Məhkəmə qərarları › İş №2(005)-4414/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4414/2021

29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4414/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Əhmədov Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 41,10 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 211,50 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22.08.2005-ci il tarixli, TR 057 saylı və 22.08.2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar tərəfindən İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulma hallarına da rast gəlinir. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il, 04.01.2018-ci il və 01.06.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 38 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, həmin ünvanda «AG Telekom » tərəfindən “K@TV1” xidmətlərinin göstərilməsinə analoq yayımı ilə 17.11.2009-cu il tarixindən başlanmışdır. 07.03.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0557 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0557 K saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 22.10.2011-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 0557 K saylı akt tərtib edilənədək son baxışın keçirildiyi 22.10.2011-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 07.03.2012-ci il tarixə qədər olan müddət 137 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaqla müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 41,10 manat təşkil edir. Bundan əlavə İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı MMC-nin (“K@TV1”) nümayəndəsi X1 27.09.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. 18.02.2021-ci il tarixli DİN-BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 38 saylı Mənzil Kommunal İstismarı şöbəsinin 112266 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı MMC-nin «KATV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0557 K nömrəli, 07.03.2012-ci il tarixli aktdan görünür ki, 07.03.2012-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 7/23 ünvanında «KATV1» kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 117 saylı mənzilin sakini Cavabdeh tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar edilmişdir. İddiaçı MMC-nin 19.07.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı MMC ünvan 2 ünvanında KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayım ilə 17.11.2009-cu il tarixdən başlamışıdır. İddiaçı MMC-nin 19.07.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı MMC ünvan 1 ünvanına 0557 K saylı akt tərtib olunana qədər sonuncu dəfə 22.10.2011-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. 07.07.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 150 manat məbləğində pul ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehə məxsus olmuş ünvan 1 saylı mənzilini “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulma ilə bağlı müqavilə bağlanmamış və cavabdeh «KATV1» kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmuşdur. İddiaçı hazırki iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC “K@TV1”-in, “Ədalət-A” hüquq firmasının əməkdaşları və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən tərtib olunan 07.03.2012-ci il tarixli akta əsasən yuxarıda qeyd olunan ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Buna görə də iddiaçı vurulmuş zərərin əvəzinin və digər xərclərin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən göstərilən İddiaçı MMC hüquqi xidmətə görə Ədalət-A MMC-yə 150 manat məbləğində pul ödənilsə də Ədalət-A MMC ilə İddiaçı MMC arasında hüquqi yardıma görə müqavilə iddia ərizəsinə əlavə edilməmiş, onun mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Digər tərəfədən iddia ərizəsindən o da görünür ki, iddiaçı qrafik üzrə keçirilən nəzarət baxışa görə Ədalət-A MMC-yə 150 manatın əvəzinin tələb etməkdədir. Bununla belə İddiaçı MMC-nin «KATV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0557 K nömrəli, 07.03.2012-ci il tarixli aktı imza edən şəxslərin (Ş.Məmmədov və İ.Məmmədov) Ədalət-A MMC-nin əməkdaşları olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Bu səbəbdən iddia bu hissədə əsaslı hesab edilə bilməz. İddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 41,10 manat vurulmuş zərər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 4,30 manat məbləğində olan hissəsi Cavabdeh tutulmalı, yerdə qalan hissə isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 41,10 (qırx bir manat 10 qəpik) manat məbləğində vurulmuş ziyanın əvəzi və 4,30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 45,40 (qırx beş manat 40 qəpik) manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar