Məhkəmə qərarları › İş №2(005)-4715/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4715/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4715/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə videokonfrans əlaqə vasitəsilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyul 2019-cu il tarixli, FR ********* nömrəli güzəştli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC ilə onun adından verilmiş etibarnamə əsasında X7 tərəfindən 29 iyul 2019-cu il tarixində FR ********* nömrəli güəzştli kredit müqaviləsi imzalamışdır. Lakin 05.07.2019-cu il tarixli etibarnamədə yeni kredit müqaviləsinin bağlanılması və ya götürülmüş kreditlərin birləşdirilməsi səlahiyyəti verilməmişdir. Sözügedən etibarnamədə yalnız adına rəsmiləşdirilmiş kreditlərin restrukturizasiyasına icazə verilmişdir. Ayrıca, etibarnamə ilə kredit verilməməsi və məhkumlara kredit verilməməsi işgüzar adət qaydasıdır. Beləliklə, işgüzar adət qaydasına yəni hüquqa uyğun olmayan kredit müqaviləsi hüquqza ziddir. Yəni etibarsızdır. Eyni zamanda müqavilənin bağlanılmasında 2 ildən artıq müddət keçməsinə baxmayaraq bank tərəfindən ona bununla bağlı məlumat verilməmişdir. Videokonfrans əlaqə vasitəsilə məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X5 iddia tələbinin əsassız olduğunu, qeyd edilən etibarnamədə birbaşa olaraq iddiaçının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar lazımi bütün hərəkətləri yerinə yetirməyi, xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə əlaqədar manatla artmış hissəsini, eləcə də müvafiq kompensasiyanı və s. ilə əlaqədar bütün səlahiyyətləri həyata keçirməyi etibar etməsi qeyd olunduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını, çıxışını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli FR/51065/70 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC İddiaçı 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 4593.03 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh ASC İddiaçı nümayəndəsi X6 29 iyul 2019-cu il tarixli FR/51065/70 saylı güzəştli kredit müqaviləsi üzrə 4593.03 manat məbləğində borcu 1 il güzəşt olunmaqla hər ay 97.65 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 1295 saylı, 13.09.2021-ci il tarixli məktubdan görünür ki, 06.09.2021-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev tərəfindən çox mütərəqqi bir addım atılaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019- cu il tarixli Fərman imzalanmışdır. Həmin Fərman və onun icrası məqsədilə hazırlanmış "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"na əsasən, fiziki şəxslərə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası məqsədilə güzəştli (illik faiz dərəcəsi 1 faiz olmaqla, 5 il (1 il güzəşt müddəti ilə) müddətinə) kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Cəza çəkdiyiniz müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilmiş etibarnamə əsasmda nümayəndəniz tərəfindən imzalanmış 29 iyul 2019-cu il tarixli, FR/51065/70 nömrəli "Güzəştli kredit müqaviləsi" əsasmda kreditinizin restukturizasiyası aparılaraq, Fərmanın tələblərinə tam uyğun şəkildə barənizdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası geri çağrılaraq, faiz və dəbbə pulu silinməklə, Sizə restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 (bir) % dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla, 5 (beş) il müddətinə 4593,03 manat məbləğində kredit ayrılmışdır. Tərəfinizdən Banka edilmiş müraciətdən də açıq-aydın məlum olmuşdur ki, Tər manla müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumatlı olmuşsunuz, ümumiyyətlə, Tər mana əsasən, restrükturizasiya prosesində müştərinin ödəmə qabiliyyəfinin yoxlanılması nəzərdə tutulmamışdır və restrükturizasiya nəticəsinə Bank qarşısında olan kredit öhdəliyiniz xeyli dərəcədə yüngülləşmişdir. Lakin, buna baxmayaraq, restrükturizasiya olunan kredit üzrə də öhdəlikləriniz yerinə yetirilməmiş və Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 4665 manat 27 qəpik kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun Sizdən tutularaq Banka ödənilməsi barədə 13.09.2020-ci il tarixli, 8İ-4473 nömrəli icra qeydi çıxarılmışdır. Müraciətinizlə bağlı müvafiq sənədlər daha əvvəl Sizə təqdim edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli FR/51065/70 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC İddiaçı 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 4593.03 manat məbləğində kredit vermişdir. Cavabdeh ASC İddiaçı nümayəndəsi X6 29 iyul 2019-cu il tarixli FR/51065/70 saylı güzəştli kredit müqaviləsi üzrə 4593.03 manat məbləğində borcu 1 il güzəşt olunmaqla hər ay 97.65 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Salyan Rayon Məhkəməsinin 2(057)-1603/2021 saylı, 15.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Salyan rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş İddiaçı Cavabdeh ASC-nin xeyrinə 4645,27 manat pulun tutulması barədə 13 sentyabr 2020-ci il tarixli reyestr 8İ-4473 nömrə ilə qeydə alınmış icra qeydinin etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, 05.07.2019-cu il tarixli etibarnamədə yeni kredit müqaviləsinin bağlanılması və ya götürülmüş kreditlərin birləşdirilməsi səlahiyyəti verilməmişdir. Sözügedən etibarnamədə yalnız adına rəsmiləşdirilmiş kreditlərin restrukturizasiyasına icazə verilmişdir. Cavabdeh bank 60 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 4593.03 manat məbləğində kredit vermişdir. İddiaçı bununla bağlı razılığı olmadığını bildirərək müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək, Fərmana əsasən restrukturizasiya prosesində müştərinin ödəmə qabiliyyətinin yoxlanılmasının nəzərdə tutulmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə görə, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 350-ci maddəsinə görə, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqaviləsi üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisələndirilən müqavilə üzrə iddiaçıya ayrılmış 4593,03 manat pul vəsaiti Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası əsasında həyata keçirilmişdir. Digər tərəfdən Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı izahatında banka olan borcunu mübahisələndirməmişdir. İddiaçının “Müştərini tanı” prinsipinə dair iddia tələbinin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki işin hallarından açıq-aşkardır ki, iddiaçıya mübahisəli müqavilə üzrə ayrılmış kredit onun əvvəlki mövcud borclarının restrukturizasiyasından sonra cavabdeh banka qalıq qalmış borc məbləğidir, yəni həmin müqavilə ilə iddiaçıya hər hansı yeni kredit ayrılmamışdır. Belə ki, güzəştli kredit müqaviləsinin bağlanmasının əsas məğzi 28 fevral 2019-cu il tarixli Fərmanı ilə nəzərdə tutulmuş hallardan ibarət olmuşdur. İddiaçının etibarnamə ilə kredit müqaviləsinin bağlanmasına icazə verilməməsinə dair istinad etdiyi iddia tələbinin dəlilinə münasibətdə isə, mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, məhkəmə bildirir ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Göründüyü kimi, güzəştli kredit müqaviləsinin bağlanması üçün 05.07.2019-cu il tarixli etibarnamədə müvafiq səlahiyyətlər əksini tapmışdır. Beləliklə məhkəmə qeyd edir ki, kredit müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. İddiaçı Cavabdeh ASC-nin müqaviləni bağlayarkən pozuntulara yol verməsini, bu səbəbdən də müqavilənin etibarsız hesab edilməsini xahiş edərkən, haqlı olmamışdır. Məhkəmənin qənaətinə görə, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar