Məhkəmə qərarları › İş №2(005)-4452/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4452/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4452/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddaçılar İddiaçı4, İddiaçı8, İddiaçı5, İddiaçı15, İddiaçı10 Əlisafə qızı, İddiaçı1 və İddiaçı11, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 və İddiaçı16 cavabdeh "xxxx" ASC-yə qarşı “dividendlərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Əlisafə qızı, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 və İddiaçı16 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı il tarixdən başlayaraq məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər dividentlərin hesablanaraq cavabdeh tərəfindən onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, adı qeyd olunan iddiaçılar cavabdeh Şampan zavod ASC-də uzun müddət müxtəlif sahələrdə işləmişlər. İşlədikləri dövrdə heç bir nöqsana yol verməmişlər. Belə ki, zavodun 2003-cü il tarixində özəlləşməsinə hər biri müxtəlif sayda səhm paylarını vermişlər. Zavodun o dövrdəki rəhbərliyi onlara bildirmişdir ki, hər kim zavodun özəlləşdirilməsi üçün səhm (çek) yatırarsa zavodun gəlirindən onlara da pay ayrılıb veriləcək. Əlavə olaraq nə zaman zavod və ya zavodun sexlərində və başqa sahələrində avadanlıqlar yenilənərsə, köhnə avadanlıqlar satılarsa sizin onların birinə ondan, yəni alınan puldan onların da payları var. Uzun müddət keçməsinə baxmayaraq, onlar heç bir pay sahibi kimi zavoddan səhm pulu almamışlar. Belə qənaətə gəlinir ki, səhmdar cəmiyyətin sədri, yəni idarə heyətinin sədri və onun üzvləri zavoddan gələn gəliri özləri və özlərinə yaxın səhmdarlara verib, onlar kimi kənar səhmdarlara isə zavodun gəliri olmayıb deyirlər. Sual olunur: “necə olur 20 ildir zavodun gəliri olmadığı halda zavod işləyir?”. Bu sualla səhmdar cəmiyyətin sədrinə dəfələrlə müraciət etsələr də, heç bir nəticə olmayıb. Hər dəfə müraciət etdikdə eyni sözləri eşidirlər. Elə bu səbəbdən də, ümumilikdə məhkəməyə müraciət etmək qərarına gəliblər. Belə ki, özəlləşdirməni həyata keçirən cavabdeh dövlətin onlara verdiyi özəlləşdirmə çeklərini qəbul etmişdir. X2 ASC ümumi və səhmdarların iclasının keçirilməsi nəticəsi barədə onlara heç bir məlumat verməmiş və dividendlər ödənilməmişdir. Bu isə onların səhmdar kimi hüquqlarının pozulmasıdır. Hüquqi şəxs və onun əsas vəsaitlərini qanunsuz yollarla ələ keçirmiş cavabdeh bu illər ərzində xeyli mənfəət - qazanc əldə etmişdir. Onlara 2016-cı il tarixdən başlayaraq mənkəmə tərəfindən qətnamə qəbul edilən tarixə dividendlər hesablanıb ödənilməndir. Belə ki, cavabdehlər müəssisənin gəlirini gizli əməliyyatlar apararaq hesablamaqla özləri və ətrafları ilə birgə mənimsəyirlər. Məhkəmə iclasında iştirak edən iddaçılar İddiaçı4, İddiaçı8, İddiaçı5, İddiaçı15, İddiaçı10 Əlisafə qızı, İddiaçı1 və İddiaçı11 işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili X4 işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13). Adıçəkilən Qərarın 19-cu bəndinə uyğun olaraq, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar (bənd 26). Hazırki iş materiallarından göründüyü kimi, mübahisə kommersiya hüquqi şəxsi olan "xxxx" ASC-nin keçmiş işçiləri tərəfindən əldə edilmiş səhmlərdən dividend alınması ilə bağlı korporotiv mübahisədir. Yəni iddiaçılar və cavabdeh arasındakı münasibətlər həmin hüquqi şəxsin fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən, o cümlədən səhmlərin alğı-satqısından irəli gələn kommersiya hüquqi şəxslərinin korporativ mübahisələri isə (qarşı tərəfin sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin fəaliyyətinin həyata keçirilməsindən yaranan kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisə olduğundan mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 və İddiaçı16 cavabdeh "xxxx" ASC-yə qarşı “dividendlərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar