Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4678/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X1 Company” MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Company” MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1 Company” MMC-dən 11466,14 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 19 dekabr 2019-cu il tarixində HX 007/1219 saylı xidməti müqaviləyə əsasən mini yükləyici texnika “X1 Company MMC tərəfindən Qazax rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı aylıq 2365,60 AZN məbləğində xidmət haqqı ödənilməklə icarəyə götürülmüşdür. Beləliklə mini yükləyici texnika 2019-cu ilin dekabr ayında 11 gün, 2020-ci ilin yanvar ayında 28 gün,fevral ayında 26 gün,mart ayında 15 gün, xidmət göstərdikdən sonra hər ay ödəniş edəcəklərinə söz verilsə də, heç bir ödəniş etməmişlər.Tovuz rayonu, Dondar Quşçu kəndində yaşayan, X4 (sürücü) verilməli olan əmək haqqının, vergi dsmf ödənişlərinin, həmçinin texnikanın zəruri təmir xərclərinin ödənilməsində maddi çətinlik yaranmış mini yükləyici texnikanın istifadəsi dayandırılmışdır. “X1 Company MMC tərəfindən yaranmış 6759,20 azn borcdan ilk dəfə 2020-ci ilin aprel ayında 2019-cu ilin dekabr ayı üzrə 11 gün və 2020-ci ilin yanvar ayı üzrə 28 gün aylıq xidmət haqqı 3295,11 azn ödənilmişdir. Bundan sonra 2020-ci il aprel ayı üzrə 1 gün,may ayı üzrə 25 gün, iyun ayı üzrə 27 gün və iyul ayı üzrə 16 gün olmaqla, mini yükləyici texnika xidmətlər göstərmişdir. Beləliklə,2020-ci ilin fevral ayından iyul ayı da daxil olmaqla, yenidən borc yaranmışdır. Təkrar ödəniş edilmədiyindən yaranmış maddi çətinliklər səbəbindən mini yükləyici texnikanın istifadəsi dayandırılmışdır. Beləliklə,avqust ayının sonunda yaranmış borcdan 5745,32 manat məbləğində pul ödənilmişdir. Qalan borcu özünü həmin şirkətin department direktoru kimi tanıdan X5 tərəfindən sentyabr ayının 15-nə kimi tam şəkildə ödəyəcəyinə söz vermişdir. Eləcə də, əlavə mini yükləyici texnika da cəlb etməyi iddiaçıdan xahiş etmişdir. Yeni texnika “X1 Company MMC-yə aylıq xidmət haqqısı 2795,70 azn olmaqla icarəyə verilmişdir. Bununla bağlı 01 sentyabr 2020-ci il tarixində 19 dekabr 2019-cu il tarixli HX 007/1219 saylı xidməti müqaviləyə 1 saylı əlavə edilmişdir. Yeni icrarəyə verilmiş texnika 2020-ci ilin sentyabr ayı üzrə 11 gün, oktyabr ayı üzrə 23 gün, noyabr ayı üzrə 8 gün, digər mini yükləyici texnika 2020-ci ilin avqust ayı üzrə 3 gün, sentyabr ayı üzrə 28 gün, oktyabr ayı üzrə 11 gün, noyabr ayı üzrə 2 gün xidmət göstərmişdir. Texnikalarda yaranan təmir xərcləri, X2(sürücü) və X3(sürücü) əmək haqlarının verilməsində yaranan xərclər, eləcə də vergi, dsmf borclarını ödəyə bilməmələri, onlar tərəfindən texnikaları istifadəsini dayandırmaq zərurəti yaranmışdır. Halhazırda əvvəlki aylardan qalan borclar da daxil olmaqla, 11466,14 manat borc yaranmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh “X1 Company” MMC-nə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan tərəflər arasında bağlanmış 19.12.2019-cu il tarixli, HX 007/1219 nömrəli Xidmət müqaviləsindən müəyyən olunur ki, tərəflər müqavilə azadlığına uyğun olaraq öz iradə ifadələrini həmin müqavilə üzrə bəyan etmiş və göstəriləcək xidmətin şərtlərini müəyyən etmişlər. Belə ki, qeyd edilən Müqavilənin 1.1 -ci bəndində əsasən, İcraçı istifadəsində olan texnikaları Şifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi və Sifarişçi isə göstərdiyi xidmət müqabilində xidmət haqqını İcraçıya ödəməyi öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən, hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında “Xidmətlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən, “Xidmətlərin təhvil-təslim aktı” imzalanıb, möhürləndikdən sonra 7 (yeddi) iş günü ərzində İcraçı Sifarişçiyə əvvəlki ay üçün hesabfaktura tərtib edir. Sifarişçi həmin sənədi qəbul etdikdən sonra İcraçıya ödəniş edir.2.1-ci bəndinə əsasən müqavilə üzrə texnika ilə aylıq xidmət haqqı vergilər daxil 2000 manat təşkil edir. İş materiallarında olan tərəflər arasında bağlanmış 19.12.2019-cu il tarixli, HX 007/1219 nömrəli Xidmət müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, tərəflər əlavə mini yükləyici texnika cəlb edilməsi barədə müqavilə bağlamış və göstəriləcək xidmətin şərtlərini müəyyən etmişlər. İş materiallarında olan 04.12.2020-ci il tarixli görülmüş işlərin təhvil-təslimi barədə akta əsasən 968,98 manat, 05.11.2020-ci il tarixli akta əsasən 3229,39 manat, 05.10.2020-ci il tarixli akta əsasən 3465,72 manat, 04.09.2020-ci il tarixli akta əsasən 253,47 manat, 05.08.2020-ci il tarixli müqaviləyə əsasən 1351,84 manat, 06.07.2020-ci il tarixli akta əsasən 2281,23 manat, 05.06.2020-ci il tarixli akta əsasən 2112,25 manat, 05.05.2020-ci il tarixli müqaviləyə əsasən 84,49 manat, 06.04.2020-ci il tarixli müqaviləyə əsasən 1267.35 manat, 05.03.2020-ci il tarixli müqaviləyə əsasən 2196,74 manat, 05.02.2020-ci il tarixli akta əsasən 2365,72 manat, 07.01.2020-ci il tarixli akta əsasən 929.39 manat dəyərində iddiaçı tərəfindən xidmətlər görülmüşdür. İş materiallarında olan 10.08.2020-ci il, 01.03.2021-ci il və 13.09.2021-ci il tarixli ərizələrdən müəyyən olunur ki, İddiaçı “X1 Company” MMC-nə xidmət müqaviləsi üzrə yaranmış xidmət haqqı üzrə qalıq məbləğin ödənilməsi barədə müraciətlər etmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 19.12.2019cu il tarixli, HX 007/1219 nömrəli Xidmət müqaviləsi (bundan sonra “Müqavilə” adlanacaq) bağlanmışdır. Tərəflər müqavilə azadlığına uyğun olaraq öz iradə ifadələrini həmin müqavilə üzrə bəyan etmiş və göstəriləcək xidmətin şərtlərini müəyyən etmişlər. İddiaçı işlədiyi dövrdə üçün xidmət haqqının tam verilmədiyini iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 446.1-ci maddəsinə əsasən Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 446.2-ci maddəsinə əsasən Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. Həmin Məcəllənin 446.4-cü maddəsinə əsasən Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Həmin Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 782-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Vəkalət alanın ödəmə qabiliyyətinin olmadığı halda vəkalət verən saxlama hüququnu vəkalət alan üçün saxlamaqla, ondan öz adından, lakin vəkalət verənin hesabına əldə etdiyi daşınar əşyaları verməyi tələb edə bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya cavabdeh tərəfindən xidmət haqqının tam ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia təmin edilməli, cavabdeh “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən 11466,14 manat ödənilməmiş xidmət haqqı alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 19.12.2019-cu il tarixli, HX 007/1219 nömrəli Xidmət müqaviləsi üzrə əmək haqqları üzrə ümumilikdə 11466,14 (on bir min dörd yüz altmış altı manat on dörd qəpik) manat məbləğində pul və 30 manat dövlət rüsumu cavabdeh “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. Cavabdeh “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyət qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4678/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4678/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver