Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4422/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 810 manat, hüquqi yardım üçün ödənilmiş 60 manat və 30 manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci il tarixində Rusiya Federasiyasında yaşayan yaxın qohumunun toy mərasimində iştirak etmək üçün Rusiya Federasiyasına ailəsi ilə birlikdə hava nəqliyyatı vasitəsi ilə getmək niyyəti var idi. Respublikada COVİD-19 xəstəliyi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərlə bağlı Rusiya Federasiyasına yeganə olaraq hava nəqliyyatı ilə getmək mümkün olduğundan iddiaçı tanışı olan Cavabdeh ilə əlaqə saxlayaraq iddiaçı özü, arvadı və övladı üçün cəmi 3 bilet olmaqla gediş və gəliş üçün Rusiya Federasiyasına getmək üçün avia biletin alınması ilə bağlı köməkliyin edilməsini 11.03.2021-ci il tarixində xahiş etmişdir. Nəticədə cavabdeh öz növbəsində iddiaçı özü və ailəsi üçün cəmi 3 bilet olmaqla Rusiya Federasiyasına hava nəqliyyatı ilə gediş və gəliş marşurutu ilə getmək üçün cavabdehə 3260 manat pulu vermişdir. Rusiya Federasiyasına hava nəqliyyatı ilə gediş və gəliş marşurutu ilə getmək üçün 19.05.2021-ci il tarixinə avia biletlər yalnız gediş üçün rəsmiləşdirildiyindən iddiaçı cavabdehə bununla bağlı öz kəskin iradını bildirmiş, lakin cavabdeh iddiaçıya məsələni həll edəcəyini və hələ ki, gediş üçün olan biletlərlə Rusiya Federasiyasına getməyini, daha sonra isə qısa müddətdə iddiaçıya və onun ailəsinə gəliş üçün əvvəlcədən razılaşdırılmış 3260 manat pulun müqabilində gəliş üçün avia biletlər təşkil edəcəyini bildirdi və iddiaçı ailəsi ilə birlikdə 19.05.2021-ci il tarixində Rusiya Federasiyasına hava nəqliyatı ilə getdi. Rusiya Federasiyasında toy mərasimi bitdikdən sonra iddiaçı ailəsi ilə birlikdə Azərbaycan Respublikasına qayıtmaq üçün cavabdehə avia biletlərin hazır olması ilə bağlı əlaqə saxlamaq istəsə də, cavabdehlə əlaqə saxlamağa cəhdlər etsə də onunla əlaqə saxlamaq mümkün olmadı. İddiaçı məcbur olub qohumlarının köməkliyi ilə 2 810 marrat ödəməklə iddiaçı, ailəsi ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına hava nəqliyyatı ilə qayıtdı. Bundan sonra iddiaçı dəfələrlə cavabdehlə bütün vasitələrlə əlaqə saxlamaq istəsə də onu tapa bilmədi. Cavabdeh beləliklə iddiaçının ona etibarından istifadə edərək iddiaçını 2 810 manat məbləğində maddi ziyana salmışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Bakı şəhəri Nizami rayonu 25-ci Polis bölməsinə şikayət etsə də 16.08.2021-ci il tarixli 090-7049M-3221 saylı məktubla müraciətinin baxılmasına imtina edilmiş və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətamə qəbul edilməsini xahiş etdi. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanan məktubundan görünür ki, İddiaçı ərizəsində göstərilən məsələnin mülki xarakterli olması səbəbi ilə iddia tələbi ilə məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarında 24.08.2021-ci il tarixli 86-262 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı X1 hüquqi yardım xidmətinın qarşılığı olaraq 60 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı qarşısındakı öhdəliyini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, nisyə aldığı malın dəyərini iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2 810 manat, hüquqi yardım üçün ödənilmiş 60 manat və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2 810 manat, hüquqi yardım üçün ödənilmiş 60 manat və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4422/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4422/2021
07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver