Məhkəmə qərarları › İş №2(104)-146/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-146/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-146/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçılar İddiaçı3 (həmçinin mərhum İddiaçı1 prosessual hüquq varisi), İddiaçı2, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı öhdəlik müqaviləsinin ləğv edilməsi və müqavilə əsasında ödənilmiş pulların geri qaytarılması, eləcə də paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(015)-405/2023 nömrəli qətnaməsindən İddiaçı1, həmçinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 28 iyul 2020-ci il tarixli 3M-137 saylı öhdəlik müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş 7872 manat pulun geri qaytarılması, yaşayış evində qeydiyyatda qalmış olan şəxsin yaşayış hüququna xitam verilməsi və paylı mülkiyyətdə olan torpaq sahəsinin naturadan ayrılaraq paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı1 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddia tələbinin yalnız öhdəlik müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş pulların geri qaytarılması və paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsi hissəsində baxılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(015)-405/2023 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia qismən təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh arasında Ağstafa rayon Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsinin ləğv edilməsi; Cavabdeh 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat məbləğində pul alınaraq İddiaçı3 verilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ölüm haqqında AZ-İİ seriyalı 357561 nömrəli şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, İddiaçı1 18 dekabr 2023-cü il tarixdə ölmüşdür. Apellyasiya instansiyasında icraat zamanı İddiaçı1 öldüyü üçün digər İddiaçı3 onun prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. İşin faktiki halları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, mülkiyyətlərində Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən fərdi yaşayış evi vardır. Cavabdeh həmin evdə pasport qeydiyyatındadır, lakin uzun müddətdir həmin evdə yaşamadığından onun könüllü olaraq qeydiyyatdan çıxması barədə öz aralarında razılığa gəlmişlər. Bu səbəbdən arvadı İddiaçı3 və oğlu İddiaçı2lə Cavabdeh arasında öhdəlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı3 məxsus təqaüd kartının Cavabdeh verilməsi, 6 il müddətinə həmin karta köçən təqaüdün onun tərəfindən alınması, əgər İddiaçı3 vəfat edərsə İddiaçı2 həmin təqaüdü sona yetirənəcən ödəyəcəyi barədə öhdəlik götürmüşlər. Həmin müqavilənin bağlanmasından 2 il keçməsinə baxmayaraq, cavabdeh həmin öhdəliyi icra etməmişdir. Hazırda cavabdehlə onların arasında heç bir əlaqə yoxdur və 15 ildən artıq müddətdir ki, cavabdeh onlara məxsus evdə yaşamır. Cavabdeh onlara məxsus evdən qeydiyyatdan çıxarılması barədə polisə müraciət etmişlər, lakin bununla bağlı məhkəməyə müraciət edilməsi bildirmişdir. Həmçinin İddiaçı1 xüsusi mülkiyyəində olan evin yerləşdiyi torpaq sahəsinin müəyyən hissəsində cavabdehin payı vardır ki, həmin torpaq sahəsinin də naturada ayrılmaqla paylara mütənasib şəkildə bölünməsi zəruridir. İş materiallarında olan: Ağstafa rayon notariat ofisində bağlanmış 28 iyul 2020-ci il tarixli 3M-137 saylı öhdəlik müqaviləsinin surətindən görünür ki, həmin müqavilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh arasında bağlanmışdır. Qeyd edilən müqavilədə isə tərəflərin öhdəliyi aşağıdakılardan ibarət olmuşdur: 1. İddiaçı3 öz üzərinə öhdəlik götürür ki, özünə məxsus pensiya kartını 6 (altı) il müddətinə oğlu Cavabdeh verir. Həmin müddət ərzində pensiya kartının müddəti bitdiyində kartı dəyişdirib yenidən Cavabdeh verəcək, eyni zamanda həmin pensiya kartı ilə heç bir mübahisəsi olmayacaqdır. 2. İddiaçı2 öz üzərinə öhdəlik götürür ki, anası İddiaçı3 6 (altı) il ərzində vəfat edərsə onun pensiya kartında olan məbləği hər ay vaxtı-vaxtında Cavabdeh vaxtı-vaxtında ödəyəcəkdir. 3. Cavabdeh öz üzərinə öhdəlik götürür ki, atası İddiaçı1 məxsus olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən pay tələb etmir. Gələcəkdə həmin yaşayış evinə dair heç bir şikayəti və tələbi olmayacaqdır. Eyni zamanda həmin evdən pasport qeydiyyatından çıxacaqdır. Ağstafa rayon notariat ofisində təsdiq edilmiş Cavabdeh 28 iyul 2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, qeydiyyatda olduğu atası İddiaçı1 məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evin bağışlanmasına etiraz etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindıən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndindəki 0.0605 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə mülkiyyətində, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə tam olaraq İddiaçı1 xüsusi mülkiyyətindədir. Ağstafa rayon notariat ofisində verilmiş 8İ-3228 reyestr nömrəli 28 iyul 2020-ci il tarixli notariat ərizədən görünür ki, Cavabdeh qeydiyyatda olduğu atası İddiaçı1 məxsus olan Ağstafa rayoinu Dağkəsəmən kəndində yerləşən fərdi yaşayış evinin bağışlanmasına, satılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş AZ-İİ №357561 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 341 nömrə ilə qeyd edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan JN1404A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamadən göründüyü kimi Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi mülkiyyətçilər torpaq sahəsinin naturadan ayrılaraq paylara mütənasib şəkildə bölünməsi barədə razılığa gələ bilmədikləri üçün torpaq sahəsinin paylara bölünməsini xahiş etmişlər. Lakin işə baxan məhkəmə qeyd olunan iddia tələbini heç bir əsas göstərmədən təmin etməmişdir. Torpaq sahəsinin ümumi ölçüsü 0,06 hadır, həmin torpaq sahəsinin 4 nəfər arasında bölünməsi torpaq sahəsinə tənasübsüz zərər vurmadan, mülkiyyətçilərdən hər hansı birinin hüqüqunu pozmadan mümkündür. Lakin işə baxan hakim qeyd olunan iddia tələbini əsas göstərmədən təmin etməmişdir. Qətnamədə naturada bölünməsi tələb edilən torpaq sahəsinin birgə mülkiyyət iştirakçılarının payları müəyyənləşdirilmədən ümumi mülkiyyət kimi qeydə alındığı, ilkin olaraq birgə mülkiyyət iştirakçılarının paylı mülkiyyətinin müəyyənləşdirilməsi, bundan sonra paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasını tələb etməli olduğu göstərilmişdir. Həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması, payların eyni şəkildə bölünməsi, aralarında olan mübahisənin həlli üçün müvafiq ekspertizanın təyin edilməsini və hər kəsin payının hansı hissədə müəyyən edilməsini qanunvericiliyin şərtlərinə uyğun olaraq qiymət verilməli idi. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ona təqaüd kartının verilməsi, bu kartdan aylar üzrə onun tərəfindən pensiyanın çıxarılması sübut olunmadığı halda məhkəmə iddianı təmin etmişdir. Hansı ki, tərəflər öz aralarında üzərlərinə 3 şərtli öhdəlik götürməklə öhdəlik müqaviləsi bağlamışlar. Həmin müqavilənin birinci şərti İddiaçı3 özünə məxsus pensiya kartını 6 (altı) il müddətinə ona verməsi, həmin müddət ərzində pensiya kartının müddəti bitdiyində kartı dəyişdirib yenidən ona verəcəyi, eyni zamanda həmin pensiya kartı ilə heç bir mübahisəsi olmayacağı barədə öz üzərinə öhdəlik götürməsi olmuşdur. Ancaq müqavilədə müqavilə şərtləri icra edilmədiyi təqdirdə alınanların geri qaytarılması bəndi göstərilməmişdir. Bu müqavilədə eyni zamanda onun hansı tarixdən evdən qeydiyyatdan çıxması və əmlak payından imtina etməsi qeyd edilməmişdir. Bu halları saydıqdan sonra məhkəmə hətta qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında yaranan mülki hüquq münasibətləri baxımından tərəflər arasında əsassız varlanma münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz həmin hüquq çərçivəsində həll edilməlidir. O isə iddiaçının pulu hesabına əsassız varlandığı üçün sonuncu qarşısında həmin pulu qaytarmaq öhdəlikləri mövcuddur. Məhkəmə özü istinad etdiyi normanın bu münasibətə tətbiq edilə bilməyəcəyini özü əsassız varlanma hallarına münasibətdə açıq olaraq qeyd etsə də, yenə də əsassız varlanma ilə bağlı maddi hüquq normaları əsasında qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd edilir ki, yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Müqaviləni əhəmiyyətli dərəcədə pozmanın anlayışı da bu normada qeyd edilmişdir. Öhdəliklərin hər hansı icra müddəti göstərilməyən müqavilə üzrə tərəf olan onun müqavilə öhdəliklərini pozması qətnamədə qeyd edilir. Bu müqavilənin ləğv edilməsi ilə bağlı tərəflər arasında heç bir görüş də olmamış və hətta ona müqavilə tərəfi olaraq heç bir məlumat verilməmişdir. Öhdəliklərin pozulmasının nədən ibarət olması da göstərilməmişdir. Məhkəmə heç araşdırmamışdır ki, iddiaçılar müqavilə tərəfi olaraq üzərlərinə götürdükləri öhdəlikləri icra ediblərmi? Məhkəmə bu iş üzrə öhdəliklərin müqavilə münasibəti üzrə yaranmasına baxmayaraq səhvə yol verərək, bu işə əlaqəsi olmayan Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələrini tətbiq etmişdir və bununla da maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Onun adı ilə Ağstafa Rayon Məhkəməsinə ünvanlanmış məktubun onun tərəfindən göndərilib-göndərilməməsi araşdırılmadan qətnamədə məktubun onun tərəfindən göndərildiyini qeyd edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə Ağstafa Rayon Məhkəməsinə ünvanlanan ərizənin onun tərəfindən göndərilməsi, iddiaçı tərəfindən pensiya ödəniş kartının ona verilməsi və bu kartdan pensiya çıxartması sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa müqavilənin ləğv edilməsi ilə bağlı onun tərəfindən müqavilənin şərtlərinin pozulması halı sübut edilməmişdir. Ümumiyyətlə bu müqavilədə icra müddəti göstərilmədiyi üçün müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri müqavilənin son tarixinə qədər icra edə bilərdi. Hansı ki, iddiaçı tərəfin belə müqavilə üzrə öhdəliklərini icra etməsi müəyyən edilməmişdir. Məhkəmə heç müqavilə öhdəliyi kimi qeyd etdiyi pensiya kartının ona verilib-verilməməsini belə araşdırmamışdır. Hansı ki, hətta müqavilənin özündə iddiaçı tərəf öhdəlik olaraq üzərinə götürür ki, pensiya kartı ilə bağlı heç bir şikayət və tələbi olmayacaq. Apellyasiya şikayətlərinə dair tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 (həmçinin digər iddiaçı mərhum İddiaçı1 prosessual hüquq varisi) prosessual hüquq varisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, oğlu Cavabdeh mərhum ərinə məxsus evdə pasport qeydiyyatındadır və könüllü olaraq qeydiyyatdan çıxması barədə onlara razılığa gəlmişdir. Belə ki, cavabdehlə onlar arasında öhdəlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o özünə məxsus təqaüd kartını cavabdehə vermiş, sonuncu 6 il müddətinə həmin karta köçən təqaüdü alması barədə o öhdəlik götürmüşdür. Samir isə öhdəlik götürərək həmin evdən qeydiyyatdan çıxmalı idi. Lakin müqavilənin bağlanmasından 2 il keçməsinə baxmayaraq, cavabdeh həmin öhdəliyi icra etməmişdir. Həmçinin İddiaçı1 xüsusi mülkiyyəində olan evin yerləşdiyi torpaq sahəsi onların ümumi birgə mülkiyyətində olmaqla müəyyən hissəsində cavabdehin payı vardır ki, həmin torpaq sahəsinin də naturada ayrılmaqla paylara mütənasib şəkildə bölünməlidir. İddiaçı3 (həmçinin digər iddiaçı mərhum İddiaçı1 prosessual hüquq varisi) sonda məhkəmə kollegiyasından prosessual hüquq varisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsinin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 da digər İddiaçı3 ilə eyni məzmunlu izahat verdikdən sonra İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsinin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh mərhum İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçılar ilə onun arasında öhdəlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı anası İddiaçı3 özünə məxsus təqaüd kartını ona vermiş və 6 il müddətinə həmin karta köçən təqaüdü onun alması barədə sonuncu öhdəlik götürmüşdür. O isə öhdəlik götürərək göstərilən 6 il müddətində pulu aldığı halda həmin evdən qeydiyyatdan çıxmalı idi. O, öhdəliyinin şərtlərinə əməl etməyə razıdır. Həmin öhdəliyi o, deyil iddiaçı tərəf yerinə yetirmir. Belə ki, müqavilə üzrə ona ödənilməli olan pul vəsaiti tam həcmdə ona ödənilməmişdir. Bu səbəbdən də evdən pasport qeydiyyatından çıxmaq istəmir. Əslində, müqavilə üzrə öhdəliklər yekunlaşanda evdən pasport qeydiyyatından çıxamağa razıdır. Lakin müqavilə üzrə dörd il müddətində ona ödənilməli olan pul vəsaiti ona verilməmişdir. O, Enginara Əliyevaya məxsus pensiya kartından hər ay 245 manat pul çıxartmışdır. Sonradan isə iddiaçı kart bağlanmışdır. Həmçinin İddiaçı1 xüsusi mülkiyyəində olan evin yerləşdiyi torpaq sahəsi onların ümumi birgə mülkiyyətində olmaqla müəyyən hissəsində onun payı vardır ki, həmin torpaq sahəsi üzərində onların payları müəyyən edilməmiş, ona görə də, torpaq sahəsinin naturada ayrılması əsassızdır. Cavabdeh sonda məhkəmə kollegiyasından mərhum İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından mərhum İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iki apellyasiya şikayəti üzrə bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, mərhum İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən “iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh arasında Ağstafa rayon Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsinin ləğv edilməsi; Cavabdeh 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat məbləğində pul alınaraq İddiaçı3 verilməsi” hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmn hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh arasında Ağstafa rayon notariat ofisində 28 iyul 2020-ci il tarixli 3M-137 saylı öhdəlik müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri müqavilə şərtləri ilə öz üzərlərinə müvafiq öhdəlik götürürək müqavilə üzrə öz hüquq və öhdəliklərini müəyyən etmişlər. Qeyd edilən müqavilədə tərəflərin öhdəliyi aşağıdakılardan ibarət olmuşdur: 1. İddiaçı3 öz üzərinə öhdəlik götürür ki, özünə məxsus pensiya kartını 6 (altı) il müddətinə oğlu Cavabdeh verir. Həmin müddət ərzində pensiya kartının müddəti bitdiyində kartı dəyişdirib yenidən Cavabdeh verəcək, eyni zamanda həmin pensiya kartı ilə heç bir mübahisəsi olmayacaqdır. 2. İddiaçı2 öz üzərinə öhdəlik götürür ki, anası İddiaçı3 6 (altı) il ərzində vəfat edərsə onun pensiya kartında olan məbləği hər ay vaxtı-vaxtında Cavabdeh ödəyəcəkdir. 3. Cavabdeh öz üzərinə öhdəlik götürür ki, atası İddiaçı1 məxsus olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən pay tələb etmir. Gələcəkdə həmin yaşayış evinə dair heç bir şikayəti və tələbi olmayacaqdır. Eyni zamanda həmin evdən pasport qeydiyyatından çıxacaqdır. İddiaçılar cavabdehin evdən pasport qeydiyyatından çıxmamaqla öhdəlik müqaviləsinin şərtlərini pozuğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Bununla yanaşı müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndindəki 0.0605 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə mülkiyyətində, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə tam olaraq İddiaçı1 xüsusi mülkiyyətindədir. İddiaçılar sözügedən torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsini xahiş edirlər. Məmçinin müəyyən edilmişdir ki, Cavabdeh 28 iyul 2020-ci il tarixdə notarial qaydada ərizə verərək qeydiyyatda olduğu atası İddiaçı1 məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evin bağışlanmasına etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı tərəf, həm də cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı tərəf apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən və İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə mülkiyyətində 0.0605 ha torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsinin təmin olunmaması hissədə mübahisələndirmişdir. Cavabdeh tərəf isə apellyasiya şikayət verərək qətnaməni iddia tələbinin iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh arasında Ağstafa rayon Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsinin ləğv edilməsi; Cavabdeh 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat məbləğində pul alınaraq İddiaçı3 verilməsinin təmin edilməsi hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə iddiaçı tərəfin apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti üzrə baxılan mübahisə torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsindən ibarətdir və mübahisəyə mülki qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 144.5-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasəm, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220-ci maddəsinə müvafiq olaraq, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Hazırkı işdən isə görünür ki, naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsi tələb edilən Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 0.0605 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə mülkiyyətindədir. Yəni, iddiaçıların naturada bölünməsini tələb etdikləri torpaq sahəsi birgə mülkiyyət iştirakçılarının payları müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Nəzərə almaq lazımdır ki, birgə mülkiyyətçilər olan iddiaçılar mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ilkin olaraq onların paylı mülkiyyətinin müəyyənləşdirilməsi, bundan sonra paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. İddiaçılar isə həmin qaydalara əməl etmədən birbaşa payların naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazıkı mərhələdə mübahisə predmeti olan torpaq sahəsinin naturada ayrılaraq paylara mütənasib şəkildə bölünməsi yolverilməzdir və birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmuş hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf apellyasiya şikayəti üzrə baxılan mübahisə müqavilənin ləğv edilməsi və müqavilə üzrə verilənlərin geri qaytarılmasından ibarət olduğundan mübahisəyə mülki qanunvericiliyin müqavilə hüququ və müqavilənin ləğv edilməsi barədə müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını müəyyən edən 421-ci maddəsində deyilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Ağstafa rayon notariat ofisində tərəflər arasında bağlanmış 28 iyul 2020-ci il tarixli 3M-137 saylı öhdəlik müqaviləsinə əsasən İddiaçı3 özünə məxsus təqaüdü götürmək üçün pensiya kartını 6 (altı) il müddətinə oğlu Cavabdeh verməsi, həmin müddət ərzində pensiya kartının müddəti bitdiyində kartı dəyişdirərək yenidən Cavabdeh verməsi, eyni zamanda həmin pensiya kartı ilə heç bir mübahisəsi olmayacağı barədə, İddiaçı2 anası İddiaçı3 6 (altı) il ərzində vəfat edərsə onun pensiya kartında olan məbləği hər ay vaxtı-vaxtında Cavabdeh ödəməsi barədə, müqvilənin digər tərəfi Cavabdeh isə atası İddiaçı1 məxsus olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən pay tələb etməyəcəyi, gələcəkdə həmin yaşayış evinə dair heç bir şikayət və tələbinin olmayacağı, eyni zamanda həmin evdən pasport qeydiyyatından çıxacağı barədə öhdəlik götürmüşlər. Məhkəmə kollegiyası qeyd edir ki, Ağstafa rayon notariat ofisində tərəflər arasında bağlanmış 28 iyul 2020-ci il tarixli 3M-137 saylı öhdəlik müqaviləsinin icra qaydası barədə müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır. Bu səbəbdən müqavilənin icrasına dair qaydalar mülki qanunvericiliyin müddəaları əsasında təhlil edilməlidir. Tərəflər arasında bağlanmış öhdəlik müqaviləsindən göründüyü kimi İddiaçı3 özünə məxsus pensiya kartını 6 (altı) il müddətinə müqavilənin digər tərəfi olan Cavabdeh verməyi, hətta kartın müddəti bitdiyində kartı dəyişdirib yenidən ona verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı2 öz üzərinə öhdəlik götürmüşdür ki, anası İddiaçı3 6 (altı) il ərzində vəfat edərsə onun pensiya kartında olan məbləği hər ay vaxtı-vaxtında Cavabdeh ödəyəcəkdir. Müqavilənin digər tərəfi Cavabdeh isə öz üzərinə öhdəlik götürür ki, atası İddiaçı1 məxsus olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən pay tələb etmir. Gələcəkdə həmin yaşayış evinə dair heç bir şikayəti və tələbi olmayacaqdır. Eyni zamanda həmin evdən pasport qeydiyyatından çıxacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə üzrə İddiaçı3 üzərinə götürdüyü öhdəliyin icrası 6 il müddəti əhatə edir. Həmçinin işin hallarından göründüyü kimi həmin öhdəlik vaxtından əvvəl də icra edilməmişdir. Mülki Məcəllənin 404.1-ci maddəsində təsbit edilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə görə, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Ağstafa rayon notariat ofisində təsdiq edilmiş 8İ-3228 reyestr nömrəli 28 iyul 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh qeydiyyatda olduğu atası İddiaçı1 məxsus olan Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən fərdi yaşayış evinin bağışlanmasına, satılmasına etiraz etmədiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə görə, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Bu xüsusda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh pasport qeydiyyatında olduğu və mərhum İddiaçı1 məxsus Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən fərdi yaşayış evinin bağışlanmasına, satılmasına etiraz etməməsi barədə razılığı öz-özlüyündə cavabdehin Ağstafa rayon notariat ofisində bağlanmış 28 iyul 2020-ci il tarixli 3M-137 saylı öhdəlik müqaviləsinə dair üzərinə götürdüyü öhdəliyin icrasına yönəlmiş hərəkətdir. Eyni zamanda Cavabdeh hər hansı hərəkətləri nəticəsində müqavilənin şərtlərinin pozulması müəyyən olunmur. Belə ki, müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı3 6 il ərzində təqaüdünü Cavabdeha verməsi barədə öhdəlik götürsə də, həmin öhdəliyini tam icra etməmiş, yəni sonuncuya verilməli olan pul vəsaiti iddiaçı tərəfindən ona tam həcmdə ödənilməmişdir. Göründüyü kimi cavabdehin mübahisə predmeti olan evdən qeydiyyatdan çıxması barədə üzərinə götürdüyü öhdəlik onun hərəkətləri nəticəsində deyil, iddiaçının hərəkətsizliyinə görə baş tutmamışdır. İşin sadalanan hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağstafa rayon notariat ofisində tərəflər arasında bağlanmış 28 iyul 2020-ci il tarixli 3M-137 saylı öhdəlik müqaviləsinin ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Həmçinin qeyd olunan müqavilə ləğv edilmədiyindən müqavilə üzrə icra edilən öhdəliklərin də qaytarılması istisna təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edə hallarını hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini qismən təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunması hissədə ləğv olunmalı və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(015)-405/2023 nömrəli qətnaməsi “iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilə Cavabdeh arasında Ağstafa rayon Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-137 saylı öhdəlik müqaviləsinin ləğv edilməsi; Cavabdeh 7872 (yeddi min səkkiz yüz yetmiş iki) manat məbləğində pul alınaraq İddiaçı3 verilməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar