Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-454/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı Şəhəri Nərimanov Rayonu Nərimanov Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 10.735 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddia ərizəsində göstərilənlərdən əlavə azbes şiferə görə 300 ədəd x 15.0 AZN = 4500 AZN; qaradağ mişar daşına (kubik) görə 500 ədəd x 1,0 AZN = 5000 AZN və dəymiş mənəvi ziyana görə 30000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 avqust 2022-ci il tarixində, təxminən saat 17:00 ilə 18:00 aralarında ona xəbər gəlmişdir ki, Nərimanov rayonu E.İsaqzadə qəsəbəsi, X16 küç, ev 21B ünvanında yerləşən 1990-cı ildən onun istifadəsində olan və tərəfindən abadlaşdırılaraq yaşıllaşdırılmış 3 sotdan ibarət tam çəpərə alınmış təsərrüfatını dağıdıb aparıblar. O, 32 ildir ki, həmin torpağa ağaclar əkib, hər qarışını alın təriylə suvarmışdır. Ayağı sındığı və çətinliklə yeriməsi səbəbindən, həmin gün hadisə yerinə gedə bilməmişdir. Səhəri gün, 30 avqust 2022-ci ildə hadisə yerinə gəlmiş və görmüşdür ki, həqiqətən 32 ilə yaratdığı təsərrüfatı darmadağın edib aparmışlar. Onun istifadəsində olan həmin yerdə ev tikmək üçün bünövrə daşları düzüb iş aparmağa çalışılsa da, o, işi dayandırmış və dərhal 102 xidmətinə ona dəymiş ziyanla bağlı məlumat vermişdir. Daha sonra öyrənmişdir ki, onun təsərrüfatını Cavabdeh2 öz oğlu Cavabdeh1 ilə birlikdə post patrul xidməti əməkdaşlarının iştirakı ilə söküb aparmışlar. Baş vermiş hadisədən bir ay keçməsinə baxmayaraq, heç bir araşdırma işi aparılmamış və ona dəymiş ziyan da ödənilməmişdir. Dəymiş ziyanın həcminə daxildir: 1) dəmir darvaza 4,0 x 3,20 = 2000 AZN (16-lıq şvellerdən və 3-lük dəmirdən yığılıb); 2) atsinkovı şifer 1,0 x 2.0 ölçüdə 200 ədəd x 10,0 AZN = 2000 AZN; 3) metal turba 75-lik, qalın divar, 150m x 10,0 AZN = 1500 AZN; 4) şveller 14-lük 100 m 15,0 AZN = 1500 AZN; 5)Taxta qapı 1,0 x 2,0 - 5 ədəd x 250,0 AZN = 1250 AZN; 6) Tol 10 mm-lik 10 ədəd x 10,0 AZN = 100 AZN; 7) dəmir qapı, çərçivə ilə birlikdə (1,0 x 2,0) - 2 ədəd x 300,0 AZN = 600.0 AZN; 8) metal su turbası - 100m x 3,0 AZN = 300.0 AZN; 9) Çəpər boyunca 20 ədəd meyvə ağacı x 5,0 AZN = 100.0 AZN; 10) 35 m uzunluğunda çəpərə işlədilmiş metal: 75 diametr metal boru 13 ədəd x 2,5 m = 32,5 m x 10,0 AZN = 325,0 AZN; metal üst şifer 6 ədəd x 20,0 AZN = 120,0 AZN; metal üst 20 ədəd x 10,0 AZN = 200.0 AZN; metal künclük 50-lik 70m x 2,0 AZN = 140,0 AZN; 200m məsafədən plasmas su turbası ilə çəkilmiş su xətti: 200m – 600 AZN. Həmin yerə oğlu Bəhruzun adına rəsmi işıq xətti çəkilib, hazırda elektrik sayğacı və elektrik xətti darmadağın edilib. 20 ildən çoxdur ki, qeyd olunan 360 kv.m. torpaq sahəsinin abadlaşdırılmasına, yaşıllaşdırılmasına canını qoymuş, fiziki sağlamlığını itirmişdir. Cavabdehlər bir günə bütün yaradıb-qurduğunu vəhşicəsinə darmadağın etmişlər. Bu qəddarlıqdan çox sarsılmışdır. O yerə baxdıqda, hələ də özünə gələ bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın əsassız olduğunu qeyd edərək iddianın təmin olunmamasını xahiş etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, iddiaçı qanunsuz olaraq ona aid ərazini zəbt etmiş, ora köhnə əşyalar yerləşdirmişdir. Orada iddiaçıya aid dəyərli əşyalar olmamış, bəzi dəyərsiz əşyalar və köhnə balaca darvaza olmuşdur. Həmin əşyaların dəyəri heç 150 manat belə etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov rayonu 55 saylı MKİS tərəfindən təsdiq edilmiş və X6, X10, X5, X7, X2, Balayev Sabir Vəkil oğlu və X4 imzaladıqları xx.xx.2010-cu il tarixli aktda göstərilmişdir ki, İddiaçı 1990-cı il tarixindən hal-hazıradək Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, X16 küçəsi ev 21a ünvanın yaxınlığında 3 sot torpaq sahəsində yaşıllıq-abadlaşdırma işləri aparmış, belə ki, əvvəllər gigiyenik cəhətdən natəmiz olmasına baxmayaraq, bu ərazini öz vəsaiti hesabına zibildən təmizləmiş, eyni zamanda yaşıllığın daim təmin olunması məqsədilə buraya su çəkdirmiş, ərazidə çoxlu sayda ağac əkmiş, hasarlamış və digər abadlaşdırma işləri həyata keçirmişdir; - Nərimanov Bələdiyyəsi ilə Cavabdeh1 (icarəçi) arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsinə dair” xx.xx.2005-ci il tarixli 03 nömrəli müqavilədən görünür ki, Nərimanov bələdiyyəsi ünvan 3 ünvanında yerləşən 216 kv.m. ərazini abadlıq məqsədi ilə icarəçinin istifadəsinə verməyi, icarəçi isə qeyd olunan məqsədlə istifadə üçün ərazini qəbul etməyi öhdəsinə götürmüşdür; - Həmin icarə müqaviləsinə icarəçi Cavabdeh1 ayrılmış 216 kv.m. torpaq sahəsinin cizgisi əlavə edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1708 saylı ekspertiza rəyindən görünür ki, Nərimanov rayonu E.İsaqzadə küçəsi, X16 küçəsi, ev 21B ünvanında yerləşən 3 sotdan ibarət çəpərlənmiş ərazinin sökülməsi nəticəsində vurulmuş ziyanın aradan qaldırılması üçün aparılmalı tikinti təmir işlərinin dəyərinin hazırki bazar qiymətlərinə uyğun olaraq 5502 manat məbləğində təşkil etdiyi müəyyən olunmuşdur. Ekspertiza xərci 100 manat təşkil edir; - Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 Səbuhi oğlu ilə bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin 2.5-ci şərti, tərəflərin heç birinin təşəbbüsü ilə pozulmadığına görə müqavilə növbəti illər üçün uzadılmışdır. İllər üzrə icarə haqqı ödənildiyi üçün həmin müqavilə qüvvədədir; - Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 14 aprel 2005-ci il tarixində ünvan 5 ünvanında yaşayan Cavabdeh1 13 aprel 2005-ci il tarixli Q-10 saylı ərizəsinə əsasən Bakı şəhəri, E.İsaqzadə qəsəbəsi 123 ünvanda 211 m2 torpaq sahəsinə görə ünvan 7 bağlamışdır. Həmin icarə müqaviləsinə görə illik icarə haqqını 2019-cu ilə qədər ödəmişdir. Növbəti illər üzrə icarə haqqını müəyyən çətinliklər üzündən ödəyə bilmədiyi üçün ona xəbərdarlıq olunmuşdur. 13 yanvar 2023-cü ıl tarixli cavab məktubunda Cavabdeh1 ilə Bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin müddətinin bitdiyi qeyd edilmişdir. Həmin dövrdən Cavabdeh1 icarə müqaviləsinin 2.5 maddəsinin tələblərinə əməl edərək qalan illik icarə haqqını tam şəkildə ödəmişdir. Müqavilənin 2.5 bəndinin şərtləri tərəflərin heç birinin təşəbbüsü ilə pozulmadığına görə müqavilə növbəti il üçün uzadılmış hesab edilir; -Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçını uzun müddətdir ki tanıyır. O, 90-cı illərdən həmin əraziyə sahiblik etmiş, abadlıq işləri aparmışdır. Ərazidə ev tikmək üçün özünəməxsus əşyalar qoymuşdur. Orada darvaza, şifer və xatırlamadığı bir çox əşyalar var idi. Bir gün həmin ərazidə yerləşən hasarın və əşyaların buldozerlə Cavabdeh1gil tərəfindən dağıdıldığını eşitmişdir; -Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmiş ki, iddiaçının qonşusu olmuşdur, adıçəkilən ərazidə o, çoxlu ağaclar əkərək onlara qulluq etmiş, su, hasar çəkmişdir, ora ev tikmək üçün tikinti ləvazimatları alıb yığmışdır. Bir gün həmin əşyalar hamısı traktorla dağıdılmışdır. Əşyaların, hasar, darvaza və s. dağıdılmış vəziyyətdə olduğunu ordan keçərkən görmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 8 ünvanında yerləşən və sahəsi 216 kv.m. olan torpaq sahəsinə dair Nərimanov Bələdiyyəsi ilə Cavabdeh1 arasında 14 aprel 2005-ci il tarixdə 03 saylı torpaq icarə müqaviləsi bağlanmış, bununla belə həmin torpaq sahəsi İddiaçı faktiki sahibliyində və istifadəsində olmuş, cavabdeh icarəsində olan həmin torpaq sahəsində tikinti aparmaq məqsədilə oradakı hasarı sökdürmüş və ərazidə təmizlik işləri aparmışdır. İddiaçı, cavabdehlərin məhz qeyd edilən əməlləri nəticəsində ona aid əmlaka zərər dəydiyini iddia edərək hazırkı iddia tələbini irəli sürmüşdür. Cavabdeh1 ərazidə aparılan söküntü və təmizlik işlərinin onun tərəfindən aparıldığını etiraf etmiş, o cümlədən orada iddiaçıya aid əşyaların olduğunu təkzib etməyərək iddia edilən zərərin məbləği ilə razılaşmamışdır. İş üzrə təyin edilmiş ekspert rəyi ilə həmin ərazinin sökülməsi nəticəsində vurulmuş ziyanın 5502 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, iddiaçıya dəymiş zərərin məhz Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilir. Bu qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, Cavabdeh1 da əvvəlki məhkəmə iclaslarında əraziyə traktor gətirərək aparılan söküntü və təmizlik işlərini özünün apardığını etiraf etmiş və bu zaman orada iddiaçıya aid əşyaların olduğunu təkzib etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıya vurulmuş maddi zərərin məbləği kimi iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən olunmuş 5502 manat məbləği əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Digər tərəfdən cavabdehlər zərərin məbləğinin şişirdilmiş olmasını bildirsələr də, bunu təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bununla belə məhkəmə, digər Cavabdeh2 münasibətdə iddianı əsaslı hesab etmir. Belə ki, maddi zərərin onun tərəfindən vurulmasına dair iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçının mənəvi ziyana görə 30000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının uzun müddətdir ki, sahibliyində və istifadəsində olan torpaq sahəsində yerləşdirdiyi əşyalarının dağıdılması nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 200 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə ayrılmış torpaq sahəsinin başqa ərazidə olduğunu, onun istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşmədiyini bildirsə də, məhkəmə hesab etmişdir ki, həmin məsələnin müvafiq iddia tələbi üzrə araşdırma aparılaraq aydınlaşdırılması zərurəti yoxdur. Belə ki, hətta müvafiq torpaq sahəsinə dair Cavabdeh1 ilə icarə müqaviləsi bağlanmış olsa da, bu hüquq ona başqasına məxsus əşyaları qanunazidd qaydada dağıdaraq məhv etmək imkanı vermir. Məhkəmə sənədlərin saxtalaşdırılması ilə bağlı cavabdeh barəsində xüsusi qərardad çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, bələdiyyə tərəfindən göndərilmiş arayış və məktublardan görünür ki, cavabdehlə bağlanmış icarə müqaviləsinin müddəti uzadılmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 123 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərcləri də həmin nisbətdə tərəflərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya dəymiş maddi ziyana görə 5502 manat, mənəvi zərərə görə 200 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 123 manatın 77 manatı, cəmi 5779 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərə görə 5502 manat, mənəvi zərərə görə 200 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 123 manatın 77 manatı, cəmi 5779 (beş min yeddi yüz yetmiş doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-454/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-454/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver