Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4512/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon məhkəməsinin qəbul etdiyi 2(005)-1356/2021 nömrəli, 03.03.2021-ci il tarixli qətnaməsini icra etmək məqsədi ilə cavabdehə 8000 (səkkiz min) manat əvəzinə 8000 (səkkiz min) dollar ödəniş etdiyi üçün, sərxoş vəziyyətindən istifadə edərək iddiaçıdan artıq alınan 3295 ABŞ dollarının və ya manatla müqayisədə 5600 manatın və ödənilən 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 03.08.2020-ci il tarixdə ona məxsus olan “Wolkswagen polo” markalı **-VJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 17000 manata alqısatqı edilməsi məqsədi ilə cavabdehlə aralarında beh müqaviləsi imzalanmışdır və həmin müqavilə əsasında cavabdehdən 8000 (səkkiz min) manat məbləğində beh almışdır. Cavabdehlə aralarında alqı-satqı baş tutmadığı üçün cavabdeh ondan 18030 (on səkkiz min otuz) manat pulun geri qaytarılmasını tələb etmiş, yəni verdiyi behin iki mislini və əldən çıxmış faydanı nəzərdə tutmuşdur. Bu səbəbdən aralarında mübahisə yarandığından cavabdeh Nərimanov rayon məhkəməsinə iddia qaldıraraq ondan 18030 manat pulun tutulması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov rayon məhkəməsi işə obyektiv və ədalətlə araşdıraraq, 2(005)- 1356/2021 nömrəli, 03.03.2021-ci il tarixli qətnamə qəbul edərək, 8000 (səkkiz min) manat pulun iddiaçıdan tutularaq, Cavabdeh ödənilməsini qət etmiş və iddianın qalan hissəsini təmin etməmişdir. Məhkəmənin qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra 12 iyul 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində cavabdehlə görüşmüş və onunla qonşuluq münasibətini qorumaq və pozulmuş münasibətləri bərpa etmək məqsədilə ona kafelərin birində yemək yeyib, borcunu qaytarmağı təklif etmişdir. Tərəflər razılaşmış və qiymətlərin ucuz olduğu üçün Yasamal rayonunda kafedə əyləşib yemək yemiş, spirtli içki qəbul etmişlər. Daha sonra o cavabdehə pulu milli manatla ya dollarla verməsini soruşmuş, o isə dollarla demişdir. Həmin vaxt iddiaçının üzərində 8700 manat və əlavə olaraq 8000 ABŞ dolları vardı. Sərxoş olduğu üçün ağlında 8000 rəqəmi olduğundan ona 8000 dollar pul vermiş və kafedən durub notariusa gedərək, borcun ödənilməsi ilə bağlı notarial ərizə yazaraq, o, həmin ərizəni İcra və probasiya şöbəsinə təqdim etmişdir. Yasamal rayon 3 saylı asan xidmətin notariat şöbəsində tərəflərə alınan məbləği yazmaq səlahiyyətlərinin olmadığı və ümumi olaraq borcun tam ödənilməsini yazmalarını bildirmişdirlər. Cavabdehin ərizəsi notariat qaydada təsdiq edildikdən sonra onlar notariusda işləyən şəxsdən eyni mətni ayrıca çap etməsini və orada məbləği yazmasını xahiş etmişlər. Eyni məzmunlu ərizədə 8000 ABŞ dolları sözü əlavə edilmiş və cavabdeh öz əl yazı xətli ilə iddiaçıdan 8000 dollar alması barədə yazı yazmış və onlar yenidən kafeyə qayıdıb məclislərinə davam etmişlər. Səhəri gün iddiaçı cibində olan pulları sayanda o, cavabdehə 4705 (dörd min yeddi yüz beş) dollar verməkdənsə sərxoş olduğu üçün səhvən 8000 dollar, yəni 3295 dollar artıq vermişdir. Bir sözlə manatla hesablasa, 8000 manat əvəzinə 13600 manat vermiş, yəni 5600 manat artıq ödəniş olunmuşdur. İddiaçı artıq ödənilən məbləği cavabdehdən tələb etsə də, cavabdeh razılaşmamışdır. Cavabdehin sərxoş vəziyyətdən istifadə edərək, iddiaçıdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində yazılan məbləğdən artıq ödəniş alması qanunsuzdur və geri qaytarılmalıdır. Bu səbəbdən də iddiaçı ona rəsmi olaraq 17.08.2021-ci il tarixdə poçt vasitəsi ilə rəsmi məktub göndərərək artıq ödədiyi pulun qaytarmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Qeyd edilənlərdən və sübutlardan sübuta yetirilir ki, o həqiqətən də, cavabdehə artıq ödəniş etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək, bildirmişdir ki, İddiaçı ona borcu olmuş, həmin borcu qaytararkən, 8000 manat əvəzinə, 13600 manat vermişdir. Həmin pulu 8000 ABŞ dolları olaraq vermişdir. Verilmiş iddianı qəbul edir. Həmin pulu ona hissə-hissə ödənilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 04.11.2010-cu il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1974cü il tarixdə Azərbaycan Respublikası, Lənkəran rayonu, Boladi kəndində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır; 15.10.2014-cü il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinin əsasən Cavabdeh xx.xx.1979-cu il tarixdə Gürcüstan, Bolnisi rayonunda anadan olmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır; Cavabdeh tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 12.07.2021-ci il tarixli ərizənin surətində “Mən. X2 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qəbul etdiyi 2(005)- 1356/2021 nömrəli, 03.03.2021-ci il tarixli qətnaməsinin icrası məqsədi ilə ünvan 3 ünvanında qeydiyyatda olan borclu İddiaçı mənə borclu olduğu məbləği aldım. Faktiki olaraq İddiaçı tərəfindən mənə olan borc tam olaraq ödənildi və bununla da mən, Cavabdeh İddiaçı qarşı heç bir iddiam, etirazım, tələbim yoxdur və bundan sonra da olmayacaq. Qeyd edilənləri nəzərə alaraq və "İcra haqqında" AR Qanununun 20.1.5 və 23.1.1 maddələrinin tələblənni rəhbər tutaraq Sizdən xahiş edirəm ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qəbul etdiyi 2(005)-1356/2021 nömrəli, 03.03.2021-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən tam olaraq icra edildiyi üçün icraata xitam verəsiniz” qeyd olunmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1356/2021 nömrəli 03 mart 2021-ci il tarixli Qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “beh müqaviləsi üzrə pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı 8000 manat məbləğində pul Cavabdeh xeyrinə tutulması qət edilmişdir; İş materiallarına əlavə edilmiş 02.09.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1356/2021 nömrəli 03 mart 2021-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “beh müqaviləsi üzrə pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı 8000 manat məbləğində pul Cavabdeh xeyrinə tutulması qət edilmiş, həmin qətnamə icraya yönəlmişdir. Daha sonra tərəflər arasında görüş olmuş, həmin görüşdə iddiaçı sərxoş vəziyyətdə olduğu üçün cavabdehə səhvən 8000 manat əvəzinə 8000 ABŞ dolları pul vermişdir. Hazırda iddiaçı artıq ödənilən 3295 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul vəsaiti cavabdehdən tələb edir. Cavabdeh tərəf həmin pulu aldığını etiraf edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 3295 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul vəsaiti cavabdehə iddiaçı tərəfindən verilmişdir. Bu halı tərəflər mübahisələndirmir, Cavabdeh isə 3295 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul vəsaitini iddiaçıdan aldığını etiraf edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləd vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavaddehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür, cavabdeh həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3295 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3295 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4512/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4512/2021
03.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver