Məhkəmə qərarları › İş №2(005)-4660/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4660/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4660/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xüsusi X1 tərəfindən verilmiş 20.08.2021-ci il tarixli, 5553 nömrəli İcra Qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh Xüsusi X1 tərəfindən verilmiş 20.08.2021-ci il tarixli İcra Qeydinə əsasən 02.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə ondan tələbkar X2 xeyrinə 55020 manat ödənilməlidir. İcra qeydinin verilməsinə əsas olacaq halın, yəni müvafiq bildiriş ona çatdırılmamış, icra qeydinin verilməsi barəsində İcra və Probasiya Şöbəsi vasitəsi ilə məlumat almışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tələb olunan 55020 manat deyil, tərəfindən qeyd edilən borc məbləği tamamilə bağlanmış, tələbkara hər hansı borcu qalmamışdır. Kredit müqaviləsinin bağlanması tarixindən təxminən 1 ay sonra tərəfindən tələbkara 15000 manat qaytarılmışdır. Həmçinin tələbkarın özünün icra məmuruna verdiyi izahatda və bununla bağlı icra məmuru tərəfindən ona ünvanlanmış məktubda göstərilmişdir ki, tərəfindən tələbkara 42000 manat borc məbləğindən ödənilmişdir. 15000 manat hələ müqavilə bağlanan tarixdən 1 ay müddətində, müqavilənin qüvvədə olduğu müddətdə əlavə olaraq 42000 manat borc məbləğinin ödənilməsi onu deməyə əsas verir ki, onun tələbkara ümumiyyətlə borcu qalmamış, hələ 2000 manat artıq ödəniş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda iddianı müdafiə etdilər və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 02.06.2018-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, Borc verən X4 borc alan İddiaçı 31.12.2019-cu il tarixədək qaytarmaq şərti ilə 55000 manat məbləğində borc vermişdir. Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin İddiaçı 23.08.2021-ci il tarixdə ünvanlamış tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, ünvan 2t Kontorunun 5553 nömrəli, 20.08.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. 23.08.2021-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu İddiaçı oğlundan 55020 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin İddiaçı 10.09.2021-ci il tarixdə ünvanlamış məktubdan görünür ki, tələbkar 55000 manat məbləğində olan borcdan 42000 manat ödənildiyini, bu günə olan borc məbləğinin 13000 manat qaldığını bildirmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. 20.08.2021-ci il tarixli, 8İ-5553 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, X2 xeyrinə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı 02.06.2018-ci il tarixdə Bakı şəhəri Cavabdehnə 3M-680 reyestr nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş müddət üçün vaxtında ödənilməmiş 55000 manat tutulsun. Hımçinin tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 55020 İddiaçı X2 xeyrinə tutulması qeyd edilmişdir. Bakı şəhəri Cavabdehnə ünvanlanmış AZ1096/********** nömrəli teleqramdan görünür ki, sifarişli məktub 13.07.2021-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Bakı şəhəri 38 saylı Xüsusi Notariat Ofisi tərəfindən 06.07.2021-ci il tarixdə ünvan 4 ünvanına İddiaçı ünvanlanmış məktubdan görünür ki, 30 gün ərzində borc müqaviləsi üzrə öhdəliklər icra olunmadığı təqdirdə tərəflərindən icra qeydi tərtib olunaraq müvafiq yaşayış üzrə kredit müqaviləsi məcburi icra edilməsi üçün icra şöbəsinə göndərilməsi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə X4 arasında 02.06.2018-ci il tarixdə borc müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən “borc verən” “borc alana” 55000 manat məbləğində borc vermiş və iddiaçı həmin məbləği 31.12.2019cu il tarixədək “borc verənə” borcu qaytarmağı öhdəsinə götürmüşdür. İddiçı tərəfindən 55000 manat borcdan 42000 manat ödəmiş və nəticədə 13000 manat borcu qalmışdır. İddiaçı borcu tam ödəməsini qeyd etsə də, lakin tərəfindən cavabdehə həmin borcun tam qaytarması barədə və aralarında bağlanmış kredit müqavilələrinin etibarsızlığı ilə bağlı hər hansı bir tutarlı səbəb gətirə bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə araşdırılmış işin hallarına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş icra qeydindən və İcra qeydinin aparılacağı barədə Cavabdeh tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, iddiaçıya bildiriş qanunla müəyyən edilmiş qaydada göndərilmiş və o, həmin bildirişi qəbul etmişdir. Odur ki, icra qeydinin tərtib edilməsi və icra olunması qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Bundan başqa iddiaçının tələbinin sübutetmə yükü ilə bağlılığı da işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu üçün bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü icra qeydinin ləğv edilməsinə dair iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar