Məhkəmə qərarları › İş №2(005)-4617/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4617/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4617/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 6791,17 manat məbləğində əsas borcun, 22,83 manat məbləğində faiz borcunun, cəmi 6814 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "Bank of Baku” ASC arasında bağlanmış 02.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1% olmaqla 6810,51 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh "ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün cavabdeh X2 bütün öhdəliklərini icra etməlidir. İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələrinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 01.07.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, B/X7, ev 150 ünvanında qeydiyyatdadır. İddiaçı ASC-nin 31.08.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 02.11.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 6791,17 manat əsas, 22,83 manat faiz və 0 manat məbləğində cərimə borcu vardır. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.11.2019-cu il tarixli № BF/13934/72 nömrəli güzəştli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən 2.1.1-ci bəndindən görünür ki, 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə (bundan sonra “kredit müddəti”) olmaqla, bu müqavilənin 2.1.2-ci bəndinə əsasən illik 1% dərəcəsi (faiz(lər) ilə olmaqla müqavilənin 2.1.3-cü bəndinə əsasən 6810,51 manat məbləğində kredit (bundan sonra “kredit” və ya “kredit məbləği”) verir. Bu müqavilənin 2.2-ci bəndinə əsasən “kredit alan” bu müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən nağd və ya köçürmə yolu ilə “banka” ödəməyi öhdəsinə götürür. Güzəşt müddəti ərzində “kredit alan” dan yalnız kreditə görə hesablanmış fazilərin ödənilməsi tələb edilir. “Kredit alan” həmin dövürdə öz mülahizəsinə görə həm də əsas kredit məbləğini ödəyə bilər. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.11.2019-cu il tarixli № Z- BF/13934/72 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün cavabdeh X2 bütün öhdəliklərini icra etməlidir. İddiaçı ASC-nin Cavabdeh1 ünvanlanmış 02.08.2021-ci il tarixli kredit müqaviləsinin ləğvetməyə dair bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə aralarında bağlanmış 02.11.2019-cu il tarixli müqaviləyə əsasən 60 ay müddətinə, illik 1% olmaqla 6810,51 manat məbləğində kredit götürmüşdür. Borcun ödənilməsi gecikdirilir. İddiaçı ASC-yə 6791,17 manat əsas, 16,79 manat faiz və 0 manat məbləğində cərimə borcu təşkil edir. Ödəniş gününə olan borcu 3 gün ərzində ödənilməsi xahiş olunmuş, əks halda müvafiq borc məbləğinin tələbilə bağlı məhkəməyə müraciət olunacaq və “Bank”ın tələbləri, habelə məhkəmə xərcləri və icra hərəkətlərinə çəkilən xərclər ondan tutulması barədə xəbərdar olunmuşdur. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, İddiaçı ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X5, ev 42-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslərəlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.11.2019-cu il tarixli BF/13934/72 saylı güzəştli kredit müqaviləsinə əsasən isə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 6810,51 manat kredit verilmişdir. Lakin Cavabdeh1 öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmişlər, İddiaçı ASC-nə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə də, Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASCnin xeyrinə BF/13934/72 saylı kredit müqaviləsinə əsasən 6791,17 manat əsas, 22,83 manat faiz, cəmi 6814 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış BF/13934/72 saylı, 02.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 02.11.2019-cu il tarixli, BF/13934/72 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6791,17 manat, faiz borcuna görə 22,83 manat olmaqla, cəmi 6814 (altı min səkkiz yüz on dörd manat 40 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar