Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4450/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Ali Warisin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ali Varisin cavabdehlər Cavabdeh1, Sohail Qasım və Rizwan Muhammada qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ali Warisin cavabdehlər Cavabdeh1, Sohail Qasım və Rizwan Muhammada qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Sohail Qasım və Rizwan Muhammaddan 38160 manat, Cavabdeh1 37400 manat məbləğində pulun, onlardan birgə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilkdə 75590 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı Ali X2 Respublikasının vətəndaşı kimi Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olaraq, qanuni əsaslarla yaşamaqdadır. Cavabdehlər qismində tələb irəli sürdüyü Pakistan İslam Respublikasının vətəndaşları olan və Azərbaycanda müvəqqəti əsaslarla məskunlaşmış Cavabdeh1 (pasport № BB1822072), Sohail Qasım (pasport № BB4856623) və Rizwan Muhammad (pasport № JL9892882) ilə 2020- ci ildə tanış olmuşdur. Cavabdehlər qısa müddət ərzində özlərini etibarlı şəxs kimi tanıtdırmış və bir müddət sonra ona yeni biznes qurmaq istədiklərini bildirmişlər və ondan həmin biznes fəaliyyəti ilə məşğul olmaq üçün borc pul verməyi xahiş etmişlər. Əvəzində isə guya ona verilmiş borc kimi aldıqları qazancdan əlavə qazanc verəcəklərini bildirmişlər. Cavabdehlərin səmimiliyinə inanaraq 2021-ci ilin iyul ayında Sohail Qasım və Rizwan Muhammadə 38160 manat borc vermiş, yəni onların xərc və borclarını cibindən ödəmiş, onlar isə ən gec bir ay icində həmin məbləği qaytarmağa söz vermişdilər. Sohail Qasım və Rizwan Muhammad bu işi ilə bağlı Cavabdeh1 da onlarla birgə ortaq idi. Onlara verdiyi borc məbləği (çəkdiyi xərclərin əks edildiyi sənəd, hansı ki, e-mail vasitəsilə hər dəfə onlara göndərilirdi, ərizəyə əlavə olunur). Bundan sonra isə digər Cavabdeh1 iyul ayında ona məxsus avtomobili (Lexus LX470 markalı, dövlət Qeydiyyat nişanı 90ET087) almaq istədiyini və əvəzində ona 22000 ABŞ dolları (təxminən 37400 manat) ödəyəcəyini bildirmişdir. Həmin ərəfədə Qisa müddət üçün Türkiyədə idi. Cavabdeh1 xahis etdi ki, avtomobili onun adına keçirsin, Türkiyədən qayıdan kimi razılaşdırılmıs məbləği ödəyəcəkdir. Daha əvvəl etibarnamə verdiyi tanışından xahis etmiş ki, avtomobili Cavabdeh1 adına keçirsin, çünki ona etibar edirdi ki. bir səxsiyyət kimi sözündə duracdır. Lakin əvəzində Cavabdeh1 hazırkı tarixədək 1 qəpik belə olsun ödəniş etməmişdir. Bütün vədlərinə əməl etsə də, cavabdehlər öz vədlərinə əməl etməmişdilər və hazırkı günə onların borcu ümumilikdə 75560 manat təşkil edir. Onlar müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina edir, imkanlarının olmadığını bildirlər. Ödənişlə bağlı onlara rəsmi xəbərdarlıq göndərsə də, heç bir nəticə əldə etməmişdir (surəti əlavə edilir). Lakin bilir ki, hazırda onların istifadəsində avtonəqliyyat vasitələri mövcuddur və bununla bağlı DİN-in müvafiq idarəsindən arayış da əldə etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüş və neçə müddətdir bu məsələyə görə bütün əsəbləri pozulmuş, mənəvi iztirab keçirir. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmis müvəqqəti yaşamaq ücün icazə vəsiqələrinə əsasən cavabdehlər Sohail Qasım və Cavabdeh1 ünvan 1 ünvanında qevdiyyatda olmuşdular (icazə vərəqələrinin surəti əlavə olunur). Onda olan ən son məlumata əsasən digər cavabdeh Rizwan Muhammadin də son yasayıs yeri həmin ünvanda olmuşdur. Məhkəmə iclasında İddiaçı Ali Warisin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələrinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Ödəniş cədvəlindən görünür ki, balansda 38160 manat pul var. MYİ 0****** seriyalı Azərbaycan Respublikası Ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsindən görünür ki, X1 İslam Respublikasının vətandaşıdır və ünvan 2 ünvanında qeydiyyatdadır. MYİ 0****** seriyalı Azərbaycan Respublikası Ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsindən görünür ki, Cavabdeh1 Pakistan İslam Respublikasının vətandaşıdır və ünvan 2 ünvanında qeydiyyatdadır. MYİ 0****** seriyalı Azərbaycan Respublikası Ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsindən görünür ki, İddiaçı Pakistan İslam Respublikasının vətandaşıdır və ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan müddəalara əsasən tərəflər arasında borc müqaviləsi bağlanmamışdır. Bundan baçqa belə müqavilə olmasa da öhdəlik münasibətlərinin mövcudluğu ilə bağlı mübahisəli halı araşdırma baxımından məhkəmə hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi məbləği cavabdehlərə verməsi barədə inandırıcı sübut təqdim etməmiş, həmçinin cavabdehlər tərəfindən həmin fakt etiraf olunmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehlərə müəyyən məbləğldə pul verməsini göstərsə də, buna dair möhtəbər sübut təqdim edə bilməmiş, təqdim etdiyi cədvəl isə imzalanmamış və pulun cavabdehlərin hesabına ödənilməsi barədə məlumat əks etdirmir. İddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi olmadığılndan iddiaçının hazırkı iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı və qanuni edən borcun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, İddiaçı Ali Varisin cavabdehlər Cavabdeh1, Sohail Qasım və Rizwan Muhammada qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ali Varisin cavabdehlər Cavabdeh1, Sohail Qasım və Rizwan Muhammada qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4450/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4450/2021
04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver