Məhkəmə qərarları › İş №2(005)-4569/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4569/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4569/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "Yelo Bank” ASC-nin xeyrinə 04.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2013.2 manat əsas borc, 6.13 manat faiz borcu və 4.19 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2023.52 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 04 noyabr dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə nı xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 04.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2278.82 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Ramız qızı ilə 04.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-dək Cavabdeh1 banka 04.11.2019 cu il tarixli kredit müqaviləsi üzrə 2013.2 manat əsas borc, 6.13 manat faiz borcu və 4.19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2023.52 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Ötən məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, banka olan borcunun cüzi məbləğdə qaldığını bildirmişdir. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 04.11.2019-cu il tarixli 11-MZ-1-0-843-14 saylı kredit müqaviləsinə əsasən borcluya 2278,82 manat məbləğində 60 ay müddətinə, 1 % illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC-nin 04.11.2019-cu il tarixli 11-MZ-1-0-843-14 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh1 04.12.2019-04.11.2024-cü il tarixləri üçün ümumilikdə 2348,43 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.11.2019-cu il tarixli 11-MZ-1-0-843-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə öhdəlik daşıyır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank 04.11.2019-cu il tarixli 11-MZ-1-0-843-14 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılmalı, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 27.08.2021-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 04.11.2019-cu il tarixli 11-MZ-1-0-843-14 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 2013,2 manat əsas, 6,13 manat faiz borcu, 4,19 manat dəbbə pulu borcu, ümumilikdə 2023,52 manat məbləğində borcu var; İş materiallarında olan İddiaçı ASC-nin 15.11.2021-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 04.11.2019-cu il tarixli 11-MZ-1-0-843-14 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 1674,2 manat əsas, 9,88 manat faiz borcu, 5,15 manat dəbbə pulu, ümumilikdə 1689,23 manat məbləğində borcu var; Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh1 2278,82 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas, faiz, cərimə borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində qismən əsaslıdır, belə ki, məhkəmə İddiaçı ASC-nin 15.11.2021-ci il tarixli, maliyyə arayışını sübut kimi qəbul edərək, əsas borcu iddia ərizəsində tələb olunan məbləğdə - yəni 2013,2 manat deyil, maliyyə arayışında göstərilən yəni – 1674,2 manat məbləğində müəyyən olunmasını əsaslı hesab edir. Məhkəmə faiz və cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində 6,13 manat faiz borcu və 4,19 manat cərimə borcunun tutulmasını xahiş edir, lakin İddiaçı ASC-nin 15.11.2021-ci il tarixli, maliyyə arayışında Cavabdeh1 həmin kredit müqaviləsi üzrə 9,88 manat faiz borcu və 5,15 manat cərimə borcu olması qeyd olunmuşdur. Həmin hissədə iddia tələbini əsaslı hesab edir, belə ki, verilmiş iddia üzrə 9,88 manat faiz borcu və 5,15 manat cərimə borcunun tutulması iddia tələbindən kənara çıxma hesab olunduğundan, faiz və cərimə borcu 15.11.2021-ci il tarixli, maliyyə arayışında göstərilmiş məbləğdə tutula bilməz. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında müqavilənin müddəti bitmədiyindən "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli 11-MZ-1-0-843-14 saylı kredit müqaviləsi ləğv edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04.11.2019-cu il tarixli 11-MZ-1-0-843-14 saylı kredit müqaviləsi üzrə 1674,2 manat əsas borc, 6,13 manat faiz, 4,19 manat cərimə olmaqla, ümumilikdə cəmi 1684,52 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli 11-MZ-1-0-843-14 saylı kredit müqaviləsi ləğv edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1674,2 (bir min altı yüz yetmiş dörd manat iyirmi qəpik) manat əsas borc, 6,13 (altı manat on üç qəpik) manat faiz, 4,19 (dörd manat on doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 1684,52 (bir min altı yüz səksən dörd manat əlli iki qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar