Məhkəmə qərarları › İş №2(005)-446/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-446/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-446/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh "MKT İstehsalat Kommersiya” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "MKT İstehsalat Kommersiya” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun MKT İK MMC-yə borcunun olmaması, verilməyən sahədən daşınma pulu 231 manat və təhvil verdiyi pambığın dəyərinə görə qazanc 730 manat - cəmi 961 manat ( doqquz yüz altmış bir manat) pulun MKT İK MMC dən ona qaytarılaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. Cavabdeh "MKT İstehsalat Kommersiya” MMC tərəfindən iddia ərizəsinə etiraz verildiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5592/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, MKT İK MMC iddiaçının iş fəaliyyəti barədə tam məlumatı olmadan, əsaslı dəlil və sübutu olmadan, etibar etdiyi Ucar filialının təqdim etdiyi saxta maliyyə arayışına əsaslanaraq onun 1346 manat borcunun olması ilə əlaqədar Məhkəməyə verməsi əsassız olmaqla qeyri-qanuni hərəkətdir. İddiaçı 29 aprel 2016-cı ildə MKT İK MMC Ucar filialı ilə ********* saylı müqavilə əsasında öz pay torpaq sahəsində (7.15 ha) pambıq əkmiş, pambıq bitkisinin aqro texniki qaydada yetişdirilməsinə dair sahəyə baxış komissiyasının aktı- 04.06.2016cı il iddia ərizəsinə əlavə edilir. Pambığın yığılması üçün hər kq-a 13 qəpik verildiyinə görə işçi qüvvəsi olmamış, o pambıqyığan maşın tələb etmişdir. 29 sentyabr 2016-cı il tarixdə iki traktorla gətirib yarpağın tökülməsi üçün dərman səpərək, maşını bilə-bilə gətirməmişdir. Oktyabr ayında yağan güclü intensiv yağış nəticəsində pambıq məhsulunun xeyli hissəsi tökülüb məhv olmuşdur. Yerli və rayon İcra nümayəndələrinə, Ucar filialına Prezidentə, K/r Nazirliyinə müraciət etmiş, heç bir köməklik edən olmamışdır. MKT İK MMC-yə telefonla danışmış, Ucar filialı bu təklifə əməl etməmişdir. Gələn qeyri-iş adamları da heç cür köməklik etməmişdir. Nəticədə iddiaçı bir neçə yaxın adamlarından xahiş edərək, 15-20 qəpik hər kq-a verməklə 10320kq pambıq yığıb Ucar filialına təhvil vermişdir. Ucar filialının müqavilə şərtlərini bilə-bilə öz xeyrinə görə pozduğu hallar: Pambıq yığan maşının gətirmədikləri halda istifadə olunan dərman və traktorların xərcini qeyri qanunu olaraq iddiaçının hesabına yazılması.(425-dörd yüz iyirmi beş manat) Maşının gətirilməməsi ilə əlaqədar pambığın xeyli hissəsinin məhv olması. Əllə yığılan pambığın nəmlikzibillik faizinin bilərəkdən artıq yazılması. Müqavilədə: 1-ci növ nəmlik 9% zibillik 3% dən Yığım pulu verəndə pambıq təhvili qəbzlərini cırıb 01 noyabr tarixdə 700kq, 18 noyabr tarixdə 690 kq çəkini azaltmaqla 1390 kq pambığı onun hesabına yazmaması nəticəsində 10320kq pambığın çəkisini 7598 kq endirməsi. Pambığın nəmlik- zibillik faizi müqavilədə göstərilən ərdən çox olduğu halda 1-ci növ kimi qiymətləndirilməsi. Pambıq təhvili qəbzlərində nəmlik-zibillik faizlərinə görə kondisiya çəkisinin düzgün hesablanmaması. Ödənilmiş 167 manatın ümumi xərcdən çıxmaq əvəzinə üstünə gələrək ümumi xərcin 5228 manat kimi düzgün yazılmaması. Onun Ağsu və Şəki Məhkəmələrində yazılı və şifahi məlumatlara hakimlər əhəmiyyət verməyərək iddiaçının çıxışlarını səhv kimi qeyd edərək ədalətsizliklə MKT İK MMC-yə borcunun olması barədə qətnamə qəbul etmişlər. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "MKT İstehsalat Kommersiya” MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, müqavilə üzrə tərəflər arasında mülki hüquq münasibətləri 2016-cı il tarixində yarandığı üçün və iddiaçı tərəfindən hüququn müdafiəsi üçün müddət keçdiyini nəzərə alaraq hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddia əsassız olduğuna görə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "MKT İstehsalat Kommersiya” MMC ilə İddiaçı arasında bağlanmış 29.04.2016-cı il tarixli, ********* nömrəli 2016-cı il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən müqavilənin predmeti 2016-cı il mövsümü üzrə xam-pambığın istehsalı və alqı-satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə hüquq və vəzifələrinin tənzimlənməsindən ibarətdir. Eyni zamanda İddiaçı 10 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul ələ etməklə 14 ton xam-pambıq məhsulu istehsal edib tədarükçüyə satmağı öhdəsinə götürmüşdür; Ağsu Rayon Məhkəməsinın 05 sentyabr 2019-cu il tarixli, 2(016)-525/2019 nömrəli qətnaməsi ilə iddiaçı “MKT İstehsalat Kommersiya" MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə iddia ərizəsi qismən təmin edilərək, iddiaçı “MKT İstehsalat Kommersiya" MMC-nin “MKT-Ucar” filialı ilə cavabdeh İddiaçı arasında bağlanan 29.04.2016-cı il tarixli, ********* saylı 2016-cı il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə üzrə 640.20 manat məbləğində dəbbə pulunun 3.00 manat məbləğinədək azaldılması, cavabdeh İddiaçı “MKT İstehsalat Kommersiya" MMC-nin xeyrinə 1346.10 əsas borc, 3.00 manat cərimə borcu, ümumilikdə 1349.10 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 20.4 manat alınıb iddiaçı ‘'MKT İstehsalat Kommersiya” MMC-in hesabına ödənilməsi qət edilmişdir. 18.11.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü ilk öncə 961 manat ( doqquz yüz altmış bir manat) pulun cavabdehə artıq ödənildiyinin sübut edilməsindən ibarətdir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, MMC-nin iddiaçıya hər hansı məbləğdə pul qaytarmalı olmasını sübut edilməsi yükü iddiaçının üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı iddia tələbinin hüquqi əsasını əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Digər tərəfdən, məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ağsu Rayon Məhkəməsinın 05 sentyabr 2019-cu il tarixli, 2(016)-525/2019 nömrəli qətnaməsi ilə iddiaçı “MKT İstehsalat Kommersiya" MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə iddia ərizəsi qismən təmin edilərək, iddiaçı “MKT İstehsalat Kommersiya" MMC-nin “MKT-Ucar” filialı ilə cavabdeh İddiaçı arasında bağlanan 29.04.2016-cı il tarixli, ********* saylı 2016-cı il mövsümü üzrə xampambığın alqı-satqısına dair müqavilə üzrə 640.20 manat məbləğində dəbbə pulunun 3.00 manat məbləğinədək azaldılması, cavabdeh İddiaçı “MKT İstehsalat Kommersiya" MMC-nin xeyrinə 1346.10 əsas borc, 3.00 manat cərimə borcu, ümumilikdə 1349.10 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 20.4 manat alınıb iddiaçı ‘'MKT İstehsalat Kommersiya” MMC-in hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qətnamə hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən qeyd olunan müqavilə ilə İddiaçı borcu cəmi 1349.10 manat məbləğində müəyyən edilmiş, bu qətnamə apellyasiya instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən borcunun əsaslı olub-olmamasına hüquqi qiymət verilmişdir. Bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla belə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "MKT İstehsalat Kommersiya” MMC-yə qarşı “pul” tələbinə dair iddia rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "MKT İstehsalat Kommersiya” MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar