Məhkəmə qərarları › İş №2(005)-4351/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4351/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4351/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.05.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi 48010.67 ABŞ dolları - bundan 31934.55 ABŞ dolları əsas, 3562.99 ABŞ dolları faiz, 3535.45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenumun qərarına əsasən hesablanmış 8977.68 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, LPO "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 May filialı ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2012-ci il tarixli 429/A nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 63600 ABŞ dolları məbləğində məişət avadanlığının alınması üçün kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə götürsə də, bu öhdəliklərə əməl etməmişdir. Kredit müqaviləsinin 3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********743 saylı 25.05.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 08 oktyabr 2012-ci il tarixli 429/A nömrəli kredit sazişinə əsasən "xxxx" ASC Cavabdeh ilə müqavilə bağlanmışdır. Bank cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 63600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 3811-USD-01-03-1455 nömrəli hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən sonuncu ödəniş 2014-cü ilin avqust ayında olmuşdur. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh 63600 ABŞ dolları məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, kredit müqaviləsinin icra müddətinin sonu 2015ci ilin oktyabr ayı göstərilmiş, həmin vaxtdan iddia ərizə verilən vaxta kimi 6 ilə qədər müddət keçmişdir. Halbuki iddia müddətinin axımı iddiaçının öz hüquqlarını pozulduğu və ya pozulması olduğunu bilməli olduğu tarixdən başlayır. Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə icra müddətinin bitməsindən 6 ilə qədər müddət keçmiş, iddiaçı hüquqlarının pozulduğunu bildiyi halda pozulmuş hüquqlarının müdafiəsi üçün heç bir tədbir görməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar