Məhkəmə qərarları › İş №2(005)-4456/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4456/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4456/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri 29 saylı notariat ofisində Cavabdeh ilə aralarında bağlanmış “Kredit Müqaviləsi” əsasən, iddiaçı tərəfindən cavabdehə verilmiş 2500 (iki min beş yüz) manat məbləğində borc pul vəsaitinin qalıq, ödənilməmiş 2200 manatının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri 29 saylı notariat ofisində aralarında bağlanmış "Kredit Müqaviləsi”nə əsasən iddiaçı tərəfindən cavabdehə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh iddiaçıdan borc aldığı 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini 29.06 2018-ci il tarixədək iddiaçıya geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcdan 2022-ci ilin mart ayında iddiaçıya cəmi 300 manat qaytarmaqla borcun qalıq 2200 manatını da qısa zaman içində qaytaracağına dair söz versə də, o, hal-hazıra qədər vədinə əməl etməmiş və iddiaçı pulunu geri istədiyində cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan əlavə vaxt, zaman alaraq, hal-hazıra qədər iddiaçıya olan borcunu qaytarmamışdır. Son vaxtlar telefon zənglərinə belə cavab verməyən Cavabdeh iddiaçıya olan borcunun qaytarılması ilə bağlı tərəfindən ünvanlanmış Pretenziyaya da heç bir münasibət bildirməmişdir. İddiaçı hesab edir ki, yuxarıda şərh edilənlər nəzərə alınmalı və xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri 29 saylı notariat ofisində aralarında bağlanmış “Kredit Müqaviləsi” əsasən, tərəfindən Cavabdeh verilmiş 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin qalıq, ödənilməmiş 2200 manatının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisində Cavabdeh ilə aralarında bağlanmış "Kredit Müqaviləsi"nə əsasən iddiaçı tərəfindən cavabdehə verilmiş 2500 (iki min beş yüz) manat məbləğində borc pul vəsaitinin qalıq, ödənilməmiş 2200 (iki min iki yüz) manatın, eləcə də iddiaçı tərəfindən ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcun tələb edilməsi üçün iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə, iddia ərizəsinin rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 29 saylı Notariat Kontorunda təsdiqlənmiş 29 yanvar 2018-ci il tarixli Kredit Müqaviləsinin surətindən görünür ki, Borc verən – İddiaçı tərəfindən Borc alan - Cavabdeh xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 2500 manat məbləğində pul borc verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borclu Cavabdeh 29 yanvar 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə qalıq 2200 manat borcu 3 (üç) gün müddətində İddiaçı geri qaytarmağı, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 29 yanvar 2018-ci il tarixində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2018-ci tarixdə bitmişdir. Hazırki iddia tələbi ilə İddiaçı cavabdehdən borcun geri qaytarılmasını tələb edir. Göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, İddiaçı iddia ərizəsinə qanunvericiliyin tələbinə uyğun olaraq iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında olan 29 yanvar 2018-ci il tarixli Kredit Müqaviləsinə əsasən Cavabdeh 2500 manat borc pul məbləğini xx.xx.2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi üzrə borc münasibətləri mövcud olmuşdur. Məhkəmə, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən birinin də iddia müddəti olmasını, həmçinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında kredit müqaviləsi 29 yanvar 2018-ci il tarixdə bağlanmış, iddiaçı isə kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması ilə bağlı 5 il sonra cavabdehə qarşı iddia qaldırmış və beləliklə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə olan halda məhkəmə yuxarıda sadalananları əsas götürərək, iddia müddəti tətbiq edilməklə iddia tələbindən imtinanı əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar