Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4628/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidentinə qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidentinə qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 200000 manat ziyanın onlardan tutularaq kompensasiya şəklində ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə sistemindən görünür ki: Nərimanov Rayon Məhkəməsinin 2(005)-3402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3972/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası mübahisə üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmçinin qərardadda qeyd edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-673/2021 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş 60000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmiş, lakin sözügedən qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4920/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3834/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş 98.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmiş, lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5077/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3834/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bununla belə hazırki iddia tələbindən görünür olur ki, iddiaçı yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda baxılan iş üzrə iddia tələbinin ifadəsi hər nə qədər dividend və maddi ziyanın ödənilməsi kimi göstərilsə də, iddianın yönəldiyi şəxs və konkret tələb, həmçinin onun yaranma əsası yuxarıda adları çəkilən və qanuni qüvvəsini almış məhkəmə aktları ilə eynilik təşkil edir və buna görə də həmin tələbə qeyd olunan məhkəmə qərarları ilə artıq qiymət verilmiş, iddia tələbləri əsassız olduğundan rədd edilmişdir. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Belə ki, iddia ərizəsi ilkin olaraq məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası iş üzrə cavabdeh qismində qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə əlavədən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etmiş və bundan sonrakı bütün tələblərini də məhz qeyd edilən formada və həmin şəxslər dairəsinin prosessual statuslarına uyğun olaraq müdafiə etmişdir. Beləliklə, məhkəmə qeyd edilən prosessual pozuntularla yanaşı iddia tələbinin mahiyyəti ilə bağlı işə baxılmasının mümkünlüyünə dair göstərilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, “dividentin və maddi ziyanın ödənilməsi” tələbi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü madəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, hesab edirəm ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidentinə qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidentinə qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçının iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4628/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4628/2024
07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver