Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-438/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 18.250 ( on səkkiz min iki yüz əlli min) manat məbləğində pul vəsaitinin və məhkəməyə ödənilmiş 145 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki İddiaçı "xxxx" MTK-dan müqavilə əsasında ünvan 1 ünvanındakı mənzili alıb. Müqaviləyə əsasən bu 2 otaqlı mənzil 101 kv.m olmalı idi. Həm müqavilədə, həm də "xxxx" MTK tərəfindən verilmiş arayışda bu öz əksini tapıb. Lakin DƏDRX tərəfindən verilən Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 78.20 kv.m göstərilir. Halbuki iddiaçı satıcıya 101 kv.m sahənin pulunu tam ödəyib. Bu səbəbdən də iddiaçı "xxxx" MTK-ya artıq ödədiyi 18.250 manat və məhkəməyə ödənilmiş 145 manat məbləği tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin surətindən və məzmunundan görünür ki, "xxxx" Mənzil- Tikinti Kooperativi, sonradan “Satıcı” adlanacaq, bir tərəfdən və sonradan “Alıcı” adlanacaq, vətəndaş İddiaçı ünvan 2 ünvanındakı yaşayış kompleksinin 4-cü blokun 18-ci mərtəbəsində ayrılmış 101 kv.m-dən ibarət 2 otaqlı “509” №-li mənzilini alıcının mülkiyyətinə verir. "xxxx" MTK tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 4-cü blokun 18-ci mərtəbəsində, ayrılmış 101 kv.m-dən ibarət 2 otaqlı, “509” nömrəli mənzilin dəyəri tam ödənilmişdir. Qeyd edilən mənzil üçün İddiaçı MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Ə.Hüseynov küçəsi ev 5/7, 509 saylı mənzili (yeni qaydalarla- Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 198, M18, m3) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli, 10/839 saylı rəyindən görünür ki, ünvan 3 ünvanındakı "xxxx" MTK-nın inşa etdiyi binanın 4-cü blokun 18-ci mərtəbəsində ayrılmış 2 otaqlı 509 nömrəli mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə 2-ci,59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 85,37 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanındakı yaşayış kompleksinin 4-cü blokun 18-ci mərtəbəsində ayrılmış 101 kv.mdən ibarət 2 otaqlı “509” №-li mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 101 kv.m təşkil edir. Qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanındakı yaşayış kompleksinin 4-cü blokun 18-ci mərtəbəsində ayrılmış 101 kv.m-dən ibarət 2 otaqlı “509” №-li mənzil İddiaçı mülkiyyətindədir. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı- arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, satıcı ünvan 2 ünvanındakı yaşayış kompleksinin 4-cü blokun 18-ci mərtəbəsində ayrılmış 101 kv.m-dən ibarət 2 otaqlı “509” №-li mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Hazırda iddiaçı kooperativ ilə İddiaçı arasında bağlanmış müqavilədə mənzilin tikintihesablaşma sahəsi 101 kv.metr kimi qeyd olunmasına baxmayaraq mənzilin tikintihesablaşma sahəsi faktiki olaraq Çıxarışda 78,20 kv.metr olduğunu bildirərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qayadada icra etməməsini əsas gətirərək, mənzilin hər kv.metri üçün artıq ödənilmiş 18250 manat məbləğində pulun qaytarılmasını xahiş edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin 2.1.1-ci maddəsinin tələbinə əsasən, “satıcı .... layihə sənədlərinə ... və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun.....alıcıya təhvil verməyi öz öhdəsinə götürür”. Habelə müqavilələrin müvafiq olaraq 1.1 və 2.2.1-ci bəndinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 101 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzilin (divar altı sahə nəzərə alınmaqla) ümumi sahəsi 101 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 101 kv metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 85,37 kv.m təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 101 kv.m təşkil edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 100 (yüz manat) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-438/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-438/2022
05.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver