Məhkəmə qərarları › İş №2(005)-4729/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4729/2025

14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4729/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh MMC-yə qarşı “təbiətə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 108500 manat məbləğində pulun cavabdeh "xxxx" MMC tərəfindən 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş üzrə iddia tələbi yer təkindən düzgün istifadə edilməmə (çınqıl-qum qarışığının qanunsuz götürülməsi) nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun Vİİ fəsli Qanunun pozulmasına görə məsuliyyət, mübahisələrin həll edilməsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı ümumi müddəaları özündə əks etdirir. Bununla yanaşı, X2 X1 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı hərracların (auksion və ya müsabiqənin) keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra - müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, o cümlədən yerin təkindən istifadə sahəsində tənzimlənməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aiddir Həmçinin, Nizamnamənin 3.1.25-ci bəndinə əsasən yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, Agentliyin vəzifələrinə aiddir. Nizamnamənin 3.2.10-cu bəndinə əsasən isə yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək Agentliyin hüquqlarına aid edilmişdir. Qanunvericiliyin istinad edilən tələblərindən məlum olur ki, yer təkindən qanunauyğun şəkildə istifadə sahəsində nəzarətin həyata keçirilməsi və yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üzrə yaranan hüquq münasibətləri, həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (Agentliyin) digər tərəf (yer təkinin istifadəçiləri) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan münasibətləridir. Başqa sözlə, yer təkindən istifadəyə nəzarət və dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı yararan hüquq münasibətlərində Agentlik “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinə, həmçinin öz Nizamnaməsinin 3.1.25 və 3.2.10-cu bəndlərinə uyğun olaraq, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edir Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə görə, inzibati orqanlar pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyətinin həvalə olunması deyilənləri bir daha təsdiq edir. İnzibati akt isə inzibati orqan tərəfindən aparılan inzibati icraatın nəticəsində qəbul edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “Yerin təki haqqında” Qanunun 47 və 48-ci maddələrinin yuxarıda qeyd edilən müddəaların tələbləri ilə birgə təhlili nəticəsində isə qeyd edilməlidir ki, yerin təkindən istifadə ilə əlaqədar mübahisələrin məhkəmə qaydasında həllinin mümükünlüyünün, o cümlədən vurulmuş ziyanın miqdarının və ödənilməsi qaydasının məhkəmə tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutan normalar dəymiş ziyanla bağlı müvafiq inzibati orqan tərəfindən aparılan inzibati icraat nəticəsində inzibati aktın qəbulunu istisna etmir. Belə ki, həmin normalar qəbul edilmiş inzibati aktın nəticəsi ilə razılaşmayan şəxslərin həmin aktı və həmin aktdan inzibati qaydada verilmiş şikayətin nəticəsində qəbul edilmiş aktın məhkəmə qaydasında mübahisələndirməsini və məhz bu halda məhkəmənin vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirmək imkanını nəzərdə tutur. Beləliklə, “Yerin təki haqqında” Qanunun müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmin inzibati akt isə “Yerin təki haqqında” Qanunun 47-ci maddəsinə əsasən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilə bilər. İnzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliklərinə qiymət verilməsi isə mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid deyil. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh MMC-yə qarşı “təbiətə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya məhkəmə aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar