Məhkəmə qərarları › İş №2(005)-4383/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4383/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4383/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işi açıq məhkəmə iclasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan iddiaçının xeyrinə 17 131,09 ABŞ dolları məbləğində pulun və 3212,07 ABŞ dolları məbləğində faiz borcunun ödəniş gününə manat məzənnəsi ilə tutulması, həmçinin 30 manat dövlət rüsumunun və 250 manat ödənilmiş vəkil haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb mübahisənin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməli olduğu qənaətinə gəlir. İddiaçı “İddiaçı nümayəndəsi və vəkili X1 mübahisənin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Cavabdeh mübahisənin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti barədə aşağıdakıları qeyd etməyi zəruri bilir: Elektron Məhkəmə informasiya sistemində yerləşdirilmiş cavabdeh barəsində olan vergi məlumatlarında müəyyən olunur ki, Cavabdeh 22.01.2009-cu il tarixdə ********** saylı VÖEN verilmişdir və VÖEN statusu hal-hazırda aktivdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 44-cü maddəsinə görə: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış münasibətlər kommersiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı iddia tələbi üzrə mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar