Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4554/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün onun yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat, əlavə xərcin məbləğinin artırılaraq hər ay 50 manat olmaqla, cəmi 243 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(008)-4447 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat aliment və əlavə xərc olaraq 30 manat cəmi 123 manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-4790 saylı qətnaməsi əsasında Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-4447 saylı qətnaməsi ilə müəyyən edilmiş aliınentin məbləği artırılaraq 108 manat, əlavə xərcin məbləği artırılaraq 40 manat məbləğində müəyyən edilmişdir. Hazırda övladı xx.xx.2008-ci il təvəllüdlü X3 14 yaşı tamamdır. Aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqda nevroloji-psixi problem var və öz həmyaşıdlarından geri qalır. Övladının mütəmadi müalicəyə ehtiyacı var. Orta məktəbdə təhsil alır və məsrəfləri yetərincə artmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X2 qeyd edilmişdir; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4447/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması və xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 93 manat aliment və əlavə xərclərə görə 30 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4790/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4447/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 108 manat, əlavə xərcin məbləği 40 manat məbləğində müəyyən edilməsi qət edilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışın surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 “F701”- yüngül kəmağıllıq, qulluq və müalicə tələb edilən ciddi və “F900”- nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4790/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması hər ay 108 manat sabit pul məbləğində alimentin və 40 əlavə xərcin İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Hazırda iddiaçı alimentin və əlavə xərclərin məbləğinin artırılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin və əlavə xərclərin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq qeyd olunmalıdır ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən aliment müəyyənləşdirilərkən müvafiq dövrün həyat standartları və uşağın ehtiyaclarının səviyyəsi əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci ildə artırılaraq 193 manat müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi, valideynin qazancının az olması onu uşağı saxlamaq, onun minimum dolanacaq xərclərini təmin etmək vəzifəsindən azad etmir. Eyni zamanda Ailə Məcəlləsinin 81-ci maddəsinə müvafiq olaraq, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Hazırki iş üzrə yetkinlik yaşına çatmayan uşağın, onu saxlayan ananın vəziyyətini və uşağın xəstəliyini (yüngül kəmağıllıq, qulluq və müalicə tələb edilən ciddi və “F900”- nitq və davranış pozuntuları diaqnozu), müalicənin həyata keçirilməsi ilə bağlı qiymətlərin artdığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia məhkəmə qətnaməsi ilə təyin edilmiş əlavə xərcin məbləğinin 40 manatdan 50 manatadək artırılması hissəsində də təmin edilməlidir. Məhkəmə, iddianın artırılmış alimentin iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə aşağıda göstərilənlərə əsasən təmin edilə bilməz. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin artırılması barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin və əlavə xərclərin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4790/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment və hər ay 50 manat məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4790/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment və hər ay 50 manat məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin və əlavə xərcin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4554/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4554/2022
19.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver