazıki mülki işdə həmin hal öz təsdiqini tapmır. Belə ki, telefonu əldə etdikdən sonra, 2023-cü ilin yanvar ayında mobil telefonda yaranmış nasazlıq telefonun kamerası ilə əlaqədar olmuş və o qüsur sarıcı tərəfindən aradan qaldırılmışdır. İddiaçı özü də izahatında bu halı təsdiq etmiş və mobil telefonda ilk qüsur yaranan vaxt məhkəməyə müraciət etməmişdir. Digər tərəfdən ikinci dəfə mobil telefonda aşkar edilmiş qüsur zəmanət müddəti ərzində aşkar edilmişdir. Lakin zəmanət talonunun özündə qeyd edilmişdir ki, qüsur kənar qüvvələrin təsiri, bədbəxt hadisə, istehlakçının və ya üçüncü şəxsin hərəkəti nəticəsində yarandıqda, qüsur texnikanın rütubəti, yüksək və ya aşağı temperatur, korroziya, oksidləşməyə məruz qalması, daxilində kənar əşya, maddə, maye və həşəratın düşməsi nəticəsində yarandıqda zəmanət öhdəlikləri şamil edilmir. Məhkəmə hesab edir ki, mobil telefonda yaranmış qüsur qısaqapanma nəticəsində yarandığından, həmin qüsur mobil telefonun iddiaçının bir neçə ay istifadəsində olduqdan sonra yarandığına görə, qüsurun istehsal xarakterli qüsur olduğu qənaətinə gəlmək ağlabatan mühakimə əsasında inandırıcı deyil. Belə olan təqdirdə cavabdeh həmin qüsur üzrə öhdəlik daşıya bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanunun normalarının dispozitiv şərtləri ilə uyğunluq təşkil etməməkdədir. Məhkəmə daha sonra iddiaçının mobil telefonun digər region üçün istehsal edildiyinə görə müqavilədən imtina etməsi dəlilinə münasibət bildirərək də qeyd edir ki, mobil smartfonun həmin region üçün istehsal edilməməsi satıcı tərəfindən Mülki Məcəllənin əşyanın keyfiyyəti barədə (Mülki Məcəllə 581-ci maddə) tələblərə cavab verməyən malın satılması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi iş materialları ilə qüsurun istehsal xarakterli qüsur səbəbindən yarandığı müəyyən edilmədiyindən, cavabdeh həmin qüsur üzrə öhdəlik daşıya bilməz. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanunun normalarının dispozitiv şərtləri ilə uyğunluq təşkil etməməkdədir. Qeyd edilməlidir ki, Mülki-Prosessual Məcəllənin 92.1-ci maddəsinə əsaəsn maddi sübutlar məhkəmədə saxlanılır. Mülki-Prosessual Məcəllənin 94.1-ci maddəsinə əsasən maddi sübutlar məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra alındığı şəxslərə qaytarılır və ya məhkəmənin həmin şeylər üzərində hüququnu təsdiq etdiyi şəxslərə verilir, yaxud məhkəmənin müəyyən etdiyi qaydada reallaşdırılır. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Buradan görünür ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azaddır, lakin onun tərəfindən iddia ərizəsinin təqdim edilməsi üçün dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesba edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ********** nömrəli qəbzlə ödənilmiş 44 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar