Məhkəmə qərarları › İş №2(005)-4511/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4511/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4511/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına əsasən cavabdehlə bağlanmış 29.01.2015-ci il tarixli ZM- 250006932 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı hesablanıb verilməli olan təqribən 1000 manat kompensasiya məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx":: ASC ilə 29.01.2015ci il tarixdə ZM-250006932 nömrəli kredit müqaviləsi bağlayaraq 18 ay müddətinə, illik 32%-lə 2000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Ancaq 2015-ci ilin aprel ayında Respublikada baş vermiş devalvasiya prosesinə baxmayaraq, 2015-ci ilin dekabr ayınadək 1205.97 ABŞ dolları vəsaiti banka ödəmişdir. Dekabr ayında baş vermiş devalvasiya hadisəsindən sonra isə kredit müqaviləsi üzrə qalıq borcunu ödəyə bilməmişdir. Bankın əməkdaşının tələbi ilə 30.11.2018-ci il tarixdə 11 ABŞ dolları, 14.01.2019-cu il tarixdə isə 29 ABŞ dolları banka pul ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ona hesablanıb verilməli olan kompensasiya bu günkü günə kimi hesablanıb verilməmişdir. Həmin fərman qanuni qüvvəsini aldıqdan sonra Ləğv prosesində olan ”Dəmir Bank” ASC-nin Qazax rayon fılalının əməkdaşı, onunla kredit müqaviləsi bağlanan zaman tərəf müqabil olan Müşvıq adlı əməkdaşla 2019-cu ilin mart ayının axırlarında görüşüb, kompensasiyanın ödənilib-ödənilməməsi haqqında və yeni rektruktruzasiya müqaviləsini bağlanacağı vaxtla maraqlanmışdır. O bildirmişdir ki, rəsmi olaraq bu barədə məlumat veriləcəkdir. Uzun bir müddət gözləsə də, Ləğv prosesində olan "xxxx" ASC-dən heç bir rəsmi məljmat almamışdır. Təqribən 2020-ci ilin iyun ayında Qazax Rayon Məhkəməsindən bildiriş aldıqdan sonra məlum olmuşdur ki, Ləğv prosesində olan "Dəmir Bank” ASC-nin Qazax rayon filalı Qazax Rayon Məhkəməsinə müraciət edərək borclu kimi ondan İddiaçı və X1 1276.56 ABŞ dolları əsas, 925.22 ABŞ doları faiz, 2211.04 ABŞ dolları cərimə borcunu və müqavilənin bitdiyi tarixdən 11.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmala 183.06 ABŞ dolları, ümumilikdə 4595.88 ABŞ dolları məbləğində və ödənilmiş 30 manar dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı Ləğv prosesində olan ”Dəmir Bank” ASC-nin xeyrinə ödənilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-96/2021 saylı mülki iş üzrə 02.02.2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X4 və X1 müştərək qaydada 1266.56 ABŞ dolları əsas, 289,86 ABŞ doları faiz, 200 ABŞ dolları cərimə, cəmi 1756.42 ABŞ doları kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi və Ekspertiza tədqiqatının dəyəri olan 200 manatın müştərək qaydada cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin Xəzinədarlığının hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən bank ona təqribən 1000 manat məbləğində kompensasiya hesablanıb verilməli olduğu halda, bu günkü günə kimi kompensasiya məbləğini hesablayıb verilməmişdir. Eyni zamanda banka olan borcundan ona verməli olduğu kompensasiya məbləğini çıxmamışdır. Problemli kreditlərin kompensasiyası ilə bağlı portaldan verilmiş çıxarışa əsasən onun Ləğv prosesində olan "xxxx" ASC-yə 2170.15 manat əsas borcu olduğu qeyd edilməklə, illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restruktruzsiya müqaviləsinin bağlnmasımn mümkün olduğu qeyd edilmişdir. Bununla bağlı Ləğv prosesində olan ”Dəmir Bank" ASC-nin Qazax rayon filalının əməkdaşına müraciət edərək restruktruzsiya müqaviləsinin bağlanmasını xahiş etsə də, o bundan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 29.01.2015-ci il tarixli, ********* nömrəli Kredit müqavilədən görünür ki, "xxxx" ASC İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, İddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqaviləyə əsasən İddiaçı 18 ay müddətinə, illik 32 faiz olmaqla, 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-96/2021 saylı, 02.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X4 və X1 müştərək qaydada 1266.56 ABŞ dolları əsas, 289,86 ABŞ doları faiz, 200 ABŞ dolları cərimə, cəmi 1756.42 ABŞ doları kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi və Ekspertiza tədqiqatının dəyəri olan 200 manatın müştərək qaydada cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin Xəzinədarlığının hesabına ödənilməsi qət edilmişdir. Problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, X3 Ləğv prosesində olan "xxxx" ASC-yə 2170,15+82,47 manat əsas kredit borcu var. Restrukturizasiya məbləği – 2252,62 manat, 21.02.2015-ci il və 21.12.2015-ci il tarixinə hesablanmış kompensasiya 0 (sıfır) manat təşkil edir. X4 tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-yə 10.02.2020-ci il tarixdə ünvanlanmış Borc məbləğinin restrukturizasiya olunmasına dair ərizəsinin surətindən görünür ki, “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq Ləğv prosesində olan "xxxx" ASC-nin Qazax filialı ilə bağladığı müqavilə üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 82,47 manat məbləğində borcunun 12 ay müddətinə restrukturizasiya olunmasına və bankın elektron sistemi üzrə ona hesablanmış fazilərin silinməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı LPO "xxxx" ASC ilə ABŞ dolları valyutasında kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi dərəcədə icra edə bilməmiş və bank qarşısında borcu yaranmışdır. Daha sonra iddiaçının kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlə haqqında” 28.02.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ayrılmasını və həmin kompensasiya cavabdeh tərəfindən verilmədiyini hesab edərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdır. Həmin kompensasiya ilk növbədə bank qarşısında 10 gündən artıq gecikdirmə olan borcun ödənilməsinə yönəldilmişdir. Ona görə də, ona hesablanmış kompensasiyanın 709.52 manat və 3542.63 manat məbləğlərindəki hissəsi proporsional qaydada, ilk növbədə 01.03.2019-cu il tarixinə "xxxx" KB ASC və "xxxx" ASC-də 10 gündən artıq gecikməsi olan borcun azaldılmasına yönəldilmişdir. "xxxx" ASC-yə kompensasiya hesabına ödənilmiş məbləğdən sonra iddiaçının bank qarşısında 1487,33 manat məbləğində borcu qalmış və həmin borcu ödəmək üçün iddiaçı ilə 19.10.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin güzəştli kredit müqaviləsi bağlanarkən iddiaçı tərəfindən banka qarşı heç bir etiraz bildirilməmiş və güzəştli kredit müqaviləsini könüllü olaraq imzalaması etiraf kimi dəyərləndirilir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1 -ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində aydın olur ki, mövcud vəziyyətdə kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı məbləğ kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir. Hazırda Palatanın səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. İşin hallarından göründüyü kimi iddiaçı 2170,15 manat məbləğində olan kredit borcunun restrukturizasiya olunması üçün banka müraciət etməmiş, etdiyi müraciət isə yalnız 82,47 manat məbləğində olan kredit borcu üçün müraciət etmişdir. O da qeyd edilməlidir ki, Problemli kreditlərin kompensasiyasına dair məlumatdan göründüyü kimi iddiaçının 21.12.2015-ci il tarixinə hesablanmış kompensasiya məbləği 0 (sıfır) manat təşkil edir. İşin hallarından o da aydın olur ki, iddiaçı kredit borcunun restruktruzasiyası üçün banka müraciət etməmiş, yuxarıda qeyd edilən Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar