Məhkəmə qərarları › İş №2(005)-4474/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4474/2023

12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4474/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı Xanhüseyin qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Xanhüseyin qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xanhüseyin qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İlham oğlundan hər ay xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 250 (iki yüz əlli) manat məbləğində alimentin iddiaçının xeyrinə tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Xanhüseyn qızı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 2109 nömrəli akt qeydi ilə 1 saylı Bakı "ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikah 2(001)- 1252/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsinə əsasən Binəqədi Rayon Məhkəməsində nikahları pozulmuş və həmin qətnaməyə əsasən məhkəmə rəsmi nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh alimenti son zamanlar mütəmadi ödəsə də, əvvəllər alimenti normal vaxtında ödəməmişdir. İddiaçı bildirir ki, özü uşağı azyaşlı olduğundan işləyə bilmədiyindən uşağı saxlamaq maddi cəhətdən çox çətin olduğundan alimentin artırılması zərurəti yaranmışdır. Bundan əlavə cavabdeh həm rəsmi işlədiyini, həm də əlavə gəlirlərini gizlədir. Bu səbəbdən azyaşlı uşağının saxlanılması üçün alimentin artırılması zərurəti yarandığından qarşı tərəfə bu məsələnin mediasiya vasitəsi ilə həll olunması üçün təklif etmişdir. Cavabdehə mediasiya sessiyasına dəvət məktubu göndərilsə də, cavabdeh sessiyada heç bir məlumat vermədən iştirak etməmişdir. Bundan sonra mediator iddiaçıya MŞB/4-2023- 00267 nömrəli xx.xx.2023-cü il tarixli arayış verərək məhkəməyə müracət edə biləcəyi ilə bağlı məlumatlandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Xanhüseyin qızının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan bir övladı doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır və onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Xanhüseyin qızı ilkin mediasiyada iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan 1 saylı Bakı şəhər “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, AZ-T 104253 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı Xanhüseyin qızıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)- 1252/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı Xanhüseyn qızı arasında xx.xx.2019-cu il tarixdə 2109 nömrəli akt qeydi ilə 1 saylı Bakı "Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 anası İddiaçı Xanhüseyn qızının yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Xanhüseyn qızının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı Xanhüseyin qızının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 40 manat dövlət rüsumu tutulmalı və Dövlət Büdcəsinin xeyrinə ödənilməli, habelə 60 manat mediasiya xərci tutularaq, İddiaçı Xanhüseyin qızının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1252/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və 60 manat mediasiya xərci İddiaçı Xanhüseyin qızının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 40 manat dövlət rüsumu tutulsun və Dövlət Büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar